Ərdoğan: "Danışıqlar bütün dünyanı ümidləndirib"
Rusiya Ukraynanın "denasifikasiyası" tələbindən, Ukrayna isə NATO- ya daxil olmaqdan imtina etməyə hazırdır
Krımın taleyi və Ukraynanın şərqində işğal edilmiş ərazilər məsələsi açıq qalır
İstanbulun "Doğmabağça" sarayında martın 29- da Rusiya ilə Ukrayna arasında danışıqların növbəti raundu başlayıb. Hər iki ölkənin nümayəndə heyəti danışıqlara hazırdır.
Ukrayna tərəfindən danışıqlarda müdafiə naziri Aleksey Reznikov, prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya, xalq deputatı Andrey Kostin, xalq deputatı, parlamentin "Krım platforması"nın həmsədri Rüstəm Ömərov və xarici işlər nazirinin müavini Nikolay Toçitski iştirak edir.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin müşaviri Vladimir Medinski başçılıq edir.
Danışıqlara həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gəlib. Öz çıxışında o, bəyan edib ki, Rusiya- Ukrayna danışıqlarında nəticəyə gəlməyin zamanıdır və nümayəndə heyətlərinə müharibənin dayandırılmasının yolunu tapmağa çağırış edib.
"Türkiyəyə, İstanbul şəhərimizə xoş gəlmisiniz. Biz şadıq ki, belə kritik dönəmdə siz öz ölkələriniz adından böyük səylər göstərirsiniz. Sizin dostlarınız və qonşularınız olaraq bu münaqişə bizi çox məyus edir. Böhranın əvvəlindən biz bütün səviyyələrdə səmimi- qəlbdən səylər göstərmişik və dostluq, mehriban qonşuluq və qanunların tələblərini icra etməyə çalışmışıq. Biz səs hüququmuz olan bütün platformalarda hər iki tərəfin hüquqlarını müdafiə və onlara riayət etməyə imkan verən ədalətli yanaşma nümayiş etdirmişik. Danışıqlar bütün dünyanı ümidləndirib. Münaqişənin uzanması heç kimə sərf etmir. Müharibədə qaliblər olmur. Danışıqların nəticə vermək zamanı gəlib. Türkiyədə biz səmimi olaraq bunu istəyirik və buna yardım etməyə hazırıq", - Ərdoğan belə deyib.
Bundan sonra o, görüş yerini tərk edib və bu gün Özbəkistana səfərə yollanacaq.
Danışıqlardan öncə nümayəndə heyətlərinin başçıları David Araxamiya və Vladimir Medinski arasında görüş olub.
Məlumdur ki, milyarder Roman Abramoviç də İstanbuldadır və bu yaxınlarda o, atəşkəsin elan edilməsilə bağlı Zelenskinin məktubunu Putinə çatdırıb.
Martın 28- də Kremlin nümayəndəsi Dmitri Peskov qeyd edib ki, "danışıqların davam etdirilməsi qərarının özü mühüm əhəmiyyət kəsb edir".
Rusiya nümayəndə heyətinin rəhbəri Medinski qeyd edib ki, ikincidərəcəli məsələlərdə Rusiya ilə Ukraynanın mövqeləri yaxınlaşsa da, əsas məsələlərdə yerində sayır.
Öz növbəsində Rusiya XİN rəhbəri Lavrov belə fikir səsləndirib ki, Rusiya ilə Ukrayna arasında razılaşmalara nail olmaq şansları var.
Eyni zamanda Rusita Dövlət Dumasının beynəlxaq işlər üzrə komitəsinin üzvü Dmitri Belik bəyan edib ki, Moskva ilə Kiyev arasında razılığa gəlmək çox çətindir, çünki Rusiya öz mövqeyində qətiyyətli olduğu halda, Ukrayna vaxtı uzatmaqla məşğuldur.
"Euronews" telekanalınım verdiyi məlumata görə, Moskva Ukraynanın "denasifikasiyası" barədə tələbindən imtina edir, bu ölkənin Avropa İttifaqına daxil olması ilə razılaşmağa da hazırdır, amma bir şərtlə ki, Ukrayna neytral status əldə etsin. Kiyev isə öz növbəsində beynəlxalq təhlükəsizlik zəmanətləri müqabilində NATO- ya daxil olmaqdan imtina etməyə hazır olduğunu bəyan edib.
Krımın taleyi və Ukraynanın şərqində mübahisəli ərazilər məsələsi açıq qalır.
"Anadolu agentliyi" məlumat verib ki, danışıqlar bağlı qapılar arxasında gedir və iki gün davam edəcək.