Gənc yazar Əsəd Qaraqaplan yeni şeirlərini "Veteninfo.az"da oxucuları ilə bölüşür
Torpaqdan Və Ürəkdəndim
Bakıdakı bütün ağaclar qəribdi
bütün adamlar daş ürək
bütün dediyimə baxma bütün
məni yalnız buraxdılar bütün ağaclar
daş ürəkli bütün adamlar məni yalnız buraxdılar
bütün dediyimə baxma bütün
torpaq qazıb gətirdim kəndimizdən ağaclara
adamlara ürək alıb gətirdim
qazdığım torpaqları ağaclara vermədilər
adamlara vermədilər aldığım ürəkləri
mənsə bütün torpaqdan və ürəkdəndim
bütün dediyimə baxma bütün
sizə bir şey danışım kəndimizdən
bizdə ağaclar əkilməz - özü bitər
doğulanda özü bitər köksümüzdə ürəklər...
Yatağı Sevgidən İsti Bir Qadın
Adı Lenaydı - 40 yaşında
İki kərə evlənmişdi - boşanmışdı
Qadınlığı və sevgisi mənim 25 yaşımdaydı
Gözləri kədərliydi sevişmək öncələri
Məni sevdiyim qadına qısqanırdı
Az danışar çox sevərdi
Şərab dilini açmazdı - ürəyini açardı
Yeməkləri anam kimi bişirər
Evini bacılarım kimi təmizlərdi
Qorxduğu adamlar vardı ətrafında
Qardaşları bacıları qonşuları
Gecədən keçmiş ona qonaq gedərdim
Dəhlizin işıqlarını söndürərdi qonşuları görməsin
Evdə bizdən başqa da biri vardı - adı qorxu
İlk dəfə evləndiyində çox gənc imiş
Az qala mən yaşında bir oğul anasıydı
Yatdığım ilk qadın idi anam kimi sevdiyim
Məni qapıda qarşılayıb boynuma sarılan Lena
İşçi yorğunluğumun bir öpüşünə bən olan
Süfrəsi ürəyindən geniş
Yatağı sevgidən isti bir qadın...
Kafkanın sevgilisi Milenaya məktub
Nə biz Frans Kafkayıq
Nə də onlar Milena
Nə biz adam olmadıq
Nə də onlar, Milena
Gəlmədilər, getdilər
Bizi viran etdilər
Nə qədər bədbəxtdilər
Bu insanlar, Milena
O da mənə yan deyir
Yanmalı insan deyil
Daha qəhraman deyil
Qəhramanlar, Milena
İçirəm, hey içirəm
Adamlardan keçirəm
Yenə Onu seçirəm
Sərxoş anlar, Milena
Ağrılarım çoxalıb
Ölümümə az qalıb
Həmişə belə tək ölüb
Qəribanlar, Milena
Kafka öldü, mən öldüm
Yandım, söndüm, töküldüm
Hardan bileydi küldüm
Yanmayanlar, Milena
Nə biz Frans Kafkayıq
Nə də onlar Milena...
Qanımız Azadlığımızdı Xuraman
(Xuraman Hüseynzadə üçün)
Gördüm damarlarını çox üzüldüm, Xuraman
Həyata enmək vaxtıykən
İynələr, sitemlər damarlarımıza endi
Bizi acı dərmanlara qonaq etdi ayrılıqlar
Həyatımızın rəngləri bədənimizin rəngləriylə dəyişdi
Xəstə olduq bu xəstələr arasında
Xərclədik ömrümüzü əsəb cığırlarında
Gənckən unutmalıydıq gənckən unutdurdular
Bizə şans qoymadılar özümüz kimi olmağa
Bir Rafiq Tağımız vardı - adam kimi həkimdi
Həkim kimi adamdı
Onu da arxasından vurdular qaranlıqda
Bizim ürəyimizə
Onunsa kürəyinə saplandı namərd bıçağı
İndi halımızı soran yox
Yanımıza gəlib-gedən
Bütün ayrılıqların ömrü bir bıçaqlıqmış
Bütün şairlərin də həyatı bir ayrılıqlıq
Damarlarını gizlət daha, Xuraman
Bir insan yerimiz varsa
Qanımız axan damarımız
Bir yaşam yerimiz varsa qanımızdı
Qanımız azadlığımızdı, Xuraman...