Dini maarifçiliyin tanınmış siması-Kərbəlayi Molla Həmid
Din xadimi, pedaqoq
Kərbəlayi Molla Həmid Hüseyn oğlu XIX əsrin 50-ci illərinin sonunda keçmiş Lənkəran qəzasının Purnəim nahiyəsinin (indiki Lerik rayonunun) Şivlə kəndində doğulmuşdur.
Şivlə Lerikin qədim kəndlərindən sayılır. Ərəb mənbələrində Şiblə-övliya kimi qeyd olunmuşdur, mənası müqəddəs şəxs deməkdir. Adından da məlum olduğu kimi, bu kənddə XIV əsrə aid tarixi abidə vardır. Kəndin mikro ərazisində qədim yaşayayış yerlərinin zənginliyi uzaq keçmişdən bu günə gələn yolun başlanğıcıdır.
Şivlə kəndi zəngin tarixi, maddi-mədəni abidələri ilə yanaşı, həm də ziyalı şəxsləri ilə də seçilmişdir. Belə ki, Lerik rayonunun kəndləri arasında dini maarifçiliyin ən çox inkişaf etmiş kəndlərindən biri də Şivlə kəndi olmuşdur. Bəzi tarixi mənbələr kənddə məskunlaşan sakinlərin şəcərəsinin Səfəvilərə bağlandığını qeyd edirlər. Dinə bağlılıq, dini ayinlərin geniş şəkildə qeyd olunması və s. kimi məsələlərin bununla bağlı olduğunu nəzərə almaq olar.
Dövrünün tanınmış din xadimlərindən sayılan və eyni zamanda Şivlə kəndində ilk dini məktəbin əsasını qoyan Molla Həmid təkcə Şivlə kəndində deyil, bölgədə də böyük nüfuz sahibi olmuşdur.
Molla Həmidin babası Lənkəran xanının Purnəim mahalındakı elçisi olmuşdur. Oğlu Hüseyn atasının səyi və qayğıları nəticəsində öz dövründə müəyyən biliklərə yiyələnmiş, elmi-ürfanı öyrənən şəxsiyyətlərdən olmuşdur.
Molla Həmid dini təlimi atasından almış, "Qurani-Kərimi” mükəmməl öyrənmişdir. O, "Quran”la yanaşı "Cameyi-Abbas”, "Nisab”, "Təcvid”, "Təfsir” və digər kitabları da dərindən öyrənmiş, dövrünün elmli-bilikli şəxsiyyəti kimi yetişmişdir.
Xaraktercə sadə, səmimi, əxlaqca saf, kamil, üzü nurla dolu olan Molla Həmid el ağsaqqalı kimi hər vaxt camaat arasında olmuş, insanlar hər zaman ondan mənəvi qida almışlar. O, yaşadığı dövrün din xadımləri ilə yaxından əlaqə saxlamış, onlarla elmi mübahisələr etmiş, öyrənmiş və öyrətmişdir. Ən çox əlaqə saxladığı din alimlərindən biri də Lənkəran qazisinin hökm və tapşırıqlarını Purnəim nahiyəsində icra edən Axund Fəttah olmuşdur.
Müqəddəs Kərbəla ziyarətində olan Molla Həmid şəxsi evində ilk dini məktəb yaradaraq yaşadığı kənddən və ətraf kəndlərdən yanına gələn insanlara yazıb-oxumağı öyrətmiş, onlardan bəzilərinin din xadimləri kimi yetişməsində xidmətlər göstərmişdir. Belə işıqlı əməlləri indinin özündə də onu yaşadır, xatirəsinə işıqlar saçır.
Dövründə yaxşı əxlaq və irfan sahıbləri kimi tanınan din xadimlərindən Mirzə Mahmud, Molla Hidayət, Molla Polad, Molla Feyruz, Molla Penci, Molla Nüsrət və başqaları Kərbəlayi Molla Həmidin tələbələrindən olmuşlar.
XIX əsrdə təşəkkül tapan dini maarifçiliyin tanınmış simalarından olan Kərbəlayi Molla Həmid təqribən XX əsrin 30-cu illərinin sonlarında vəfat etmişdir.
Xalid Mahmud
Şair, tədqiqatçı