Bu gün Qafqazinfo.az Rusiya KİV-nə istinadən “Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı” başlıqlı xəbər yayıb. Xəbərdə deyilir ki, “Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir. Məlumatda vurğulanır ki,bu gün müqavilənin detallarını danışmaq üçün “Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər.

Görüş bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək.
Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olub, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı-red.) göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.

Maraqlısı budur ki. Milli Məclisin üzvü Elton Məmmədov bu görüşdə hansı səlahiyyətlə iştirak edir? Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı kimi yoxsa Azərbaycan Dəmiryolarının rəhbərliyinə daxil olan şəxs kimi? Elton Məmmədovun Azərbaycan Dəmiryolları şirkətində işləmədiyini diqqətə alsaq, onda ortaya bir ehtimal çıxır, bu da millət əvkilinin nazir qardaşının səlahiyyətli nümayəndəsi kimi bu tədbirdə iştirakı. Görünən odur ki, Nəqliyyat naziri hətta müxtəlif müqavilələrin imzalanmasında belə ətrafındakı insanlara inanmır. Elə bu səbəbdən də ailə fərdlərindən birini bu tip tədbirlərə göndərir.
Vətəninfo.az


