“Hamıdan yerdən göyə qədər razıyam”

“Hamıdan yerdən göyə qədər razıyam”
Bu gün şair, jurnalist Elçin Mirzəbəylinin doğum günüdür.

 

Vətəninfo.az xəbər verir ki, 1967-ci ilin bu günü Lənkəran şəhərində doğulan şairin 47 yaşı tamam olur.

 

"Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu" və "Sevgi məktubları" kitablarının müəllifi olan Elçin bəy Axar.az-a doğum günlərini qeyd etməyə alışmadığını açıqlayıb:

 

"Doğum günlərimi qeyd etməyə alışmamışam. Adətən sıradan bir gün kimi keçirirəm. Amma doğmalar, dostlar diqqətdən kənarda qoymurlar məni. Dövlətin də, millətin də mənə münasibətindən yerdən göyə qədər razıyam”.

 

Şairin heç yerdə çap olunmamış şeirlərini təqdim edirik:

 

***

 

Mən sənə Tanrının əmanətiyəm

Mən sənin kiminəm, nəyinəm deyib

Düşünmə…

Cavabı özündə ara.

Keçdiyin yolların hər qarışında

İzinə sarılan izimdə ara…

 

Gecələr adımla qol-boyun olan

Dilinin ucundan asılıb cavab.

Bəlkə nəfəsinin hərarətinə,

Bəlkə də…

ovcuna yazılıb cavab.

 

Bəlkə gözlərində alışıb yanan

O sözdü…

Hər gecə aradığın söz.

Gecədən sabaha körpü çəkdiyin,

Gecəni sabaha

sarıdığın söz…

 

Mən sənin hər gecə xəyallarında

Tapıb itirdiyin adamam, qadın…

Göz yaşı içində…

Dualarınla

Yerə gətirdiyin adamam, qadın.

…Hər gün baxışımla açılsın səhər

Ensin gözlərinə şüa yerinə…

Mən...

sənə Tanrının əmanətiyəm

Al...

Oxu hər gecə dua yerinə...

 

 

Kimdi bu adam?

 

İlahi!

İlahi, kimdi bu adam –

Tanrı əzabıdı,

Tanrı payıdı?

Qoymadı torpaqla, daşla danışım.

Deyir, Yer üzündə dərd havayıdı...

Dur gedək...

Böcəklə, quşla danışaq...

 

Dur gedək, küləklə danışaq bir az,

Sarılaq bir eşqin budaqlarına...

Dur gedək, çiçəklə danışaq bir az –

Ətri təslim olsun dodaqlarına...

 

Üfiqdə ümidlər bizi gözləsin

Dan yeri bir sirli baxışa dönsün

Səmada buludlar bizi gözləsin...

Sıxaq ovcumuzda, yağışa dönsün

Yağsın Yer üzünün günahlarına,

Yağsın bu dünyanın sabahlarına...

 

...Nə səsim duyulur...

Nə dualarım

Yetişmir kimsənin qulaqlarına...

İlahi, de, hardan atılım indi

Gəlib düşə bilim ayaqlarına?

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az