Elman Nəsirov: "Özlərini "bəy" adlandıranlar o gücün sahibləri deyillər"

Elman Nəsirov:

"Müxalifət yenə ampluasındadır, daha deməyə sözü qalmayıb. İndi də eyni şəxslər hay-küy kampaniyasına başlayıblar ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük şəxsiyyətlərdən biri Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki abidəsinə qarşı guya hörmətsizlik olub, abidə sökülür və s. Yenə də gözlərinin içinə qədər yalan danışırlar, həqiqəti təhrif edirlər, dezinformasiya yayırlar. Azərbaycan xalqını çaşdırmaq istəyirlər. Gör nə qədər uğursuz bir fəaliyyətlə məşğul olurlar. Bir şeyi anlamırlar ki, Azərbaycan xalqı onları çoxdan boykot edib. Xalqımızın yanında heç bir nüfuzları, hörmətləri yoxdur, sadəcə, dezinformasiya ifrazı ilə məşğuldurlar. Əksinə, Azərbaycan dövləti, iqtidarı hər zaman tarixi irsimizə çox böyük hörmətlə, izzətlə yanaşır, tarixi irsimizin qorunması istiqamətində böyük işlər görür. Xüsusilə, Heydər Əliyev Fondu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə müstəsna xidmətləri var. Təkcə ölkəmiz daxilində deyil, ölkəmizin xaricində də tarixi-mədəni irsin qorunmasına böyük dəstək verir. Multikultural dəyərləri təkcə sözlə deyil, həm də əməli addımları ilə təsdiqləyir, müdafiə edirlər. Hətta belə olduğu halda da radikal müxalifət yenə öz cılız xislətini ortaya qoydu. Sonra da məlum oldu ki, dedikləri həmişəki kimi yenə də yalandır...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

"Əslində, Azərbaycan hökuməti Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə yerləşən məzarında daha ciddi işlər görür, yenə də öz irsinə sahiblik edir. Cümhuriyyət qurucularına, o cümlədən Rəsulzadəyə çox böyük hörmətlə yanaşılır. Bu, bir dövlət siyasətidir və təbliğ edilir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisidir. Belə halda müxalifətin iddialarının heç bir əsası yoxdur. Onlar bu gün siyasi səhnədən mənasız, əhəmiyyətsiz, dezinformasiya yüklü bəyanatlar verməklə özlərini göstərmək istəyirlər. Bir vaxtlar özünü "bütün müxalifətin lideri” kimi təqdim edən şəxs efirdən açıq şəkildə bəyan edirdi ki, "nə qədər ki İlham Əliyev Azərbaycan Respublikasının Prezidentidir, heç vaxt Qarabağ torpaqları işğaldan azad olunmayacaq. Proqnozum səhv çıxsa, bu, baş versə, onda mən siyasətdən gedəcəyəm”. Müzəffər Ali Baş Komandanımız, onun formalaşdırdığı yenilməz Ordu və xalqımız birlikdə tarixi missiyanı yerinə yetirdi, zəfərə imza atdı, torpaqlarımızı işğaldan azad etdi, erməni separatizminin kökünü kəsdi, tarixi ədaləti bərpa etdi, amma həmin müxalif lider yenə də öz vəzifəsindədir. Hələ bir seçkilər də keçirir, yenidən öz vəzifəsinə "seçilir", gənclərin müxalifət sıralarında hakimiyyətə gəlmələrinə, partiya sədri olmalarına imkan vermir. Bax bu, əslində bir simasızlıqdır. Kişisənsə, sözünün gücü varsa, kişi kimi söz verirsənsə, ona əməl et də. Artıq siyasətdən uzaqlaş! Axı belə söz vermişdin. Görünür, onlar üçün heç sözün də dəyəri yoxdur. Söz vermək və buna əməl etmək köhnə kişilərin işidir. Özlərini "bəy” adlandıranlar o gücün sahibləri deyillər. Xüsusilə özünü radikal müxalifətin lideri hesab edən şəxs!”, - deputat bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az