Fuad Zeynalov: “Heydər Əliyev irsi bir məktəbdir” - EKSKLÜZİV

Fuad Zeynalov: “Heydər Əliyev irsi bir məktəbdir” - EKSKLÜZİV

Bu gün 15 iyun Milli Qurtuluş Günüdür. Bu münasibətlə kikboksinq üzrə dörd qat dünya çempionu, Sərhəd Qoşunlarının kapitanı Fuad Zeynalovla görüşmək qərarına gəldik. İdmançıının ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəndən sonra Vətəninfo.az-a verdiyi eksklüziv müsahibəni təqdim edirik.

Qeyd edək ki, Yunanıstanın Santorini adasında kikboksinq üzrə dünya çempionatında 27 ölkənin 450 idmançısı mübarizə aparıb. Dünya çempionatında kikboksinqçilərimiz yarışda uğurlu nəticə əldə ediblər. Belə ki, dünya səviyyəsində tanınan Azərbaycan idmançısı, Sərhəd Qoşunlarının kapitanı Fuad Zeynalov böyüklər arasında low-kik versiyası üzrə ən ağır çəkidə (90 kq) ən yüksək nəticəni qazanıb. O, bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda isə İran idmançısını məğlub edən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F. Zeynalov həm də yarışın ən texnikalı idmançısı seçilib.

- Fuad müəllim, sizin üçün Azərbaycan nə deməkdir?

- Azərbaycan mənim üçün dünyanın ən gözəl məkanıdır. Çiçəklənən, ilhamlı Azərbaycanımdan ilham alıram. Hər dəfə bayrağımızı nüfuzlu yarışlarda dalğalandıranda, himnimizi səsləndirəndə, qələbə təntənəsini qeyd edəndə sevincimin həddi-hüdudu olmur. Azərbaycanda idmançılara xüsusi dövlət qayğısı var. İstər Dövlət Sərhəd Qoşunlarının Komandanlığı, istərsə də Ali Baş Komandanımız bizə öz qayğısını əsirgəmir, bu da bizi ruhlandırır ki, yalnız qələbə ilə vətənə dönək. Dünyanın çox yerində olmuşam. Ancaq Azərbaycandan gözəlini görməmişəm.

- Sizin üçün Milli Qurtuluş Günü hansı əhəmiyyəti daşıyır?

- Milli Qurtuluş Günü xalqımızın xilas günü kimi yaddaşıma həkk olunub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə savaşlara son qoydu. Azərbaycan müstəqilliyinin bərpasına təkan verdi. Bu gün Azərbaycan müstəqil, demokratik, hüquqi, sivil bir dövlətdir. Heydər Əliyev şəxsiyyəti bir qəhrəmanlıq məktəbidir. Və mən tələbələrimə həmişə bu hissi aşılayıram. Mənim tələbələrim hər zaman mənim özüm kimi Heydər Əliyev irsi ilə maraqlanır, ondan bəhrələnir. Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevlə hər birimiz fəxr edirik. Onun layiqli davamçısı İlham Əliyev həmin irsi, siyasəti şərəflə daşıyır. Əgər bu gün Azərbaycan dünya miqyaslı yarışlara ev sahibliyi edirsə, bu bizim Prezidentin, Ali Baş Komandanın uğurudur.


- Fuad müəllim, bilirik məşqə tələsirsiniz. Belə bir sualla Sizə müraciət edib, cavab istəyirik. Azərbaycandan kənarda yaşayıb işləmək istərdinizmi?

- Əsla yox. Mən Azərbaycanımda tam diqqət və qayğı ilə əhatə olunmuşam. Bizim yüksək səviyyədə məşlər etməyimiz üçün tam şərait yaradılıb. Gücümüzü sınamaq üçün geniş üfüqlər açılıb. Sadəcə olaraq gərək müntəzəm məşqlər edəsən ki, qalib olub vətənə medallar gətirəsən, bayrağımızı dalğalandırasan. Mən də fürsətdən istifadə edib Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edirəm. Hər zaman Azərbaycanımızın səmasında ulu öndərin ruhu gəzərək onu qoruyub saxlayacaq. Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarının sayəsində tezliklə işğal olunan torparlarımızda qələbə gününü qeyd edəcəyik. Biz idmançılar hər zaman silaha sarılıb döyüşə atılmağa hazırıq.

Alim Nəbioğlu

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az