Ölkədən çıxışına yasaq qoyulduğu bildirilən məmur həbsin bir addımlığındadır
Xətainin icra başçısı Razim Məmmədova xaricə çıxış yasağı qoyulub. Bu barədə PİA.AZ-a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yay məzuniyyətinə çıxıb. İcra başçısı yay məzuniyyətini ölkədən xaricdə keçirmək istəsə də, buna müyəssər ola bilməyib. Belə ki, məlumatlı mənbə bildirir ki, icra başçısı xaricə getmək istərkən onu hava limanından geri qaytarıblar. Razim Məmmədova qeyri-rəsmi şəkildə bildiriblər ki, ona ölkədən çıxmaq yasaq olunub. Məlumatlı mənbə qeyd edir ki, Razim Məmmədov hal-hazırda Novxanıdakı bağında dincəlir. İcra başçısının həmçinin narahat olduğu və xaricə çıxma yasağının səbəbini araşdırdığı və həmçinin bu yasağı qaldırmağa çalışdığı bildirilir. Qeyd edək ki, Razim Məmmmədov son zamanlar ən çox tənqidə məruz qalan icra başçılarından biridir. Tez-tez onun vəzifədən çıxarılacağı ilə bağlı şayiələr dolaşır və həmçinin mətbuatda bu barədə məlumatlar gedir. Bu arada, redaksiyamıza icra başçısının keçmişdəki fəaliyyəti barədə çox ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, Xətainin rəhbəri illər öncə, daha dəqiq desək 1998-ci ildə iri tikinti layihələrində iştirak etməyə başlayıb: "Köhnə "Muğan" mehmanxanasının yerindəki hündürmərtəbəli binanı məhz Razim Məmmədov tikdirib. O bu layihəni təkbaşına həyata keçirməyib. Deyilənə görə, məmur o vaxtlar binanın tikintisini vitse-spiker Rəsul Quliyevin yaxın adamları ilə birgə başa çatdırıb. Hamıya məlumdur ki, həmin mehmanxananı məhz Rəsul Quliyev sökdürmüşdü. Buradan belə çıxır ki, icra başçısı tikinti sahəsindəki iri addımlarını keçmiş spikerin xeyir-duası ilə atıb. Bizə məlum olmayan hələ çox məqamlar var. Kim bilir bəlkə də icra hakimi ilə vitse-spikerin arasında dəfələrlə telefon danışıqları olub. Hər halda, müvafiq dövlət orqanlarının rəsmiləri araşdırma aparsalar, bütün qaranlıq məqamlara aydınlıq gətirə bilərlər. Yayılan məlumatlara görə, Razim Məmmədov Rəsul Quliyevin ən yaxın adamlarından biri hesab edilən Yavər adlı şəxslə şərikli binalar tikdirib. Amma bu işbirliyini yuxarı dairələrdən məharətlə gizlədə bilib. İndi özünü elə aparır ki, guya həmin adamları tanımır. İcra başçısı üzdə özünü qatı iqtidarçı, YAP-çı, hakimiyyəti sevən biri kimi göstərir, amma onun keçmişdəki əməlləri, gördüyü işlər, hansı cəbhəyə xidmət etməsi, elə indinin özündə həyata keçirdiyi bəzi işlər onun təmiz iqtidar tərəfdarı olmasına şübhələr yaradır. Hətta Sumqayıtdakı geyim dükanlarına türklər tərəfindən verilən və o vaxt üçün bərk gedən sayılan "kurtka"ların da haqqında söz-söhbət gəzir. Belə ki, türklər həmin gödəkçələri satmaq üçün Razim Məmmədova veriblər. Lakin o bu gödəkçələri sata bilməyib. Belə olan təqdirdə türklər onun telefonuna zəng vuraraq malların aqibəti ilə maraqlanmaq istəyiblər. Məmmədov zəngə özü cavab verməyib və telefonu yanındakı şəxslərdən birinə verərək "De ki, Razim burda yoxdur. "Kurtka"ları Rusiya bazarlarında satmağa aparıb" belə deməsini tapşırıb. Rusiya bazarlarında çoxu onu alverçi kimi tanıyıb. Belə deyirlər". Məlumatlı mənbə həmçinin icra başçısının əvvəlinin çox kasıb olmasından və sonradan milyonlara necə sahib çıxmasından da danışdı: "İcra başçısının hazırda milyonları, bahalı maşınları, mülkləri, obyektləri, bir sözlə hər şeyi var. İndikindən fərqli olaraq onun əvvəli elə də imkanlı olmayıb. O, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun tanışlığı ilə özünə 1998-ci ildə ağ rəngli "Vaz 21 06" alıb. Bir müddətdən sonra həmin maşını satıb, üstünə də bir az pul qoyaraq 13 min dollarla biznes layihələrinə girişməyə başlayıb. Biznes işlərində onun yaxın ortağı isə bayaq dediyim kimi, Rəsul Quliyevin adamı Yavər adlı şəxs olub. Bəli, Razim Məmmədovun milyonlarının təməli İsgəndər Həmidovun həbsdə olduğu vaxt ona bağışladığı "Vaz 2106"dan başlayıb. Yəni icra başçısının indiki səviyyəyə çatmasında, milyonlara sahib olmasında həm Rəsul Quliyevin, həm də İsgəndər Həmidovun böyük rolu olub. Rayon rəhbəri bu iki şəxsin əməyini heç vaxt itirmir. Deyilənə görə onlarla dolayı yolla əlaqə saxlayıb müəyyən yardımlar edir". İndi qayıdaq yazının əvvəlində qeyd olunan məsələyə. Yayılan məlumatlara əsasən, icra başçısının xaricə çıxışına yasaq qoyulub. Bəzi mənbələrin dediyinə görə, Razim Məmmədov xaricə istirahətdən daha çox Rəsul Quliyevlə görüşmək üçün getmək istəyirmiş. Bununla bağlı əlimizdə yetərli dəlillər olmadığından konkret bir şey deyə bilmərik. Ancaq belə ciddi ittiham və iddialar varsa, o zaman icra başçısının fəaliyyəti dərhal nəzarətə götürülməli, onun əlaqələri, telefon danışıqları yoxlanmalıdır. Fikrimizcə, bu addımlar atılsa, icra hakiminin həbsi məsələsi gündəmə gələ bilər.
Mövzu ilə bağlı icra başçısının da cavab haqqını tanıyırıq.
P.S Biz Razim Məmmədovla bağlı 1998-ci ildə olanları yazdıq.