I Qarabağ savaşında Ermənistanla sərhəd xətti necə müəyyən edilirdi?- Keçmiş alay komandiri
"O vaxt indiki kimi şifahi mübahisələr getmirdi, sadəcə, silah gücünə sərhədimizi qorumağa çalışırdıq...”
*** ***
"SSRİ 7-ci ordusunun birləşmələri Ermənistan tərəfdən bütün sərhəd boyu müdafiə mövqelərində idi...”
*** ***
Bəlli olduğu kimi, hazırda Azərbaycan-Ermənistan arasında daha çox gərginlik yaradan məsələ sərhəd xətlərinin konkretləşdirilməsi, yəni demilitasiya və demarkasiyasıdır. Təcavüzkar ölkə ilə ən çox mübahisələrə səbəb olan isə Laçın və Kəlbəcər rayonları ərazisindəki sərhəd xəttidir. Son aylar adı daha çox hallanan Qaragöl yaylağı və İşıqlıdağ yüksəkliyi məhz Laçın rayonunun Ermənistanla sərhədindədir.
Bəs görəsən, 1988-ci ildə ermənilər Qarabağda separatçı hərəkatı başladandan 1992-1993-cü illərdə Laçın rayonunun tam işğalınadək bu ərazidə sərhəd xətti hansı üsullarla müəyyənləşdirilib? 1988-1991-ci illərdə rayon ərazisinə yeridilmiş keçmiş SSRİ ordu birləşmələri ilə münasibətlər necə tənzimlənib?
Moderator.az-ın bu və digər suallarına cavab olaraq keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, ehtiyatda olan polkovnik Arif Paşa bunları bildirib:
"Laçın rayonunun Ermənistanla sərhədinin uzunluğu 100 km-dən çoxdur. 1988-ci ildə ermənilər Xankəndində separatçı hərəkatı başlatdıqdan bir neçə ay sonra sovet-rus ordusunun təxminən 100-ə yaxın hərbçidən ibarət birləşməsi Laçına gəldi. Həmin vaxt biz artıq Müdafiə Komitəsi yaratmışdıq. O komitəyə rayon milisindən də nümayəndələr daxil idi. Bu qurum sovet ordusu ilə ziddiyyətlərin də qarşısını alırdı. 1988-ci il aprelin 29-dan Müdafiə Komitəsi olaraq leqal fəaliyyətə keçdik və Ermənistanla bütün sərhəd kəndlərində yerli milis və könüllülərdən ibarət postlar yaratmağa başladıq. Artıq, səhv etmirəmsə, 1989-cu ildən SSRİ-nin 4-cü ordusunun ümumi sayı 600-ə yaxın olan birləşmələri Laçın rayon mərkəzində, Qayğı qəsəbəsində, Ermənistanla sərhədə yaxın Malıbəy və Zabux kəndlərində yerləşmişdi. SSRİ 7-ci ordusunun birləşmələri isə Ermənistan tərəfdən bütün sərhəd boyu müdafiə mövqelərində idi”.
Arif Paşa Ermənistanla sərhəd xəttinin müəyyənləşdirilməsinin maraqlı bir üsulundan da bəhs edib.
"1991-ci ilin payızından Laçın ərazi özünümüdafiə taboru və ardınca 1992-ci ilin yazında alay yarandıqdan sonra artıq polis rayondaxili asayişi təmin etməyə başladı, Ermənistanla sərhədin mühafizəsini isə hərbi hissəmiz öz üzərinə götürdü. Biz o zaman Ermənistanla sərhədi həm əlimizdə olan coğrafi xəritələr və eyni zamanda sovet dövründən istər Ermənistanla, istərsə də yerli qonşu təsərrüfatlar arasında ağsaqqallarımızın yerini dəqiq bildiyi torpağa basdırılan kömür xətti ilə müəyyən edirdik. O vaxt indiki kimi şifahi mübahisələr getmirdi, sadəcə, silah gücünə sərhədimizi qorumağa çalışırdıq. Və 1992-ci il aprelin 30-a, yəni Laçın alayı Müdafiə Nazirliyindəki Rusiya agentlərinin əli ilə tamamilə əsassız olaraq ləğv edilənədək biz Ermənistanla sərhədimizə bütün hücumları dəf edə bilirdik”- deyə keçmiş alay komandiri vurğulayıb.
Sultan Laçın