İlahiyyatçı Samid Quliyev: “Yazılanlar əsassız, yalan və iftiradır”
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı İranın Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın məsciddə mehrabın önündə dayanaraq namaz qılması bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejatın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına (imam olmasına - red.) etiraz ediblər.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli "Report"a açıqlamasında orada bütün vacib namazların şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılındığını bildirib:
"Şuşa səfərində Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, Türkiyənin və İranın Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirdilər. Əvvəla, onu qeyd edim ki, orada bir sıra dini ayinlər icra edildi. Xristianların da kilsədə dini ayinləri icra olunan zaman müsəlman din xadimləri orada iştirak edirdilər. Bundan əlavə, məsciddə vacib namazların hamısı şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazını qılıb".
Onun sözlərinə görə, hədiyyə namazları qılınan zaman İran nümayəndəsi də namaz qılıb:
"Burada siyasi məqsədlər axtarmaq kökündən yanlışdır. Orada fərdi qaydada ibadətlər həyata keçirilib. Şəkildən də görünür ki, orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edir. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna "Amin!" dedilər. Yəni burada başqa heç bir məqsəd olmayıb, kiminsə öndə və ya kiminsə arxada olması məsələsi deyil".*deyə Hacı Şahin bilidirib.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, din xadimi ilahiyyatçı Samid Quliyev Miq.Az-a açıqlamasında deyir ki, bu mövzunu müəyən dairələr bilərəkdən qabardır, onların məqsədləri bəllidir. Niyyətləri saf deyil:
"Nədənsə bu mövzu üzrə ancaq ilahiyyatdan bixəbər olan Elşad Miridən açıqlama alınıb. İlk növbədə bir ilahiyyatçı olaraq bunu demək istəyirəm ki, Elşad Miri Azərbaycanın heç bir ilahiyyatçısı tərəfindən ciddi qəbul olunmur. Daim şou xəbərlər yayan (Məhərrəm ayında toy etmək olar, seyidlərə verilən "Mir" sözü yəhudilikdən gəlmədir və s.) reytinq tutmaq istəyən biri ixlaslı əməl nə vaxt sərgiləmişdir?
İkinci isə bu Cümə namazı deyil, tək halda qılınan namazdır. Şuşa səfəri şənbə-bazar günü gerçəkləşmişdir. Deməli, yazılanlar əsassız, yalan və iftiradır. Bu mövzudan bixəbər olanlar soial şəbəkə üzərindən şou yaradırlar.
QMİ-nin nümayəndəsi saytımıza açıqlamasında deyir ki, son olaraq Qurani-Kərimdən ayə və 3 hədisi şərifi xatırlamaq istəyirəm:
"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
"Allah qatından ən böyük səhv, yalan danışmaqdır."
Həzrət Əli (ə)
"Bir kimsə bir mömin haqqında olmayan bir şey söyləyərsə, iftiraya uğrayan kimsə, onu bağışlamayacağına qədər, Allahu-Təala onu Cəhənnəmə salar."
"əbu Davud"
"Bir mömində hər bir xüsusiyyət ola bilər. Xəyanət və yalandan başqa."( "bin əbu Şeybə")
Amil Ağayev
Miq.Az