Füzuli rayonunun Kürdmahmudlu kəndində bir işə görə icra olunmayan iki məhkəmə qətnaməsi

Füzuli rayonunun Kürdmahmudlu kəndində bir işə görə  icra olunmayan iki məhkəmə qətnaməsi

Kənd sakini Elxan Əliyevin torpağında həmkəndlisi ev tikib, mülk qurub. Məhkəmə qətnamələri olsa da zəbt edilən torpaq boşaldılmır.

Ədalət məhkəməsinin qətnamələri yerinə yetirilmədiyindən Füzuli rayonu Kürdmahmudlu kəndinin sakini Elxan Əliyev bundan sonra nə edəcəyini belə bilmir . Zəbt edilmiş 0, 33 hektar torpağının boşaldılması barədə iki məhkəmə qətnaməsinin olmasına baxmayaraq hakimlərin verdiyi hökmlər yerinə yetirilmir. 

Şikayətçi Elxan Əliyev də çətin, kasıbkarlıqla dolanan zəhmət adamlarındandır. Ailə vəziyyətinin ağırlaşması səbəblərindən biri də, bir- birini ardınca həyat yoldaşı və qızının dünyasını dəyişməsi olub. Aldığı zərbələrdən hələ də özünə gəlmədiyi, əhvalından, sözündən necə deyərlər görünür. Digər bir səbəb də var ki, odun - alovun içində yanan Kürdmahmudluda az adam olar ki, müharibə acısını görməsin . O ailə yoxdur ki, qardaşın, bacısın, ya yaxın qohumunu itirməsin. Elxan Əliyevin itirdiklərindən biri də qardaşı Əliyev Çingiz Cəmil oğludur.  1993- cü ildə ermənilərin Kürdmahmudlu  kəndinə  hücumu zamanı şəhid olub. Ağır sınaqlar biz insanlarda bir-birinə qarşı mərhəmətli , ədalətli olmağı, haqsızlıq etməməyi anlatmış olduğu halda  Elxan Əliyevlə Hacı Əliyevin arasındakı münasibətlərdə deyilənlərdən heç nə görünmür. 

Elxan Əliyev bildirir ki, 1998-ci ildə aqrar islahatlar  həyata keçirilərkən Kürdmahmudlu kəndinin müxtəlif istiqamətlərində, 1 ha kəndin Arazqırağı , 0, 77 ha isə Haramı düzü tərəfində ailə üzvləri ilə birgə ona torpaq  sahəsi verilib. Haramı düzü tərəfdə olan 0,77 ha torpağın 0,33 ha sahəsini Füzuli rayonunun Zərgər kəndindən Kürdmahmudluya məcburi köçkün gələn Əliyev Hacı Şəmil oğlu zəbt edərək yaşamağa görə ev tikib. Torpaq sahibi Elxan Əliyev icra olunmayan məhkəmə qətnamələrindən danışır: 

"2014-cü ildə Füzulu rayon Məhkəməsinə müraciət elədim. Hakim Məhəmmədəli Bağırov dedi ki, qarşı tərəfin dediyinə görə Aqrar İslahat Komissiyasından sənə verilən dövlət aktı səhvdir. İddia edirlər ki, torpaq onun yox, ayrısınındır. Ona görə sənədi Dövlət Torpaq Komitəsinə göndərib yoxladacam. Düz olsa işə baxacam. Altı  ayda sənədin yoxlanılmasına görə vaxt getdi. Cavab gəldi ki, sənəd düzdü. Həqiqətən də torpaq bizə məxsusdu. Hakim əvvəlcə təşəbbüs göstərdi ki, öz aramızda mübahisəmizi həll eliyək. Ancaq Əliyev Hacı razılaşmadı. Dedi ki, torpaq mənimdi, çıxmıram. Axırda dedim ki, hörmətli hakim bu adam mənə qarşı saymamazlıq edir. Burdan çıxan kimi mənə salam belə vermir. Mən təklif elədim ki, qarşılığı ödənilməklə ya mənim torpağımın əvəzini versin, ya da yerimdən çıxsın. Hakim ona  dedi ki,   razılaşmırsanmı? Torpağımı zəbt eliyən suala cavabında yox dedi.  Bundan sonra Hakim məsələni hüquqi müstəvidə həll eləməyə qərar verdi. Dedi ki, prezidentimizin, dövlətimizin apardığı torpaq islahatı haqqında qanuna əsasən verilən torpağı zəbt eləməyə, üstəlik orada hər hansı tikininti işi aparmağa  heç kimin ixtiyarı yoxdur. Təcili zəbt olunan ərazi boşaldılmalıdır. Get orda nəyin varsa çıxart, torpağı təhvil ver. Rayon məhkəməsinin qətnaməsiylə razılaşmayan Hacı Əliyev qərarın ləğvi ilə bağlı Şirvan şəhər apelyasiya məhkəməsinə müraciət ediblər. 20 iyun 2017-ci ildə Şirvan şəhər Apelyasiya Məhkəməsi də Füzuli rayon Məhkəməsinin qərarını haqlı hesab elədi. Lakin Məhkəmə icraçıları məhkəmə qərarlarının yerinə yetirilməsi təmin etmədilər. Bir çox yerlərə şikayət məktubları yazmalı oldum . Fizuli rayon məhkəmə icraçılarına müraciət elədim. Polis Sahə rəisi ilə gəldilər. Torpaq şöbəsindən də gələn varıydı. Onlar da torpağın mənə məxsus olduğunu təsdiqlədilər. Axşama kimi müxtəlif adamlarla telefonla danışdılar. Axırda icraçılara dedim ki, axşam oldu, məni niyə yubadırsınız. Dedilər ki, arada məhkəməyə müraciət elə. Dedim, məhkəmə qərar çıxardıb, nəyə görə müraciət eləməliyəm ki. Məhkəmə icraçıları məhkəmə qətnamələrini icra edə bilmədiklərini, bacarmadıqlarını etiraf etdilər. Onlara dedim ki, icra edə bilmirsinizsə bəs dövləti niyə aldadırsınız.Onlardakı o gedən getdilər."

Şikayətçi Elxan Əliyev Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitseprezidentə, Ədliyyə Nazirliyinə  məktublar yazdığını, Adı çəkilən qurumlardan isə  İmişli Regional Ədliyyə İdarəsinə qətnamənin icrası ilə tapşırıqlar verdiklərini deyir. Buna baxmayaraq məhkəmə qətnamələrinin icrası yerinə yetirilmir. 

Kürdmahmudlu kənd bələdiyyəsinin sədri Eynulla Xudiyev də Füzuli rayonunun işğal olunmuş Zərgər kəndindən məcburi köçkün olan Hacı  Əliyevin həqiqətən də  Elxan Əliyevə məxsus torpağı  zəbt etdiyini bildirərək, birincinin hərəkətlərini  haqsızlıq adlandırıb. "Çalışdıq ki, ağsaqqallıq edib, mübahisəni həll edək. Aralarında razılaşa bilmədilər. Bizim sözümüzə əhəmiyyət verilmədiyindən qanuni müstəvidə məhkəmə qərar çıxarmış oldu. Hesab edirik ki, məhkəmənin qanuni qətnaməsi yerinə yetirilməlidir" - bələdiyyə sədri belə deyib. 

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az