General-leytenant Kərim Vəliyev: "Təhlükə və risklərin aradan qaldırılması..."
Azərbaycan generalı Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı haqda
"Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştiraka xüsusi önəm verir. Bu forumda qlobal və regional təhlükəsizliyin əsas problemlərinə nəzər yetirilir, real və yenidən yaranmış təhlükə və risklərin aradan qaldırılması istiqamətləri və yolları müəyyən edilir, təcrübə mübadiləsi aparılır və digər mühüm məsələlər müzakirə olunur".
Bunu APA-ya açıqlamasında VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən müdafiə nazirinin müavini, general-leytnant Kərim Vəliyev bildirib.
"Coğrafi cəhətdən Azərbaycan bir tərəfdən beynəlxalq terrorçu təşkilatlarla silahlı mübarizə ocaqlarına bilavasitə yaxın yerləşir, digər tərəfdən isə 30 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Bu münaqişənin təməlində aqressiv separatizm dayanır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması və müxtəlif məsələlərlə bağlı həmkarlarımızla fikir mübadiləsi imkanının olması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik", - deyə o qeyd edib.
Miq.Az xatırladır ki, "Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.
Miq.Az