Sənət Kraliçası: “Şəhidlərimizin qanı yerdə qalmayacaq”
Türk dünyasının Sənət Kraliçası, xalq artisti, “Şərəf”, “Şöhrət” ordenli ustad sənətkar, beynəlxalq dərəcəli sənətçi, Dünya Azərbaycanlıları Mədəniyyət Akademiyasının Prezidenti, Dünya Sülh Səfiri,
bənzərsiz İlhamə xanım Quliyevanın avqust ayının 17-də doğum günüdür. Hər il Space telekanalı vasitəsi ilə sənətkarın ad günü möhtəşəm, təmtəraqlı, kraliçaya layiq şəkildə keçirilir. Bu il necə, ustad sənətkar öz ad gününü necə qeyd edəcəkmi? İtaliya səfərindən qayıdan xanım sənətkarla əlaqə saxladıq.
İlhamə xanımın Vətəninfo.az-a eksklüziv açıqlaması:
“Hər il Space telekanalı mənim ad günümü yüksək səviyyədə qeyd edir. Bu il də rəhbərlik tərəfindən əvvəlcədən ad günümün qeyd edilməsi planlaşdırılmışdı. İtaliya səfərindən qayıtdıqdan sonra çox pərişan olmuşam. Hələ də özümə gələ bilmirəm. Cəbhə bölgəsində yaranan vəziyyət, torpaqlarımızı qoruyan gənclərin şəhid olması, şəhid analarının göz yaşları məni rahat buraxmır. Əgər hələ də şəhidlər veririksə, şəhid qanı axıdılırsa, mən - illərin sənətkarı olaraq özümə necə ad günü keçirə bilərəm? Mən bu il ad günümü keçirtməkdən imtina etmişəm. Mən də anayam, övladını sevən ana. Mən də vətəndaşam, bu torpağın nəğməkar qızıyam. Ali Baş Komandanımızın cəbhə bölgələrinə səfərlərini yüksək qiymətləndirirəm. İnanıram ki, Ali Baş Komandanımızın səyi nəticəsində şəhidlərimizin qanı yerdə qalmayacaq. Hər birimiz vəzifəsindən asılı olmayaraq Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşmişik.
Əminəm ki, tezliklə üzdəniraq ermənilər üzərində qələbə çalacağıq. Görürsünüzmü, onlar öz şəhidlərini belə gizlədirlər. Ancaq bizdə hər bir şəhidə, hər bir şəhid ailəsinə xüsusi diqqət, qayğı var. Erməni ordusu bizim güclü, formalaşan ordumuzun qarşısında acizdir. Bizim hərbi texnikamızın qarşısında erməni heçnə edə bilməz. Mən də bu gün əlimə silah alıb döyüşə atılmağa hazıram. Məni bu torpaq, bu vətən sənətkar edib, İlhamə Quliyeva zirvəsinə çatdırıb. Dövlətim həmişə sənətimə qiymət verib. Ömrümün son gününə kimi dövlətimə sədaqətlə xidmət etməyə hazıram. Dövlətimizə, xalqımıza, şəhid analarımıza başsağlığı verirəm. Vətən yolunda şəhid olmaq özü bir şərəfdir. Allah səbr versin. Vətən sağ olsun!”.
Araz Hacıyev
Vətəninfo.az
ər