Elmira Axundova: “Qafqazlılar rus qızlarına söz atırlar”

Elmira Axundova: “Qafqazlılar rus qızlarına söz atırlar”

“Bir zamanlar Rusiyada işləyən, Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər iri şəhərlərində tez-tez olan bir adam kimi onu deyə bilərəm ki, əlbəttə qafqazlıların federasiya ərazisində özlərini aparmaq şəkli heç də həmişə ürəkaçan olmayıb”.

Millət vəkili, Azərbaycan Rusiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Elmira Axundova “Vətəninfo.az” saytına açıqlamasında Rusiyada “Qafqazlıların Davranış Məcəlləsi”nin hazırlanmasına münasibət bildirərkən belə deyib: 

“Hər zaman fikir verirdim ki, bazarda və küçə dükanlarında çalışan qafqazlılar rus qızlarına söz atırlar, hətta ictimai yerlərdə bir-biri ilə yüksək səslə (söyüşlə) danışaraq dalaşırlar. Hətta dəfələrlə mən özüm onlara yaxınlaşaraq bu hərəkətlərə görə iradımı bildirmişəm. Bu faktlar mövcuddur və onları inkar etmək olmaz. Ümumiyyətlə, qafqazlılar istiqanlı insanlardır və onların özünəməxsus xüsusiyyətləri, ünsiyyət şəkli var. Ona görə də daima müəyyən qarşıdurmalar, dava-dalaşlar ola bilir. Əlbəttə ki, çalışmaq lazımdır ki, hər kəs qayda-qanuna riayət etsin, bu cür qarşıdurmalar olmasın. Amma sırf qafqazlıların davranış qaydaları ilə bağlı məcəllənin hazırlanması heç bir məntiqə sığmır. Çünki yuxarıda qeyd etdiyim qanunazidd hərəkətlərə görə inzibati, cinayət məcəllələri ilə cəza nəzərdə tutulur və bu münasibətlər qanunvericiliklə artıq tənzimlənir. Bu cür ayrıca məcəllənin hansı zərurətdən və kimlərin istəyi ilə qəbul olunduğunu dəqiq bilməsəm də, qeyd edim ki, bu, milli zəmində diskriminasiya deməkdir və bu məcəllə qafqazlılarla Rusiyada yaşayan digər millətlər arasında qarşıdurmanı azaltmaq əvəzinə artıra bilər. Çünki bizim insanımız istiqanlı olmaqla yanaşı, həm də məğrur və qürurludur. Bu cür məcəllənin qəbulu ayrı-seçkilik yaratdığı üçün qafqazlılarda digər Rusiya vətəndaşlarına qarşı qısqanclıq və nəticədə də aqressivlik yarada bilər”.

Firudin

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az