
Komitə sədri 8 kəndin Azərbaycana qaytarılması məsələsi barədə də danışıb:
"8 kəndin qaytarılması məsələsi gündəmdədir. Ermənistanın qarşısında 7-si Qazağın, 1-i Naxçıvanəın olmaqla işğal olunan kəndləri qaytarmaq öhdəliyi durur. Ermənistan qonşu ölkələrlə sülh istədiyini deyir. Lakin bu, hələlik ancaq söz kimi qalır. Biz isə konkret əməl gözləyirik. Bizim sülh şərtlərimizə onlar cavab verməlidirlər. Hər halda biz bunu gözləyirik. Görək, necə olacaq? Ermənistanın hələki düşünməyə vaxtı var. Əgər kəndlər qaytarılmasa, yenə deyirəm ki, Dəmir Yumruq həmişə onun üstündə qalacaq. Biz imkan verə bilmərik ki, bizim torpaqlarımız hansısa dövlətlərin işğalı altında qalsın. Bu mümkün olan məsələ deyil. Ancaq hər halda yenə deyirəm, Ermənistanın fikirləşməyə vaxtı var”.
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr var:
"Bu qüvvələr artıq özlərini ifşa ediblər. Azərbaycana qarşı qərəzli yanaşmalar, təzyiqlər, Ermənistanın sürətlə silahlandırılması buna sübutdur.Fransa, Yunanıstan və Hindistanın bu istiqamətdə Ermənsitanın müdafiəsində durması gərginliyə səbəb ola bilər. Çünki bütün bunlara arxalanan Ermənistanda revanş çağırışları getdikcə artmaqdadır. Hansısa münaqişənin olması, Ermənistanın müəyyən təxribatlar törətməsi heç bir zaman üçün istisna deyil. Sakitliyin hökm sürdüyü bir vaxtda bu yaxınlarda yenidən təxribat törədildi. Bu da bizim hərbçimizin yaralanması, sonra isə digər istiqamətlərdə atəşkəsin pozulması ilə nəticələndi. İndi isə Ermənistanda açıq-aşkar guya Azərbaycanın bu ölkəyə hücum edəcəyi ilə bağlı fikirlərin söylənməsi göstəririr ki, bu istiqamətdə hansısa işlər aparılır. Maraqlı qüvvələr açıq-aşkar aktivliyini göstərir. Məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmamasından istifadə edərək regionda maraqlarını təmin etmək naminə iki ölkə arasında münaqişənin alovlanmasına nail olmaqdır”.

Hərbi ekspert yeganə hədəfin Azərbaycan olmadığını söyləyib:
"Yenə də deyirəm, hədəf tək Azərbaycan yox, eyni zamanda regiondur. Təhlükəsizlik şəraiti yaratmaq adı ilə, guya, təhlükəsizliyə zəmanət vermək üçün regiona daxil olmayan qüvvələr bölgəyə təkliflər verəcək. Digər yandan, regiondan Rusiyanı çıxarmaq üçün Ermənistanda çox böyük oyunlar oynanılır. Belə olduğu halda Ukraynada olan vəziyyətin Ermənistanda da ola biləcəyi haqqında söhbətlər gəzir. Bütün bunlar təbii ki, Azərbaycan üçün təhlükə yaradan məsələlərdir. Ona görə ki, Azərbaycanla həmsərhəd olan Ermənistanda hər hansı proses getsə, regionda, eləcə də Azərbaycanda müəyyən təsirləri ola bilər. Ermənistanda Azərbaycan tərəfindən hücum olacağı ilə bağlı məlumatların yayılması hansısa təxribatların olacağından xəbər verir”.
Ş.Ramaldanov Azərbaycanın görəcəyi tədbirlərdən də bəhs edib:
"Təxribat olacağı halda Azərbaycanın hansı addımı atması ilə bağlı hesab edirəm ki, artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev cavab verib. Həm Laçında, həm də andiçmə mərasimində açıq-aşkar söylədi ki, əgər Ermənistandan ölkəmizə hər hansı təhlükə yaranarsa, öz təhlükəsizliyini təmin etmək üçün Azərbaycan cavab tədbirlərini görəcək. Cavab tədbirləri də Ermənistan tərəfindən atılacaq addım və təxribatlardan asılı olacaq. Düşünürəm ki, əvvəlkinə nisbətən gərginlik dərəcəsi artmaqdadır. Hər halda Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qorumağa qadirdir və hazırdır. Ermənistanın silahlandırılması məsələsi ciddi hadisədir. Bu, gələcəkdə Azərbaycana hər hansı bir təhlükə yaradarsa, beynəlxalq normalar çərçivəsində Azərbaycanın həmin silahları legitim hərbi hədəf sayaraq məhv etmək hüququ var”.