Fitosanitar Xidmət sahibkarların nəfəsini kəsir
Dövlət xidməti prezidentin tapşırıqlarına niyə məhəl qoymur?
Adının mediada hallanmasını istəməyən
tikinti materiallarının idxalı-ixracı sahəsində çalışan bir sahibkar
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti xidmətindəki korrupsiya hallarından TodayNews
İnformasiya Portalının redaksiyasına şikayət məktubuyla müraciət edib.
Ölkə
başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə
sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə
sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin
aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə
yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür
adı çəkilən qurumda məhəl qoyan yoxdur.
Belə ki, redaksiyamıza
daxil olmuş məktuba əsasən, sahibkar və onun qeyd etdiyinə əsasən bu
sahədədə çalışan əksər sahibkarlar Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki
rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkir. Fitosanitar Nəzarət
Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman
Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz müvafiq
preskurantlarını (qiymət – red.) müəyyən etmişlər və həmin
preskurantlara uyğun olaraq sahibkarlardan əlavə ödənişlər etməyi tələb
edirlər. Tarif Şurasının qərarı ilə idxal edilən materiallara
fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə
materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına
fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində
rüsum müəyyən edilmişdir.
Lakin sahibkarın qeyd etdiklərinə
əsasən, Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın
verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb
edir. Sahibkar şikayət məktubunda yazır: "Dövlət Fitosanitar Nəzarət
Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman
Məmmədov tərəfindən müəyyən edilmiş preskurantlara əsasən idxal edilən
materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 vaqon
meşə materialına görə 20 manat, yəni rəsmi tarifdən 20 dəfə artıq
məbləğ, bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin
icazəsi fitosanitar sertifikatlarının verilməsinə görə 160 manat, yəni
rəsmi tarifdən 50 dəfədən artıq məbləğ alırlar. Əlavə olaraq
respublikadan tranzit rejimi altında ixrac edilən 1 vaqon meşə
materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alınır. Mən
isə bu məbləğlərin qanunsuz, daha dəqiq desəm, rüşvət olduğunu xidmət
rəhbərliyinə bəyan etsəm də, onlar yenə də öz qanunsuz əməllərindən əl
çəkmək istəmirlər”.
Sahibkarın bildirdiyinə görə, Dövlət
Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin
şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal
karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər.
İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə
sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət
etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim
etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı
verə bilməyəcəklərini deyirlər. Sahibkar məktubunda qeyd edir: "Mən
2015-ci ilin iyul ayının əvvəlindən başlayaraq Dövlət Fitosanitar
Nəzarət Xidmətinin rəisi Camal Quliyev və şöbə müdiri Mehman Məmmədov
tərəfindən müəyyən edilmiş preskurantlar üzrə ödənişlər etməkdən imtina
etdim. Mənim bu qanuni hərəkətlərim C.Quliyev və M.Məmmədovun qanunsuz
bizneslərinə zərbə vurduğuna görə onlar mənim şirkətimin ünvanına Rusiya
Federasiyasından gələn taxta materiallarına idxal icazəsi verməkdən
müxtəlif bəhanələrlə imtina edirlər, tranzit rejimi altında gələn
yüklərin boşaldılıb müvafiq qaydada göndərilməsinə əsassız müdaxilələr
edirlər, heç bir əsas olmadan vaqonların vaxtında boşaldılmasına
maneəçilik törədirlər və bu hərəkətləri ilə son nəticədə mənim
sahibkarlıq fəaliyyətimə qanunsuz müdaxilə etməklə mənə küllü miqdarda
ziyan vururlar”.
Beləcə Dövlət Xidməti sahibkarları məcbur
edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin.
Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan
sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti
ödəməyə məcbur olur.
Təəssüflər olsun ki, Ölkə başçısının bu
sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ
də var və yüksək postlarda vəzifə tuturlar.
Vətəninfo.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.