II Soyuq müharibə: Rusiyanın qonşuları əziyyət çəkəcək?
ABŞ ilə Rusiya arasında münasibətlər çox kritik yöndə inkişaf edir. ABŞ Prezidentinin Rusiya lideri haqqında dediyi emosional sözlər iki ölkə arasında münasibətləri "Soyuq müharibə-2" moduna keçirir.
Miq.Az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ABŞ və AB ölkələrinin Rusiya ilə münasibətlərin gərginləşməsi Kremlin qonşularının başında çatlaya bilər:
"Şimal qunşumuzun Qərblə münasibətlərinin kəskinləşməsi qısa vədədə Putin rejimini gücləndirir, daxili tənqidçilərin mövqeyini isə zəiflədir. Onların Qərbin "agenti” kimi təqdim edilməsi üçün Kremlə fürsət verilir. Orta və uzun vədədə isə təbii ki, Rusiyanı zəiflədə biləcək addımlar atılır, amma qısa zaman kəsimində çox təhlükəli durum yaranır.
Məsələn, sabah Kreml Donbasa qoşun yeritsə, Ukraynanın şərqini tam işğal etsə və bunu "öz vətəndaşlarımızın qorunması” adı altında həyata keçirsə, Qərb buna necə mane olacaq?! Bu gün Donbasda artıq 500 min insana Rusiya pasportu paylanılıb, bunu bəhanə edib rus qoşunu ora girsə, rəsmi Vaşinqton, Brüssel hansı addım atacaq?!
Nə qədər ki, neftin barreli 60 dollardan, qazın min kubmetri 250 dollardan bahadır, sanksiyalar heç bir effekt verməyəcək.
Rusiyanı SWIFT sistemdən də çıxarmayacaqlar. Bu, mümkün deyil. Onda Kreml Rusiya ərazisində olan 400 mlrd. dollarlıq xarici yatırımı milliləşdirəcək, bu sistemə isə Çin vasitəsi ilə qoşulacaq.
Başqa nə edəcəklər? Rusiyadan neft-qaz almayacaqlar?!
Bu da mümkün deyil, AB-nin qaz ehtiyacının 35-40%-ni Rusiya verir, Şərqi Avropa neftayırma zavodları Ural markalı Rusiya neftinə görə quraşdırılıb və o zavodlar böyük pul qazanırlar. Bundan imtina edəcəklərmi?!
Məncə, yox! Ona görə də yaxın zaman kəsimində ABŞ-Rusiya qarşıdurması çox kəskinləşərsə, bu, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycana problemlər yarada, Kremli yaxın ərtafında daha aqressiv olmağa təşviq edə bilər”.
Miq.Az