Ermənistanın Qazaxdakı təxribatlarının pərdəarxası: Azərbaycan hələ də Minsk qrupuna ümid edir?
Dünən Qazax rayonu ərazisində, Ermənistanla sərhəddə Dövlət Sərhəd Xidmətinin əsgəri Orxan Nazim oğlu Paşazadə düşmənin snayper gülləsi ilə şəhid edilib
Qeyd edək ki, təqribən 12 gün əvvəl elə həmin istiqamətdə daha bir sərhədçi əsgərimiz – İbrahim Vəliyev düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdu .
Ümumiyyətlə, 2020-ci ilin əvvəlindən bugünədək eyni yerdə Ermənistanın təxribatı nəticəsində üç əsgərimiz şəhid olub.
Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində tez-tez təxribatların törədilməsi və bu zaman itkilərin olması, təəssüf ki, adi hala çevrilir. Əlbəttə, müharibənin tam bitməməsi belə hadislərin vaxtaşırı yaşanmasını labüdləşdirir. Lakin diqqət çəkən məqam odur ki, Ermənistan tərəfi son dövrlərdə belə təxribatları daha çox dövlət sərhədlərində törətməyə üstünlük verir. Xüsusilə, Qazax rayonu ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin nəzarət etdiyi ərazilərdə analoji təxribatların törədilməsi intensiv hal alıb. Belə hadisələr zamanı diqqəti cəlb edən məqamlardan biri də Azərbaycan tərəfinin məhz sərhəddə baş verən təxribatlara reaksiyasının cəbhənin təmas xəttində baş verən analoji hadisələrə göstərdiyi münasibətdən daha loyal və yumşaq olmasıdır.
Haqlı olaraq cəmiyyətdə sual yaranır: Ermənistanın məhz bu ərazidə təxribatlara əl atmasının səbəbi nədir və bu təxribatlara Azərbaycanın reaksiyası nə üçün loyaldır?
Moderator.az-a məsələ ilə bağlı danışan hərbi ekspert, polkovnik Şair Ramaldanov Azərbayanın belə insidentlərə yumşaq raksiya sərgiləməsi fikri ilə razılaşmadığını bildirib. Polkovnik hesab edir ki, müvafiq dövlət qurumları lazım olan səviyyədə mövqelərini bildirirlər:
"Azərbyacanın sərhəddə baş verən hadislərdə sərt reaksiya göstərməməsi fikri məncə doğru deyil. Dövlət strukturları lazımı beynəlxalq qurumlara lazımı səviyyədə fikirlərini çatdırırlar. Minsk qrupunun təmsilçilərinə də lazım olan formada mövqeyimiz çatdırılır. Azərbaycan hər zaman bütün addımlarını beynəlxalq normalara uyğun atmağa çalışır və bu məsələlərə diqqətlə yanaşır”.
Ermənistanın niyə məhz Qazax rayonu ərazisində dövlət sərhədində vaxtaşırı təxribat törətməsi məsələsinə toxunan hərbi ekspertin fikrincə, sərhədlərimizdə belə hallar olub və bundan sonra da olacaq. Çünki təəssüf ki, bu ərazilərdə qonşumuz düşmən Ermənistandır. Ona görə də neçə ki, düşmən var belə hadisələr olub, olur və bundan sonra da olacaq:
"O ki, qaldı belə təxribatların məhz bu istiqamətdə mütəmadi baş verməsinə, bunun bir sıra səbəbləri var. Son dövrlərdə Azərbaycan prezidenti İlham Əliyevin Münhendə Paşinyanla debatı, Minsk qrupunun fəaliyyəti və sair amillərə görə ermənilər belə təxribatların sayını artırıblar.
Ancaq bunun daha çox Qazax rayonu ərazisində baş verməsi də bəzi məqamlarla bağlıdır. Bilirsiniz ki, Sərhəd Xidmətinin birləşmələri orada yerləşdiriləndən sonra burada belə təxribatların sayı çoxaldı, ilk dövrlərdə ermənilər tərəfindən maşınlar vuruldu və s. Bu təxribatın da qarşısı Sərhəd Xidmətinin əsgərləri tərəfindən yüksək səviyyədə və qəhrəmanlıqla alındı.
O əraizlər dövlət sərhəddidir və sərhəd qoşunlarının orada yerləşdilirləmsindən sonra gözləmək olardı ki, burada insidentlərin sayı azalsın. Lakin Ermənistan bunu qəbul etmir. Məlumdur ki, Azərbaycan Ermənistanla bütün dövlət sərhədində Sərhəd Xidmətinin əsgərlərini yerləşdirməyi planlaşdırdı və bu prosesi Qazaxdan başlatdı. Sonra Tovuz və Gədəbəy rayonları ərazilərində də bu davam etdiriləcəkdi. Lakin ermənilər bunun reallaşmasının qarşısını almaq istəyir. Bunun da səbəbi odur ki, Ermənistan bilir ki, Azərbaycan bu ərazilərdə sərhədçiləri yerləşdirdikdən sonra buradakı digər qoşun bölmələrini Dağlıq Qarabağdakı digər bolmələrə dəstək məqsədilə istifadə edəcək. Yəni gələcəkdə mümükün hərbi əməliyyatlarda daha mobil və güclü ordu ilə iştriak edəcək. Bu, səbəblərdən biridir.
Digər tərəfdən də ermənilər bilirlər ki, dövlət sərhədi ərazilərində Azərbaycanla geniş miqyaslı hərbi toqquşma real deyil. Çünki onların Rusiya ilə sərhədlərin birgə qorunması barədə razılaşmaları var və Ermənistan burada Rusiya faktorundan istifadə edir.
Sizə xatırladım ki, hələ 1995-ci ildə mən Tovuz rayonu ərazisində fəaliyyət göstərərkən Ermənistanla sərhəddə insident baş vermişdi və bu zaman biz Rusiya hərbiçiliəri ilə da danışıqlar aparmalı olmuşduq”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Qazax ərazisində baş verən insidentlə bağlı Azərbaycan tərəfinin reaksiyası sönük təsir bağışlayır:
"Bu, xüsusi bir təxribatdı. Çünki Dağlıq Qarabağ və onun ərazisinə daxil olan bölgədə baş vermir.
Ermənistanın Rusiya ilə hərbi müqaviləsi, var, Rusiyanın orada hərbi bazası mövcuddur. Ermənistan KTMT-nin üzvüdür. Ona görə də ermənilər dövlət sərhədində belə təxribatlar törətməklə düşünürlər ki, Azərbaycan sərt reaksiya verəcək və prosesə Rusiya da cəlb ediləcək.
Ancaq fikrimcə, nə olur-olsun biz verdiyimiz itkilərə seyrçi qalmamalıyıq.
Xarici İşlər Nazirliyinin bu msələyə münasibəti məni qane etmədi. Türkiyədən nümunə götürməliyik. Cavab elə verilməlidir ki, Ermənistan bunun qarşısında heç bir addım ata bilməsin. Biz bütün addımlarımızda Rusiya amili nəzərə alsaq onda gərək heç bir iş görməyək”.
Miq.Az