Ermənistan və Azərbaycan arasında yeni müharibə başlaya bilərmi? - AÇIQLAMA

Ermənistan və Azərbaycan arasında yeni müharibə başlaya bilərmi? - AÇIQLAMA

"Hazırkı məqamda Azərbaycan və Ermənistan arasında müharibə ehtimalı olduğunu düşünmürəm. Çünki silahlı qarşıdurmanın müharibə olması üçün hər iki tərəfin leqal hərbi güclərinin vuruşması tələb olunur. Yəni "müharibə” termini o halda işlədilə bilər ki, Ermənistan öz ordusu ilə Azərbaycan Ordusunun qarşısına çıxa bilsin. Ermənistanın isə Azərbaycan Ordusu ilə vuruşa biləcək hərbi gücü mövcud deyil. Onun belə bir ordusu bu gün yoxdur. Bunu mübaliğədənkənar söyləyirəm. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu elə məğlubiyyətə uğradılıb ki, həmin ordunun bərpası üçün hələ indən sonra uzun illər lazımdır. Sadəcə, Ermənistanın xırda təxribatları ola bilər. Azərbaycan da bu təxribatların qarşısını almaq, Ermənistanı cəzalandırmaq üçün hərbi əməliyyatlar, hərbi tədbirlər görə bilər. Yəni bu, "müharibə” yox, "Azərbaycan tərəfinin hərbi əməliyyatları" adlandırılsa, daha doğru olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 Deputat bildirib ki, Ermənistanın təxribatları hər zaman Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmamasına xidmət edib: "Ən azından 2020-ci ildən bəri Ermənistan buna görə təxribatlar törədir. Bütün imkanların olduğu şəraitdə Ermənistan bu günə qədər Azərbaycanla sülh sazişi imzalamayıb. Bu da bir çox məqama aydınlıq gətirir. Məqsədi münaqişənin yenidən uzanması, gərginlik elementlərinin meydana çıxmasıdır. Ermənistanı buna sövq edən dairələr var – Avropa dairələri... Fransa başda olmaqla, onlar Ermənistanı son 3 ildə sistemli şəkildə silahlandırmaqdadırlar. Avropa öz missiyasını Ermənistana məhz kəşfiyyat işləri məqsədi ilə göndərdi. O, heç də mülki missiya deyil, Almaniyanın, Fransanın xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarətdir. Ermənistanın növbəti təxribatları gözlənilən idi. Təbii ki, Azərbaycan Ermənistanın təxribatlarına susqun reaksiya nümayiş etdirməli deyil. Ermənistanın bütün təxribatlarının qarşısı sərt şəkildə həmişə alınıb, bundan sonra da alınacaq. "Qisas əməliyyatı” həm də Ermənistanın himayədarlarına siqnal olmalıdır ki, görsünlər, Ermənistanı Cənubi Qafqaz regionunda gərginlik yaratmaq üçün alət kimi istifadə etmək bir işə yaramır. Əksinə, Ermənistanın təxribatları onun özünə öldürücü zərbələr vurmaqdadır”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az