Evlənmək istəyənlərin 7 faizində irsi qan xəstəlikləri aşkarlandı

Evlənmək istəyənlərin 7 faizində irsi qan xəstəlikləri aşkarlandı
Azərbaycanda indiyədək nikaha daxil olmaq üçün müayinədən keçənlərin təxminən 7 faizində irsi qan xəsləlikləri aşkarlanıb.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur.

"Bilirsiniz ki, talassemiya Azərbaycan üçün aktual problem idi. Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur və həmin insanlar, xüsusən də uşaqlar ölümlə qarşı-qarşıya idilər. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir neçə il öncə Respublika Talassemiya Mərkəzinin yaradılması belə xəstələrin müalicə imkanlarını genişləndirdi. Mərkəzə il ərzində 20 minə qədər müraciət olur. Hazırda 3000 uşaq orada daimi müalicə alır”.

O, eyni zamanda vurğulayıb ki, Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib: "Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir. Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir. Ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb”. /Anspress.com/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az