Əlillərə “Liffan” verildi

Əlillərə “Liffan” verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlilləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Vətəninfo.az” a daxil olan məlumata görə, görüş iştirakçıları ilk öncə Ümummilli liderimiz Heydər Əliyevin nazirliyin foyesindəki büstü qarşısına gül-çiçək dəstələri düzüblər.
Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bu tədbirin Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində keçirildiyini qeyd edərək bildirib ki, ölkəmizdə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalıb, hətta 9 May - Qələbə gününün qeyd olunması unudulub. Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra 9 May - Qələbə günü dövlət bayramları sırasına daxil edilib. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılıb.
Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən Ümummilli liderimiz deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır”.-deyə nazir vurğulayıb.
Qeyd edək ki, görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd “Liffan” markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az