Hüseyn Bağırov Robert Sekutanı qəbul edib
İyulun 9-da Ekologiya və Təbii Sərvətlər Naziri
Hüseyn Bağırov Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul
edib. Görüş səfirin müraciəti əsasında baş tutub və tanışlıq xarakteri
daşıyıb. Görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının
inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq
sahədə əldə edilən nailiyyətlərdən danışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti
nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi,
ekoloji problemlərin həlli istiqamətində ölkədə aparılan ardıcıl ekoloji
siyasət barədə də ABŞ səfirinə məlumat verib. Qeyd edilib ki, son on
ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və
əvvəllər ölkə ərazisinin 11,4 faizini təşkil edirdisə, hazırda 11,8
faizədək artıb. Meşə fonduna daxil olmayan ərazilərdə yaşıllıqların
artırılması sahəsində də nəzərəçarpacaq işlər görülüb. Son 4-5 il
ərzində Bakı və Abşeron yarımadasında 3613 hektar ərazidə 4,6 milyon
ədəd, müxtəlif bölgələrdə 1800 hektar sahədə 1,2 milyondan artıq ağac
əkilib. Amerikalı diplomata bildirilib ki, bu və ya digər mühüm ekoloji
layihələrin həyata keçirilməsi ilə paralel olaraq xüsusi mühafizə olunan
təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə
artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Vəhşi təbiətin
mühafizəsi istiqamətində "Heydər Əliyev Fondu”nun dəstəyi ilə həyata
keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına
köçürülüb.
Səfir Robert Sekuta Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif
sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi
olduğunu bildirib, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən
sonra ABŞ-ın ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra
etdiyini qeyd edib.
Görüşdə 2015-ci ilin sonunda Parisdə keçirilməsi nəzərdə tutulan BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına
hazırlıq ilə bağlı məsələlərə toxunulub. Müzakirə zamanı hər iki ölkə
tərəfindən iqlim dəyişmələri üzrə yumşaldılma tədbirlərinin
aktivləşdirilməsi, həmçinin iqlim dəyişmələrinin təsirlərinin
azaldılması və itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya
tədbirlərinin həyata keçirilməsinin, ümumiyyətlə Azərbaycan ilə ABŞ
arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın
bundan sonra da aktivləşdirilməsinin vacibliyi vurğulanıb.
Vətəninfo.az