“Eldar Mahmudov mənim qohumum deyil”

“Eldar Mahmudov mənim qohumum deyil”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin onun barəsində söylədiyi fikirlərə cavab verib. 

YAP-çı deputat S.Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, E.Abdullayevin səsləndirdiyi fikirlər tamamilə yalandır və həqiqəti əks etdirmir: “E.Abdullayev qeyd edir ki, guya mən demişəm Eldar Mahmudov və ya digər kiminləsə danışacam və sair. Birincisi, Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunub, amma Elşad Abdullayev 2003-ci ili göstərir. Digər tərəfdən isə deyim ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra çox böyük işlər görüb, narkotiklərlə mübarizə, silahlı dəstələrin ləğv olunması, Milli Təhlükəsizlik Nazirliyində (MTN) islahatların aparılması, yeni kadrların hazırlanması və sairə uğurlu işləri həyata keçirib. Mən uzun illərdir ki, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvüyəm və deyə bilərəm ki, Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyinin təmin olunması üçün uğurlu işlər görülür. E.Abdullayevin dedikləri yalandır. O deyib ki, guya Eldar Mahmudov mənim yaxın qohumumdur. Amma qeyd edim ki, Eldar Mahmudov mənim qohumum deyil”.

S.Novruzov E.Abdullayevlə nə vaxtsa görüşüb-görüşməməsi məsələsinə də münasibət bildirib: “E.Abdullayevin mənimlə görüşünə gəlincə, onu deyə bilərəm ki, mənim yanıma hər gün seçildiyim dairədən və digər müxtəlif yerlərdən yüzlərlə müraciətlər olunur. Bu müraciətlər ayrı-ayrı nazirliklər, komitələr, icra nümayəndəlikləri, hüquq-mühafizə orqanları və sairə məsələlərlə bağlı olur. Çalışıram ki, maksimum dərəcədə onların problemləri həll olunsun. Mənim kimi digər deputatlara da bu cür müraciətlər edilir. Lakin Elşad Abdullayevin qardaşının axtarıb-tapılması və sairə bu kimi məsələ mənimlə heç zaman müzakirə edilməyib. Ola bilər ki, Elşad Abdullayevlə YAP-nin Binəqədi və digər rayon təşkilatlarında keçirilən görüşlərdə görüşümüz olsun. Yaxud da mən E.Abdullayevlə Bakı Dövlət Unversitetində rastlaşa bilərdim. Amma digər hallarda mənim E.Abdullayevlə hər hansı münasibətim və ya əlaqəm olmayıb”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az