“Vətəninfo.az” saytı olaraq “Ədəbiyyatın bu günü sizi qane edirmi və niyə” və “Vəzifəli məmurların ədəbiyyat həvəsi ədəbiyyata nəyi verib nəyi alır” mövzusunda kiçik bir araşdırma elədik. Düzdür, bu sorğu daha çox adamların arasında keçiriləcək amma biz bu günlük sorğumuzun nəticəsini sizlərlə paylaşırıq:
Yunus Oğuz: “Olaylar” İnformasiya Agentliyinin direktoru və eyniadlı qəzetin baş redaktoru : əlbəttə etmir. Fikirləşirəm ki, millətin yetişməsində ədəbiyyatın müstəsna xidməti var. Milləti və vətəni sevdirmək uşaqlara kicik yaşlarindan əxz etdirilməlidir ki, bunu da ancaq ədəbiyyat edə bilər. Vəzifədə olan məmurların ədəbiyyat həvəsi özlərini ziyalı göstərmək həvəsidir, amma bir necəsi var ki, əsl ədəbiyyatçıdır. Ədəbiyyat elmdən fərqli olaraq şöhrəti tez gətirir, ancaq enerjini,yuxularını, sağlamlığını alır.
Novruz Novruzlu-“Savalan” Mistik Musiqili qrupun bədii rəhbəri: vallah bazar iqtisadiyyatı qafaların, ruhun enerjisini alıb. Hüzurlu beyin düşüncədə, ürəkdə gözəlliklər yaradar. Ona görə də mən heç nə deyə bilmərəm, o ki, qaldı vəzifəli məmurların yazıb-yaratmaq həvəsinə, əslində onlara lazımdır. İntellekt, düşüncə və bir çox səbəbdən. Ədəbiyyat, incəsənət insanı kamilləşdirir və daha məsuliyyətli olmağa məcbur edir.
Anar Turan(araşdırmaçı-yazar): Mən daha fundamental uğurlar qazanan, mental həqiqətləri əks etdirən ədəbiyyat istəyirəm. Daha bəziləri kimi reytinq naminə kitablarının üz cildinə əxlaq cizgilərini tapdalayan, millətin mənəvi dəyərlərini təhqir edən şəkillər vurmaqla, ad qoymaqla parlamaq istəyən "ədəbiyyatçıların" ədəbiyyatını deyil. Seyran Səxavətin yaxşı bir sözü var "Axtalanmış ədəbiyyat". Mən bu cür cızma-qaralara axtalanmış ədəbiyyat kimi, yəni millətə heç bir xeyri olmayan, gəldiyi tək gedəcək nümunə kimi baxıram. Biz daim mütaliə etmişik və bundan sonra da elə ədəbiyyatın sahibi olmlıyıq ki, mütaliədən üz çevirməyək. O ki, qaldı vəzifəli məmurlara onların əksər hissəsi ümumiyyətlə mutaliə etmir. Mütaliə etməyən insanın münasibəti də ola bilməz. Bu onun gələcək perspektivində, insanlarla munasibətində, nitqində də özünü mənfi şəkildə göstərir. Ədəbiyyatı anlamayan birinin ədəbiyyata nəsə qazandırmağından danışmağa dəyməz. Ədəbi bilgisizliyi, ədəbi nümunələrdən bixəbərliyi təbii ki, vətəndaş sevgisinə də mənfi təsir göstərir. Bu ədəbiyyata heç nə vermir əksinə inkişafın qarşısını alır.
Kənan Hacı: - Qismən. Təkrar edirəm, qismən. Qane etməyən tərəfləri daha çoxdur. Bu gün çap azadlığından sui-istifadə edən qrafomanlar görünməmiş dərəcədə ədəbiyyatın canına daraşıblar. Ədəbiyyat haqqda adi anlayışı olmayan, istedaddan məhrum adamlar birbaşa oturub roman adıyla sayıqlamalar yazıb çap etdirirlər. Bu, qaçılmaz bir bəladır. Amma kifayət qədər dəyərli imzalar da var ki, ədəbiyyata təmənnasız xidmət edirlər. Onların qələmindən çıxan bütün ədəbi nümunələri izləyirəm, təqdir edirəm, bir çoxu haqqında yazılar da yazmışam. Bilirsiz, istedadla yazılmış hər bir əsəri oxuyanda ədəbiyyatın gələcəyi haqqında bir az da nikbinliklə düşünürəm. O ki, qaldı, ədəbiyyat alqı-satqı yeri deyil. Ədəbiyyat özünə layiq olan sənət əsərlərini yaşadır. Bu, mütləqdir. Məmurların ədəbiyyata həvəsi heç nəyi dəyişmir. Ədəbiyyat öz işini görür.
Xanım İsmayılqızı (bəstəkar):- Nə qane edir deyə bilərəm, nə də etmir deyə bilərəm. Yaradıcılıq azaddır. Hec kimə yazma demək olmaz. Artıq onun nə yazdıqını zaman göstərəcək. Doğulmadan ölən yaradıcılıq məhsulları var. Hər şey ələkdən keçir. Yaxşıları onsuz da ələyin üstündə qalacaq.
Əkbər Qoşalı:-Ədəbiyyatımızın bu günü olağanüstü hadisələrə səhnə olmasa da, belə bir gələcəkdən xali deyil, inşəallah. Ən azından ona görə ki, Azərbaycan Ədəbiyyatı zamanında çox (Anadolular demiş, amma çox!) hadisələr çıxarıb! Bir yazar Ədəbiyyatımızın bugününün qaneedici olmamasını deməklə, kiməsə yox, ilk sırada özünün, sənət yoldaşlarının, silahdaşları yaradıcılığının qaneedici olmadığını demiş olardı. Məncə, bu sualınızı oxucular dəyərləndirsə daha olumlu çıxacaq. Lakin, sizin nəyi qəsd etdiyinizi anlayıram və bu anlayış içində təəssüfümü gizlətmirəm. Ucdantutma hər kəsə şamil etməsəm də, bilirsiz, elələri var, deyirsən, zalım oğlu, sənin nəyin çatmır ki, hələ bir üstəlik də adının qarşısında yazıçı-dramaturq, şair-publisist yazılmasından və bunun başqaları tərəfindən səsləndirilməsindən ötrü əldən-ayaqdan gedirsən.?! Qaldı, ədəbiyyata nə verib-nə almaq məsələsinə, qəti əminəm, Ədəbiyyatda qalasılar qalacaq, gedəsilər gedəcək... Ötəri parıltılar məhz ötəridi, qalıcı deyil...
Onu da qeyd edək ki, sorğu bir neçə gün davam edəcək.
Nigar İsfəndiyarqızı