Əfv dekabra qaldı?

Əfv dekabra qaldı?

May-iyun aylarında gözlənilən əfv reallaşmadı. 15 iyun Qurtuluş günü isə bütün ümidlərin üstündən xətt çəkdi. Artıq ümidlər Ramazan və Qurban bayramlarına qalıb. Azərbaycan praktikasında isə belə bayramlarda əfv verilməsi nadir hallarda olub. Bunları düşünsək, növbəti əfvin dekabr ayına qədər uzanması ehtimalı daha yüksək görünür.

Heç şübhəsiz ki, Avropa Oyunlarının keçirildiyi vaxtda belə bir sərəncamın verilməsi ölkəmiz adına müsbət nəticələr verər, yarışmanın nüfuzunu daha da qaldırardı. Amma bir fakt dəyişmir. Ölkə iqtidarı təzyiqlər qarşısında daim dirəniş göstərmək yolunu məqbul hesab edir. Bəzi hüquq müdafiəçiləri də məhz bu baxımdan xarici təşkilatların Azərbaycan hakimiyyətinə təzyiq etmələrini doğru hesab etmirlər.
İyunun 22-də AŞ PA-nın yay sessiyası başlayacaq. Sessiyada Azərbaycanla bağlı dinləmələr olacaq. Ölkəmizin siyasi məhbuslara görə ciddi qınağa tuş gələcəyi qaçılmazdır. Hakimiyyət də bunu bilməmiş deyil.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı "Yeni Musavat"a açıqlamasında ilin sonunadək əfv veriləcəyini bildirib: “Əfv səlahiyyəti prezidentdədir. Əfv zamanı yalnız siyasi məhbuslar azad olunmur. Azad olunanların əksəriyyəti bu və ya digər səbəbdən həbs olunanlardır. Zaman-zaman da ölkədə bununla bağlı ölkə başçısının sərəncamı olur. Düşünürəm ki, hər halda, ilin sonunadək ölkədə əfv ola bilər. Amma arzu edərdim ki, ən gözəl bayramımız olan Ramazanda əfv olsun. Ölkə başçısı böyük savaba batardı. Ramazanda savab iş görmək isə Allaha xoş gedər və bir çox günahların bağışlanması üçün gözəl bir iş olardı”.
Hüquq müdafiəçisi beynəlxalq təşkilatların Azərbaycana olan təzyiqlərinə də toxunub: “Gördüyünüz kimi, belə müzakirələr bir nəticə vermir, ölkədə birmənalı qarşılanmır. Düşünürəm ki, beynəlxalq təşkilatlar bununla bağlı öz siyasətlərinə yenidən baxmalıdırlar. Siyasi məhbusların müdafiəsi üçün daha məqbul variant seçilməlidir. Münaqişələr, narahat bəyanatlar illərlə uzana bilər. Bu yol mənim tərəfimdən göstərilməməlidir. Hökumət özü də siyasətində dəyişiklik etməlidir. Ən ağır konfliktlər, problemlər də öz həllini dialoqlar əsasında tapır. Dialoqlar (söhbət real dialoqdan gedir) müxtəlif çərçivələrdə aparıla bilər. Emin Hüseynovun ölkədən çıxarılması da dialoqun nəticəsidir”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az