Dünya futbolunun əfsanəsi – P E L E

Dünya futbolunun əfsanəsi – P E L E

Əfsanəvi futbolçu Pele 1940-cı ildə Brazilyanın Minas-Jerays ştatının Tpes-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Əsil adı Edson Arantis du Nasimentu olan  Pelenin yeniyetmə dövründə ən sevimli məşğuliyyəti futbol idi. Keçmişdə futbolçu olmuş atası Dondino onun ilk futbol müəllimi olur və ona futbolun sirrlərini öyrədir. Yeddi yaşında olarkən Pele yerli uşaq komandasında oynamağa başlayır.  Tezliklə o, öz bacarığı ilə məşqiçisi Valdemar de Britonun diqqətini çəkir. Braziliya yığmasının sabiq oyunçusu olan Valdemar Pelenin gələcək idman taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Məşqiçinin köməyi ilə Pele 15 yaşında ikən dünyanın məşhur futbol klublarından olan San-Paulo şəhərinin “Santos” klubunun heyətinə daxil edilir. 1956-cı ildə hələ16 yaşı tamam olmamış o ilk rəsmi oyunda iştirak edərək qol vurur. Pele  “Santos”un heyətində çıxış etdiyi illər /1956-1974/ ərzində onun komandası 11 dəfə çempion adına, 6 dəfə Braziliya,  2 dəfə isə Kontingentlərarası kuboka layiq görülür. Onun özü  isə 11 dəfə  Braziliya çempionatının ən məhsuldar hücumçusu olub.
1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında debüt edən Pele SSRİ ilə oyunda əsas heyətdə meydana çıxır. Uelslə dördəbir oyunda o, həlledici qol vurur. Yarımfinalda komandasının Fransa ilə görüşündə xet-trik edir. Finalda isə Pele turnir sahiblərinin qapısına iki top vurur və o, komandasının tərkibində dünya çempionatları tarixində ən gənc çempion adını qazanır.


1962-ci  və 1966-cı il dünya çempionatlarında  Pele aldığı zədələr ucbatından meydanda özünü o qədər də göstərə bilmir. 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında Braziliya komandası birinci yeri tutur və Jül Rime mükafatına layiq görülür. Braziliyalılar bu mükafatı üçüncü dəfə aldıqlarına görə onu  həmişəlik özlərində saxlamaq hüququ qazanırlar.  Bu uğuların qazanılmasında Pelenin böyük xidmətləri olur.
Pele dünya çempionatlarının final  turnirlərində Braziliya komandasının yüzüncü qolunu vurub. O bu türnirlərdə 14 matçda meydana çıxıb və 12 qol vurub.  Ümumiyyətlə, Pele  yığmanın tərkibidə  92 dəfə  oynayıb və rəqiblərini qapısına 77 qol vurub. Hələ ki, onun uğurlarını təkrarlayan olmayıb. Bütün bu uğurlara baxmayaraq o, bir dəfə də olsun kapitan sarğısı bağlayaraq komandasını meydana çıxarmayıb.
 “Santos”da və Braziliya millisində çıxışlarını başa vuran Pele, 1975-ci ildə ABŞ-ın “Kosmos” komandası ilə futbol aləmində sensasiyaya səbəb olan  müqavilə imzalayır.  Bu müqaviləyə imza atmaqla Pele dünyanın ən çox qanorar olan idmançısına çevrilir.
1 oktyabr 1977-ci ildə Pele yaşıl meydanda  son vida matçına çıxır və o, “Kosmos”  və  “Santos”  komandalarının hər birinin heyətində bir taym oynamaqla futbol karyerası ilə vidalaşır.
Futbol karyerası ərzində Pele 1363 dəfə rəsmi oyuna çıxıb və 1281 qol vurub. 1959-cu il onun ən məhsuldar ili olub – 126 qol !   Futbol kralı 1964-cü ildə “Botafoqo”  komandası ilə görüşdə 8 qol vuraraq özünəməxsus rekord qazanmış,  6 oyunda rəqib qapısından 5,  30 oyunda isə 4 qol keçirmişdir.  O, 92 oyunda isə  xet-trik etmişdir. Pele öz mininci yubiley qolunu 1969-cu ilin 19 noyabrında “Santos”un heyətində “Vasko da Qama”ya qarşı oynayanda vurmuşdur. Elə bu səbəbdən də hər ilin 19 noyabr tarixi “Pele günü” kimi qeyd olunur.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az