Fazil Mustafa: “40 min işsizi hara qoyaq? İşsizlikdən taksi sürürdülər də, ixtisasa görə taksi sürücüsü deyillər ki...”
"Taksilərlə bağlı məsələ böyük sosial gərginlik yaratmaq istiqaməti götürüb və qarşısında durmaq çox çətin olacaq. Taksiləri bağladın, yola heç kim çıxa, hərəkət edə bilmədi, bəs sonrası nə olur? Bu, insanların sonradan hansısa prosesdə çətinliklər yaşamaları deməkdir. O yerdə bunu rahat qəbul etmək olar ki, orada tramvay xətti var, harasa getmək imkanın mövcuddur, yaxud metro normal çalışır, hərəkəti həyata keçirə bilirsən. Çox mürəkkəb situasiyadır. Sözün açığı, izahını vermək xeyli çətindir. İşsizlər ordusunun yaranmasını ölkəmiz üçün böyük təhlükə hesab edirəm. Hər halda nəticələri xoşagələn olmaya bilər. Problemlərin müəyyən sadələşmiş həlli yolunu tapmaq əvəzinə, daha çox "işsizlər ordusunu necə yaradaq?", "ölkədə sosial gerginliyi necə zirvəyə dırmandıraq?" deyə yanaşma var...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bir yeri qapadırsansa, digər tərəfdən iş yeri açmalısan: "İş yeri açmırsansa, bütün bu yanaşmaların hər hansı şəkildə izahı ola bilməz. Bu cür münasibət böyük narahatlıq yaradır. Təbii ki, yollar axtarılır. Axı yollar ancaq qapatmaqla, hansısa şəkildə məhdudiyyət yaratmaqla həll olunmur. Əlbəttə, müəyyən sıxıntılar var. Yaxşı, vətəndaş nədən və hansı formada istifadə edəcək? İctimai nəqliyyatın effektli çalışması təmin olunubmu? Təmin olunubsa, onda bunun əlamətləri görünməlidir. Metro tikintisi vaxtilə tamamilə arxa plana qoyuldu. Bu gün onun fəsadı daha çox görünür. Belə bir vəziyyətdə problemin həlli istiqamətində daha rasional yolların tapılması vacibdir. Əks halda, biz bu prosesləri tənzimləməkdə çətinlik çəkəcəyik. Bəs bu boyda 40 min işsizi hara qoyaq? Onsuz da bu adamlar işsizlikdən taksi sürürdü də. İxtisasa görə taksi sürücüsü deyillər ki...”
Qeyd: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: "Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcılar arasında da sürücü ehtiyacımız var”.