Son günlər xarici ölkələrin mediasında Azərbaycanın müharibəyə hazırlaşması barədə xəbərlər yayılıb.
Cəbhə xəttindəki hərbi canlanma və müdafiə naziri Zakir Həsənovun tez-tez cəbhə bölgəsinə səfəri və sərt bəyanatları bu məsələninin ciddiyətini daha da artırır.
Son günlər yayılan bu xəbərləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, Parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov dəyərləndirib.
Ziyafət Əsgərov: "Biz dəfələrlə bəyan etmişik, nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır Azərbaycan hər zaman öz torpaqlarını işğaldan azad etməyə həmişə hazırdır. Ermənistan artıq neçə illərdir danışıqlar xatirinə danışığa gedir, imitasiya edir. Hesab edirəm ki, bunun nəticəsi gəlib çatmalıdır. Görürsünüz ki, nəticə də yoxdur. Ermənistan sadəcə imitasiya ilə məşğuldur. Ermənistan imitasiya ilə məşğul olduğu dövrdə Azərbaycan da güclənməklə məşğuldur. Azərbaycan həm iqtisadiyyatını, həm siyasətini, həm diplomatiyasını və əlbətdə ki, ordusunu gücləndirir. Günlərin birində əgər Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə başlasa, buna heç kim təəccüblənməsin, çünki bu bizim suveren hüququmuz, beynəlxalq hüquqi haqqımızdır və xalqımızın tələbidir. Ölkə prezidenti, Ali baş komandan dəfələrlə bəyan edib ki, bizim ordumuzun səviyyəsi o həddə çatıb ki, ən uzağı 1 həftəyə torpalarımız işğalçılardan azad etmək qüdrətindəyik. Bunu ermənilər də bilir, sadəcə danışıqlarla bunun vaxtın uzadır".
Ölkə.az