Hərbiçilərin kirayə haqqını dövlət ödəyəcək

Hərbiçilərin kirayə haqqını dövlət ödəyəcək

İstefaya buraxılmış bəzi vətəndaşların kirayə ödənişini dövlət kompensasiya edəcək

Nazirlər Kabinetinin rəsmi saytının verdiyi məlumata görə, Nazirlər Kabineti ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edib.

Qərar Müdafiə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

Qərara əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı kompensasiya ödənilir. Kompensasiyanın məbləği Bakı şəhərində 47,30 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 28 manat müəyyən olunub.

Göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödəniləcək.

Nazirlər Kabinetinin tapşırığına əsasən, şəhər və rayon icra hakimiyyəti başçılarına bir ay müddətində bu qərarda göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyinə isə 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutmaq tapşırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az