General Qabil Məmmədovdan Operativ Qərarğaha TƏKLİF: "Ehtiyatda olan zabitlərimiz arasında..."
Ehtiyatda olan general-mayor
Qabil Məmmədov
Dəyərli Dostlar!
Bildiyimiz kimi bu gün bütün dünya koronavirusa qarşı mübarizə apardığından, demək olar ki, həyat hər yerdə sönmüş, sağlamlıqdan başqa digər məsələlər öz aktuallıqlarını itirərək arxa plana keçirilmişlər. Bu gün Operativ Qərargahın rəhbərliyi tərəfindən atılmış addımlar virusun yayıma sürətini müəyyən dərəcədə əngəlləyə bilsə də, amma nəticələr nə rəhbərliyi, nə də ki, biz vətəndaşları tam qane edə bilmir. Virusun yayılma tempi, hələlik artan xətt üzrə davam edir və az bir müddətdən sonra məhdud imkanlara malik olan müalicə müəssisələrimizi çox ağır vəziyyətə salacaqdır. Bu vəziyyət əhali arasında panika və idarəetmədə isə xaos yarada bilər. Biz gözləməməliyik ki, qarşılacağımızı ehtimal etdiyimiz belə bir arzuolunmaz vəziyyətlə üzləşək.
Mən bu yazımda gündəmdə olan bir çox məsələlərə toxunmaq istəmirəm (çünkü çoxlu addımlar atılıb, atılır və atılmağı planlaşdırılır. Əsasən də sosial təminat üzrə addımlar atılacaq), amma bir vacib məsələ ilə bağlı, bir vətəndaş olaraq, Operativ Qərarğahın rəhbərliyinə təklif vermək istərdim.
Bizim, ehtiyatda və istefada olan çoxlu sayda hərbi həkimlərimiz, felşer və tibb bacılarımız, qardaşlarımız vardır. Onlar vaxtıkən güc strukturları sıralarında, böyük bir həyat məktəbi keçmiş və zəngin təcrübəyə malikdirlər. Xalqımızın bu ağır günündə, hamımız bir nəfər kimi həmrəy olmalı (dövlətin və xalqımızın marağını üstün tutmalıyıq), bütün imkan və resurslarımızı səfərbər etməyə hazır olmalıyıq. Belə ki, biz sahib olduğumuz kadr və maddi-texniki resurslarımızdan istifadə etmək müqabilində, əlavə olaraq 4 -5 qospital açmaqla işlərimizi qismən yüngülləşdirə bilərik.
Ehtiyatda olan zabitlərimiz arasında, vaxtıkən qospital rəisləri olmuş çoxlu sayda təcrübəli kadrlarımız vardır. Bu gün biz əsla vaxt itirmədən, SHXÇDX-nə (Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti) müvafiq sərəncam verməklə, bu qospitalların açlışlarını (otellərdə, turizm bazalarında və ya digər bazalarda) həyata keçirməliyik. Sözügedən bu qurum (SHXÇDX), zatən belə bir səfərbərlik planlarına malikdir (ən azından müharibə dövrü üçün malik olmalı idi) və sərəncam aldığı saatdan (təyin olunmuş zaman qrafiki çərçivəsində), onların açlışını, komplektləşdirilməsini və fəaliyyətini tam şəkildə təmin etməlidir.
Biz, qospitalların açlışı vasitəsilə, bu qurumun da sözdə yox, əməldə nəyə qadir olduğunu yoxlaya bilər və səfərbərlik planlarımıza müvafiq düzəlişlər edə bilərik. Yoxsa bu gün bizim bir sıra məmurlar, dil pəhləvanları olaraq Rəhbərliyə yanlış məlumatlar verməyə cəhd edirlər.
Allah xalqımızı və vətənimiz Azərbaycanı qorusun!
Miq.Az