Ermənistanın Azərbaycana yeni hücum cəbhəsi
İrəvan Qarabağı əldən verməmək üçnü bütün variantlara əl atır
Azərbaycan Avrasiya İttifaqına (Aİ) daxil olmaq istərsə, Ermənistan buna mane olacaq.
İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Moskvada "İnterfaks”a müsahibəsi zamanı bildirib.
"İnterfaks”ın müxbiri Ermənistan ictimaiyyətini çoxdan narahat edən sualı verib: "Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Azərbaycanın Avrasiya İttifaqına daxil olmasını alqışlayardı. İrəvanda bu cür genişlənməyə necə baxardılar?”
Ermənistanda həmişə Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə istənilən xəbəri narahatlıqla qarşılayırlar.
Bu sual Ermənistanda çoxlarını narahat edir. Erməni ekspertləri bildirirlər ki, bir gün gələcək və Rusiya Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarmaqla rəsmi Bakını da Avrasiya İttifaqına daxil olmağa razı salacaq.
Buna görə, Ermənistanda həmişə Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə istənilən xəbəri narahatlıqla qarşılayırlar. "Bəs, onda bu qədər tökülən qanlar, Ermənistan iqtisadiyyatının məhv edilməsi nəyə lazımdır?" - deyə erməni şərhçilər sual verirlər.
Ermənistan hakimiyyəti də bu cür inkişafdan qorxur və Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına maksimum mane olmağa çalışır. Vardan Toqanyanın da cavabı bu istiqamətdə olub:
"Avrasiya İttifaqına daxil olmaq üçün müəyyən qayda var. Bu, nizamnamə sənədlərində öz əksini tapıb. Qərar Avrasiya İttifaqının üzvləri tərəfindən qəbul olunacaq, bu gün onların sayı 5-dir. Əgər Azərbaycan belə bir təşəbbüslə çıxış edəcəksə, bizim ölkənin xüsusi mövqeyi olacaq".
Əslində, bu məsələ Ermənistandan çox Azərbaycanı narahat etməlidir. Hələ ki, Azərbaycan yetərincə müstəqil siyasət yürüdür və bu, ölkənin iqtisadi-siyasi baxımdan inkişafına müsbət təsir göstərir. Buna görə, Rusiyanın hansısa Qarabağ vədinə görə ölkənin müstəqilliyini itirmək olmaz. Hər halda, Ermənistan Avrasiya İttifaqına girdikdən sonra müstəqilliyini pillə-pillə itirir. Artıq Ermənistan ordusu Avrasiya İttifaqına bağlı hərbi blok olan KTMT-yə tabe edilib. Gələcəkdə Ermənistan valyutasını da itirə bilər.
Miq.az