“3 Oktyabr Dünya Türklərinin Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib
Rəşid Behbudov adına Mahnı Teatrında “Türk Dünyası Birliyi Günü”nə həsr olunmuş vətənpərvərlik konsert proqramı baş tutub. Tədbir “Türk Hərəkatı” İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu cür konsertlərin keçirilməsində məqsəd Türk dünyasının bəşəriyyətə tanınmasında rol oynamaqdır: “Türk dünyası həmişə ədalətin rəmzi kimi qəbul olunub və biz də hesab edirik ki, bu kimi tədbirlər Türk Dünyası haqqındakı bilgiləri daha da artıracaq”.
“Türk Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələkbərsoy çıxışında 3 oktyabrın mahiyyətindən danışaraq vurğulayıb ki, “bu gün bayram kimi qeyd etdiyimiz həmin tarixdə Türk xalqlarının birləşməsi və həmrəyliyi istiqamətində Türk dövlətləri Naxçıvan Zirvəsində çox mühüm qərarlar alınmışdı. Bu iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edirdi. Alınmış mühüm qərarlardan biri də Turan şəhərciyinin yaradılmasıdır ki, hazırda salınan bu şəhərcik Türk dünyasının mənəvi mərkəzi olacaq. Yəni Avropa üçün Vatikan nəyi ifadə edirsə Türk dünyası üçün də Turan şəhəri elə bir mərkəz olacaq.
O əməkdaşlığın nəticəsidir ki, bu gün artıq Türk Birliyinin vahid bayrağı var. Başımızın üstündən asılmış bu bayraq Avropa Birliyinin bayrağı kimi simvolik xarekter daşımır, bu bayraq Türkün mənəviyyatını və ruhunu özündə əks etdirdiyindən Türk milləti üçün müqəddəslik simvoludur!”
Həbib Ələkbərsoy sonda bir şüar da səsləndirdi: “Bizim Hərəkatda böyük həqiqəti özündə əks etdirən kiçik bir zarafatımız var: Bir türk yaxşı insan deməkdir, iki türk yaxşı dost, üç türk hakimiyyət. Biz birləşsək dünyanı idarə edərik. O zaman dünya ədalət, dostluq və insanlıq qanunları ilə idarə olunacaq!”
“Müasir İnkişaf” İctimai birliyinin sədri Mübariz Göyüşlü isə öz növbəsində qeyd edib ki,” uzun zamandan bəri, cəmiyyətin ayrı-ayrı fərdlərinin həyata keçirdiyi işləri artıq dövlət başçıları həyata keçirir. Biz mütəmadi olaraq bayram kimi bu günü qeyd etməliyik”.
BMT-nin Xalq Yaradıcılığı Şurasının üzvü, həkim Seyfəddin Əsəd, Türk Xalqları Assambleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar və digər qonaqlar öz çıxışlarında təəccüblərini gizlədə bilməyiblər və təşkilatçılara gənclərə bu ruhu aşıladıqları üçen minnətdarlıqlarını bildiriblər.
Bayram konserti Novruz Novruzlu, Şəmistan Əlizamanlı, Nuriyyə Hüseynova, Əlirza Amanbəyli, Nemət Qasımlı, Yaqub Zurufçunun möhtəşəm ifaları ilə rövnəqləndirilib. Azərbaycan Sayokan Döyüş növlləri Federasiyasının azyaşlı üzvləri maraqlı idman nömrəsilə, Azərbaycanın xalq rtisti Rüfət Xəlilzadənin “Azəri inciləri” rəqs qrupu isə “Zəngəzur yallısı”yla çıxış ediblər. Gənclərin bayraq şöləni hər kəsi ayağa qaldırıb. Bayram konserti Novruz Novruzlunun Azərbaycan bayrağına sarılmış halda oxuduğu “Giziroğlu Mustafa bəy” mahnısıyla sona çatıb.