İlham Əliyev Əhməd əş-Şara ilə görüşdü - Foto

İlham Əliyev Əhməd əş-Şara ilə görüşdü - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara ilə görüşü olub.

Miq.az xəbər verir ki, Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əş-Şaranı təbrik etdi.

Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əş-Şara bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğuladı.

Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Dövlətimizin başçısı Əhməd Əş-Şaranı ölkəmizə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az