Son günlər bəzi internet portallarında İmişli rayon təhsil şöbəsinin müdiri əməkdar müəllim Ramiz Əmirov barəsində yalan məlumatlar verilməsinin şahidi oluruq. Bəzi üzdəniraqlar hər vəchlə R. Əmirovun işgüzar nüfuzuna xələl gətirmək istəsələr də buna nail ola bilmirlər.Bu və digər məsələlərlə bağlı Ramiz müəllimlə görüşüb söhbətləşdik.Ramiz Əmirov bildirib ki,hazırda Umişli rayonunda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
“Onlardan 57-si tam orta, 3-ü ümumi orta, 3-ü isə ibtidai məktəbdir. Məktəblərdə 15446 şagirdin təlim-tərbiyəsi ilə 1545 müəllim məşğul olur. Müəllimlərin 1180 nəfəri ali, 340 nəfəri orta ixtisas, 25 nəfəri isə ümumi orta təhsillidir. Rayon üzrə müəllimlərin 977 nəfərini (63 %) qadınlar təşkil edir.Məlum olduğu kimi son illərdə müəllimlərin işə qəbulu müstəqildir. 2012-ci ildə vakant yerlər barədə Təhsil Nazirliyinin internet saytında məlumat verilmiş, Təhsil Nazirliyi tərəfindən aparılan test imtahanlarında 61 müəllim müvafiq bal toplayaraq rayonun ümumtəhsil məktəblərində müəllim işləmək hüququ qazanıblar. Lakin yenə də rayonda 95-ə qədər müxtəlif ixtisas müəllimlərinə ehtiyac vardır”. Ramiz Əmirov əlavə edib ki, Respublikamızda olduğu kimi, İmişli rayonunda da hər il təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilir.“Cari dərs ilinin ilk günündə dövlət büdcə vəsaiti hesabına Bəcirəvan kənd tam orta məktəbi üçün 360 yerlik, Çaxırlı kənd tam orta məktəbi üçün 220 yerlik, Qaragüvəndikli kənd tam orta məktəbi üçün 220 yerlik, Ağaməmmədli kənd tam orta məktəbi üçün 180 yerlik müasir tipli yeni məktəb binaları pedaqoji kollektivlərin istifadəsinə verilmişdir. Habelə Xoşçobanlı kənd tam orta məktəbi üçün 2 yeni korpusun tikilməsi başa çatmış və Ağamallar kənd tam orta məktəbin binası isə təmir edilərək istifadəyə verilmişdir. Hacıbabalı kənd ümumi orta məktəbi üçün isə 180 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.Hazırda rayonun şəhər 5 saylı məktəb- lisey, Sarxanlı 1 saylı, Cavadxanlı, Buludlu və Cəfərli 1 saylı kənd tam orta məktəblərin binası müasir tələblər səviyyəsində əsaslı şəkildə təmir olunur və növbəti dərs ilinin əvvəlində istifadəyə veriləcək. Məlum olduğu kimi, Respublikamızda həmişə müəllimlər dövlət qayğısı ilə əhatə olunmuş, qabaqcıl müəllimlərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Son illərdə rayonun təhsil işçilərindən 8 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər “Tərəqqi” medalına, 14 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. 2012-ci ildə İmişli RTŞ-nın müdiri Ramiz Əmirov və Otuziki kənd tam orta məkətbin direktoru Balanisə Quliyeva Respublika Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Habelə Təhsil Nazirinin əmri ilə təhsil şöbəsi metodik kabinetin müdiri Sevdimalı Hüseynov, Nurulu kənd tam orta məktəbin direktoru Bəşir Məmmədov və şəhər 1 saylı məktəb - liseyin müəllimi Rahilə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür”. Təhsil şöbəsinin müdiri əlvə edib ki, biz təhsil işçiləri fəaliyyətimizə tənqidi, təhlili və nəticəyönümlü yanaşaraq pedaqoji kollektivlərin iş keyfiyyətini və məsuliyyətini artırmağa, müşahidə olunan nöqsanları vaxtında aradan qaldırmağa çalışırıq.
“İl ərzində rayonun ümumtəhsil məktəblərində sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, Həyati Bacarıqlara Əsaslanan Təhsil kursu, I-V siniflərdə yeni fənn kurikulumunun tətbiqi, Mülki Müdafiə işlərinin təşkili, informasiya kominikasiya texnologiyalarından istifadə bacarıqlarını öyrənmək üçün məktəblərdə monitorinqlər aparılmışdır. Müşahidə olunan nəticələr təhsil şöbəsində təhlil və müzakirə edilərək pedaqoji kollektivlərə və fərdi olaraq ayrı-ayrı müəllimlərə müvafiq tövsiyələr, istiqamətlər verilmişdir. Məktəblilərimiz Respublika səviyyəsində müxtəlif bilik və bacarıq yarışlarında uğurla iştirak etmişlər. 2012-ci ildə də fənn olimpiadalarının Respublika mərhələsində 3 məktəblimiz qaliblər sırasında yer tutmuşdur. Belə ki, İsmayılzadə Elşad – şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi informatika fənnindən III yer,Səxavətli Orxan – şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi riyaziyyat fənnindən IV yer, Rəşli Fidan – şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi biologiya fənnindən IV yer tutmuşdur. Hazırda isə 2013-cü ildə məktəblilərin fənn olimpiadalarının Respublika turunda iştirak etməyə namizəd olan şagirdlər müəyənləşdirilmiş, onların işləri Təhsil Nazirliyinə göndərilmişdir. İnanırıq ki, bu ildə şagirdlərimiz yüksək nəticələr əldə edəcəklər. 2012-ci ilin mart ayında məktəblilər arasında Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsində Yalavac kənd tam orta məktəbin XI sinif şagirdi Bahadurlu Türkan Valeh qızı rayon üzrə qalib olmuş, 17 aprel 2012-ci il tarixində Bakı şəhərində keçirilən Respublika mərhələsində uğurla iştirak edərək birinci yerə layiq görülmüşdür.
Təsadüfi deyil ki, 2011-ci ildə həmin şagirdimiz respublikada bu müsabiqə üzrə III yeri tutmuşdur. 2012-ci ildə Qızılkənd kənd orta məktəbinin komandası “Sərhəd” hərbi-idman oyunlarının rayon və zona mərhələsində qalib olmuş və Bakı şəhərində keçirilən mərhələdə III yeri tutmuşdur. 2012-ci ildə rayon məktəbliləri arasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Rayonda birinci yerə layiq görülən Şəhər 5 saylı məktəb-liseyin X sinif şagirdi Fərəcova Səadət Adil qızı və Əliqulular kənd tam orta məktəbin VII sinif şagirdi Ağazadə Lamiyə Sərraf qızının rəsm işi müsabiqənin respublika mərhələsində qaliblər sırasında yer tutmuş, Respublika üzrə qaliblər haqqında tərtib olunan kitabda onlar barədə ətraflı məlumat verilmişdir. Rayonda 2012-ci ildə “Fövqəladə hallar uşaqların gözü ilə” adlı 5 nominasiyadan ibarət yaradıcılıq müsabiqəsi keçirilmişdir. Rayon üzrə 26 şagirdin yaradıcılıq işi Fövqəladə Hallar Nazirliyi regional bölməsinə təqdim olunmuşdur. Şəhər 2 saylı tam orta məktəbin III sinif şagirdi Şıxalıyeva Fəxriyyə Fərhad qızının yaradıcılıq işi həmin müsabiqənin respublika mərhələsində qaliblərdən biri olmuşdur. Məlum olduğu kimi bir neçə ildir ki, Respublika prezidentinin sərəncamı ilə respublika üzrə “İlin ən yaxşı müəllim”i və “İlin ən yaxşı məktəb”i müsabiqəsi keçirilir. Bu il də cənab prezidentimizin fərmanı ilə 50 ümumtəhsil məktəbi “İlin ən yaxşı məktəb”i müsabiqəsinin qalibi olmuşdur. Sevindirici haldır ki, rayonumuzdan 5 saylı məktəb-lisey də respublika üzrə həmin qaliblər sırasında layiqli yer tutmuşdur. Habelə, həmin məktəbin şagirdi Əlizadə Sənan Bakir oğlu bu il ABŞ-nın Harvard universitetinə qəbul olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Hacıyevin təşəbbüsü ilə ilk dəfə olaraq rayonumuzda 2012-ci ilin may ayının 10-da “Gül bayramı” təntənə ilə keçirilmişdir. Həmin bayramda rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri sərgidə nümayiş olunmuş və bu tədbir hamı tərəfindən razılıqla qarşılanmışdır. Məlum olduğu kimi təhsil sahəsində yüksək nəticələr əldə olunması müəllimlərin, təhsil işcilərinin müasir tələblər səviyyəsində bilik, bacarıq və peşəkarlığının müntəzəm olaraq artırılmasından çox asılıdır. Hazırda təhsil sahəsində tətbiq olunan yeniliklər bunu daha da vacib edir. Cari dərs ilindən ibtidai siniflərlə birgə 5-ci siniflərdə də tədris prosesində kurikulum tətbiq olunmuşdur. 5-ci siniflərdə dərs deyəcək müəllimlər yay tətili günlərində müvafiq kurslardan keçmişlər. Habelə, cari dərs ilinin əvvəlindən başlayaraq rayonun müəllimlərinin pedaqoji səviyyəsini yüksəltmək məqsədi ilə İKT proqramı üzrə həftəlik treninqdən keçirlər, bu proses hazırda davam etdirilir.
2012-ci ilin dekabr ayında RTŞ-nın rəhbərliyinin iştirakı ilə ümümtəhsil məktəb direktorları kurikulumun tətbiqi və idarə olunması məsələləri üzrə kursdan keçərək müvafiq sertifikat almışlar. Son 3 ildə rayonun ümümtəhsil məktəblərində işə başlamış gənc müəllimlərin pedaqoji fəaliyyətini istiqamətləndirmək üçün müvafiq tədbirlər həyata keçirilir. Yaxın günlərdə onlarla bir daha görüş keçirmiş, müzakirələr aparılmış, təklifləri dinlənilmişdir. Biz rayonun təhsil işçiləri hər zaman çalışırıq ki, məktəblə valideynlərin əlaqəsi güclənsin, təlim-tərbiyə prosesinin keyfiyyəti daha da yüksəlsin. Məktəb-valideyn əlaqələrinin daha da sıx olmasının nəticəsidir ki, ali məktəblərə qəbul olanların sayı hər il artır. 2011/2012-ci dərs ilində Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərində ümumi və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlığı və imtahanların gedişini ciddi nəzarətdə saxlamışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rayonunun ümumtəhsil məktəblərində IX və XI sinif şagirdlərinin buraxılış test imtahanları keçirilmişdir. Nəticədə IX siniflər üzrə imtahana buraxılmış 1602 nəfərdən 1395-i (87 %) müsbət qiymət, XI siniflər üzrə isə imtahana buraxılmış 1186 nəfərdən 951-i (82 %) müsbət qiymət almışdır. 2012-ci ildə rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 222 nəfər qəbul olmuşdur ki, onlarında 147 nəfəri 2011-2012-ci dərs ilində rayonun tam orta məktəblərini bitirən məzunlardır. Bu da 2012-ci ildə ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş 418 nəfərin 39 %-ni təşkil edir. Müqayisə üçün qeyd edim ki, bu il ali məktəblərə qəbul olanların sayı ötən ildəkindən 41 nəfər, 2010-cu ildəkindən 49 nəfər, 2009-ci ildəkindən isə 73 nəfər çox olmuşdur. Ali məktəbə qəbul olanlardan 8 nəfəri 500-dən yuxarı, 6 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Əliqulular kənd tam orta məktəbin şagirdi Ağazadə Vüsal Adil oğlu daha yüksək - 678 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Rayon müəllimlərinin sentyabr konfransında İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Hacıyev yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olanları qiymətli hədiyələrlə mükafatlandırmışdır. İnanırıq ki, cari tədris ilində uğurlarımız daha çox olacaqdır”.
Babək Hüseynov
Vətəninfo.az