GENERALLA bağlı İTTİHAMLARA cavab-YALANDIR
Dünən Miq.az saytında mənə çox yaxın və tanış olan bir şəxs barədə məlumat oxudum. Son zamanlar kütləvi informasiya vasitələrində (əsasən internet saytlarında) müxtəlif dövlət məmurları barədə məlumatlar yayılır. Bu gün oxuduğum məqalədən sonra bu məlumatların bir çox hallarda həqiqəti əks etdirdiyi barədə şübhələrim yarandı. Söhbət 10 mart 2016 - cı il tarixdə saat 11-44 də miq.az-da edilən "Generalla bağlı ilginc iddia: Hərbi xidmətdə olmayıb" başlıqlı məqalədən gedir. Məqalənin sonunda gundelik-baku.com saytına istinad edilmişdır. Heç kimi şər və böhtanda günahlandırmaq istəmirəm. Mətbuat işçilərindən xahiş edərdim ki, yoxlanılmamış məlumatları yazmaqla, öz reytinqlərini artırmağa cəhd göstərməsinlər.
Bildirmək istəyirəm ki, Bağırov Şahin Soltan oğlunu 1981 - ci ilin avqust ayının axırlarından tanıyıram. Keçən əsrin 70-80-ci illərində çoxlu Azərbaycan övladları Respublikadan kənarda təhsil almağa göndərilirdi. Xalq arasında "inoqornıy" təhsil (Иногороднее образование) deyilirdi. Mən və Bağırov Şahin həmin azərbaycanlı gənclərin sıralarında olmuşuq. Voronej Dövlət Universitetinin İqtisad fakultəsində bir yerdə oxuyub, eyni gündə diplom işimizi müdafiə etmişik. Səhv etmirəmsə, onun diplom işinin mövzusu, "yüngün sənaye müəssisələrində məhsulun keyfiyyətinin artırılması" ilə bağlı idi. Bildirmək istərdim ki, o təhsil aldığı dövrdə müvəffəq qiymətlər almışdır. Bağırov Şahin Soltan oğlu tələbəlik illəri dövründə Universitetimizin Xolzunova küçəsi ev №42 ünvanında yerləşən 6№-li yataqxanasınin 67 və 85 №-li otaqlarında yaşamışdır. Tələbə Yataqxanasının 85-№li otağında iki il bir otaqda qalmışıq. Universitetin klassik (yunan-roma) güləşi bölməsində birgə məşq etmiş yarışlarda iştirak etmişik. Yuxarıda sadaladığım faktları Voronej Dövlət Universitetində 80-cı ıllərdə təhsil alan bütün tələbələr, Voronejin digər ali təhsil müəssisələrinin tələbələrinin əksəriyyəti də təsdiqləyə bilər. Bu mənim Şahin Bağırovun Voronej Dövlət Universitetinin bitirdiyini şübhə altına qoyanlara cavabımdır.
Sağ tərəfdə- Şahin Bağırov -32 il öncə cəkilən şəkil-1984-cü il
Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirməsi barədə onu deyə bilərəm ki, yaxın bir dost kimi onun qiyabi təhsil aldığını bilirdim. İkinci ali təhsil və namizədlik diplomunun alınmasını yaxın dostlarımızın (Voronej Dövlət Universitetinin keçmiş məzunlarının) dairəsində qeyd etmişik.
Hərbi xidmətlə əlaqədar bildirmək istərdim ki, Voronej Dövlət Universiteti nəzdində hərbi kafedra mövcud olub. Bütün sağlam və hərbi xidmətə yararlı tələbələr həftədə bir gün hərbi kafedrada dərs keçiirdilər. Bizim fakultənin tələbələrindən T-12 tank əleyhinə toplar üzrə zabit hazırlayırdılar. İqtisad fakultəsində oxumuş, hərbi kafedrada 2-4 - cü kurslar ərzində dərs keçən hər bir tələbə 4-cü kursdan sonra 45 gün ərzində Qorkiy vilayətinin (İndiki Nijniy Novqorod) Volodarskiy rayonu, Mulino qəsəbəsində yerləşən poliqon-hərbi hissədə kurslar keçirdi. Universiteti bitirdikdən sonra hər bir məzuna leytenant rütbəsi verilər və o ehtiyatda olan zabit sayılırdı. Hərbi kafedralar Azərbaycanın bir çox alı məktəblərində də olub. Bu da hərbi xidmətlə bağlı cavabımdır.
Fikrimcə, məqalə qərəzli, bəlkə də sifarişlə yazılıb. Şahin Bağırov barədə məlumatlar Azərbaycan Respublikası Gömrük Komitəsinin saytından götürülüb. Həmin saytda Şahin Bağırovun tərcümeyi halından məqalədə verilməyən məlumatı nəzərinizə çatdırıram;
"BMT-nin Avropa İqtisadi Komissiyasının Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə İşçi Qrupunun sədr müavini olmuş, BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən idarə olunan "BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları haqqında gömrük konvensiyası”nın İnzibati Komitəsinin sədr müavini, sonradan sədr vəzifəsində fəaliyyət göstərmişdir. "BYD (Beynəlxalq Yük Daşımaları)” kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları haqqında gömrük konvensiyası”nın İcra Şurasına 3 (üç) dəfə üzv seçilmişdir.
2014-cü ildə BMT Avropa İqtisadi Komissiyası tərəfindən idarə olunan "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın (1982-ci il) İnzibati Komitəsinin sədri vəzifəsinə seçilmişdir."
Məncə, bu faktlar da məqalədə əksini tapsaydı pis olmazdı.
Müəllifdən: Bu yazını bitirdiyim anda məqalənin Miq.az-da Baxış sayı: 2590 - dır. Miq.az saytının rəhbərliyindən Bağırov Şahin Soltan oğlu barədə yazılmış yanlış və şübhəli məlumatlara aydınlıq gətirmək üçün təqdim etdiyim bu yazını öz saytlarında dərc etmələrini xahiş edirəm.
Yekunda özüm haqqında bildirmək istərdim ki, Mən, Axundov Nazim Zakir oğlu Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm. Mənim barəmdə hər hansı məlumatı Auditorlar Palatasının saytından əldə edə bilərsiniz.
Miq.az-dan: Hörmətli Nazım müəllim, Miq.az-ın redaksiyasına göndərdiyiniz məqalənin nöqtəsinə, vergülünə toxunmadan oxucuların diqqətinə çatdırdıq. Biz jurnalist peşəsinin nə qədər məsuliyyətli və nə qədər şərəfli olduğunu hər şeydən üstün tuturuq. Nəinki siz, bu saytda hər bir şəxsin çıxış etmə hüququ var. Son olaraq bildirmək istəyirik ki, Miq.az saytı yarandığı gündən qərəzdən uzaq olub və bundan sonra da bu ənənəsinə davam edəcək. Miq.az heç kimin saytı deyil, HAMININ saytıdır!!!
Miq.az