“Gömrük tarifi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı

“Gömrük tarifi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisdə “Gömrük tarifi haqqında” yeni qanun layihəsinin müzakirəsi başlayıb. Parlamentin İqtisadi siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsinin təqdimatını edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, layihə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhəddindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.

Layihə barədə məlumat verən Dövlət Gömrük Komitəsinin baş idarə rəisi, general mayor Mirqasım Vahabov bildirib ki, sənəd 5 fəsil, 23 maddədən ibarətdir. sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatının xarici rəqabətin mənfi təsirindən qorumaq, dünya iqtisadiyyatına interqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.
İdarə rəisinin sözlərinə görə, sənəddə malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannaməçinin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azad etmə və tarif güzəştləri də öz əksini tapır.
Qanun bir sıra malları gömrük rüsumundan azad edəcək
Yeri gəlmişkən qeyd edək ki,  adıçəkilən qanun layihəsində  bir sıra malların gömrük rüsumundan azad olunacağı  və  həmin malların adları da açıqlanır.

Layihədə qeyd olunur ki, gömrük rüsumlarından müəyyən yükləri, baqajları və eyni zamanda dənizdə balıq ovlayan Azərbaycan gəmilərini və Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan azad edilir. Eyni zamanda Azərbaycanın milli valyutası, xarici valyuta və qiymətli kağızlar gömrük rüsumundan azad edilir. Həmçinin, miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətləri gömrük rüsumundan azad edilir. Layihədə eyni zamanda bildirilir ki, istehsal ehtiyaclarının yerli xammal hesabına ödəmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

Gömrükdən keçirilən zaman hər hansı mala gömrük əməkdaşı tərəfindən düzgün olmayan dəyər təklif edilərsə və məhkəmə bəyannaməçinin mövqeyinin düzgün olduğunu hesab edərsə bəyannaməçiyə dəyən zərər və malın dəyərinə edilən düzəlişlər bunu təklif edən vəzifəli gömrük əməkdaşının tutulmaqla bərabər həmin şəxs eyni zamanda intizam məsuliyyətinə cəlb olunur.
Müzakirələrdən sonra yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Kamil

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az