Gəncə Ağır Cinayətlər Məhkəməsində qadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Göygöl rayon sakinləri Vüqar Cəfərov, Kamil Yusifov, Cavid Əmiraslanov, Boran Musayev və Elgün Məhərrəmovun məhkəməsi başa çatıb.
“Vətəninfo.az” xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 132-ci (döymə) maddələri ilə təqsirli biliniblər. İttihama görə, 2010-cu il noyabrın 19-da Göygöl rayonunun Topalhəsənlı kənd sakini Cavid Əmiraslanovun hərbi xidmətə yola salınması səbəbi ilə məclis təşkil edilib. Məclisdə Topalhəsənli bələdiyyəsində mühasib işləyən 55 yaşlı Güləbat Namazova da iştirak edib. G.Namazova təqsirləndirilən şəxslərlə birgə yeyib içibmiş.
Yeyib-içdikdən sonra təqsirləndirilənlər sərxoş halda evinə gedən G.Namazovanı kənd ərazisində yolun kənarındakı sahibsiz tikiliyə aparıblar. Həmin evdə qadını möhkəm döyüb, sonra onu zorlayıblar. Qadının öldüyünü görən həmkəndlilər hadisə yerindən qaçıblar.
Lakin gecə saat 23.30 radələrində hadisə yerinə qayıdan Vüqar Cəfərov və Kamil Yusifov meyiti sonuncuya məxsus eşşəyə qoyaraq, Gəncəçay çayına aparıblar. Orada cinayətin izini itirmək məqsədi ilə meyitin üzərində olan qan və spermanı yuyub, qadına paltar geyindirərək çaya atıblar.
Məhkəmədə ifadə verən Vüqar Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, Güləbat Namazovanı öldürmək deyil, onunla cinsi əlaqədə olmaq məqsədilə kimsəsiz evə aparıblar. K.Yusifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Təqsirləndirilən C.Əmiraslanov ittiham üzrə özünü təqsirli bilməyib. B. Musayev də məhkəmə ifadəsində hadisənin şahidi olduğunu qeyd edib. Məhkəmənin hökmü ilə V. Cəfərov 15 il, K. Yusifov 15 il, C. Əmiraslanov, B. Musayev 10 il, E. Məhərrəmov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Teleqraf.com