Ermənistanın gözlədiyi iyul hücumu

Ermənistanın gözlədiyi iyul hücumu
İrəvanın "İsgəndər”ləri döyüş hazırlığına gətirməsinin əsas səbəbi

Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü ən çox erməni mətbuatını həyəcanlandırıb.

İstiPress-in məlumatına görə, bir neçə ay qabaqdan iyulda həlledici döyşlərin olacağını və sətiraltı cümlərlə Ermənistanın aprel döyüşlərinin intiqamını alacağını qeyd edən erməni mətbuatı indi tamamilə əks nəticəni şərh etməklə məşğuldur.

Ermənistanın iyul revanşı barədə erməni mətbuatına ilk anons verən Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan olmuşdu. O, Ermənistanın "Lragir” portalına bir neçə ay qabaq verdiyi müsahibəsində hər şeyin iyulda həll ediləcəyini və Azərbaycanın atəşkəsi, yəni status-kvonu möhkəmləndirən mexanizmlərin quraşdırılmasına razı salınacağını vurğulamışdı.
Aprel döyüşlərinin ssenarisi
Görünür, Fizulinin Alxanlı kəndinə iyulun 4-də edilən, iki yaşlı Zəhra və nənəsinin ölümünə səbəb olmuş hücum da elə bununla bağlı idi. Ermənilər Azərbaycanın aprel döyüşlərindəki təcrübəni təkrarlayacağını düşünürdülər. Hər halda, buna hazırlıq görmüşdülər. Yəqin ki, Serj Sarkisyanın çoxdan bəyan etdiyi "İsgəndər” hücumu da buna planlaşdırılmışdı. 
Amma döyüş ssenarisi tamamilə fərqli oldu və Azərbaycan mövqe hücumuna keçmədi və ermənilərə məxsus atəş nöqtəsini məsafədən susdurdu. Daha sonra "Solntsepek” yaylım atəşi sistemləri üçün Rusiyadan Azərbaycana çox sayda raketlər gətirildi.

İyulun 13-də Rusiyanın aparıcı agentliyi "RİA Novosti”yə müsahibə verən Azərbaycan müdafiə naziri Zakir Həsənov aprel döyüşlərinin bütün detallarını açdı və həmin günlərdə Rusiyanın göstərdiyi vasitəçilik missiyasından danışdı.

Zakir Həsənov bildirdi ki, Rusiyanın vasitəçilik dəstəyi olmasa idi, Azərbaycan Ermənistan ordusunun üç günə tam məğlub edə bilərdi. O həm də başa saldı ki, Ermənistanın "İsgəndər”lərlə Azərbaycanı vurmaq itstəsə, onlar elə havada vurulacaq, həm də Azərbaycanın əlində olan analoji raketlər 50 dəfə çoxdur.

Serj Sarkisyanın buna cavab olaraq "Armeniya” telekanalına 3 gün sonra verdiyi müsahibəni yalnız məğlubiyyətin etirafı kimi dəyərləndirmək olardı.

İndi Arkadi Ter-Tadevosyanın həmin açıqlamasını xatırlayan "Lragir” sadəcə aşağıdakı sözlərlə kifayətləndi: "İyulda Rusiya Azərbaycana yeni raketlər verdi, Putinlə Əliyev görüşdü. Bu görüşdə Qarabağ münaqişəsi barədə ya danışmayıblar, ya da bu barədə açıqlama vermək istəmirlər”.
Ermənistanın "Past" qəzeti də məsələ ilə bağlı ehtimallar verməkdən çəkinmir. Qəzet Soçi görüşü zaman Vladimir Putinin "regionda vəziyyət mürəkkəbdir” sözlərinə əsaslanaraq tərəflərin Qarabağ münaqişəsini də müzakirə etdiklərini ehtimal edir.

Rusiya şərhçiləri də görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu ehtimal edirlər. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev "Vestnik Kavkaza" portalının görüşlə bağlı sualına cavab olaraq bildirib ki, Rusiya Qarabağla bağlı "vicdanlı broker” kimi davranır və heç kimin tərəfini tutmur.
Bu isə o deməkdir ki, nəticənin necə olmasından asılı olmayaraq istənilən variantda Rusiya öz broker faizini götürəcək və Azərbaycanın əldə edəcəkləri (torpaqların işğaldan azad olması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və s.) yalnız rəsmi Bakının atacağı addımlardan asılı olacaq. Bu isə Azərbaycanı güclü olmağa, lazım gələrsə, əraziləri hərb yolu ilə azad etməyi bacarmağa məcbur edir.
Yəni kartlar açıqdır və erməni şərhçilərin dediyi kimi, münaqişənin əsas moderatoru Rusiya Azərbaycana müharibə hüququ verib. İndi əsas məsələ Azərbaycanın bu müharibəni necə aparmasından asılı olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az