Çinarə Ömray: "Həyat yazıla bilməyənlərdi..."
Müsahibim AYB-nin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömraydır. Çinarə ilə söhbətimiz necə deyərlər qısa məsafəli bir könül gəzintisi oldu…
- El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, yazı-pozu əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
- Heç nə yazılan kimi təqdim olunmur. Oxucu o yazını oxuyana qədər yazı bəlkə yüz dəfə pozulur, sonra yazılır, sonra yenə pozulur, yenə yazılır və nəticədə normal yazı-mətn qoyulur ortaya. "Yazıya pozu yoxdu" deyənlər ironiya ediblər məncə (gülür).
-Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
- Məncə həyat yazılmayanlardı, yazıla bilməyənlərdi.
- Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
- Ox dövrü çoxdan keçib e...İndinin dəbi daşdı. Hamı bir- birinin bağın sosial şəbəkədə necə deyərlər "status"la daşlayır.
Mənə gəldikdə isə mənim işim sözdü, deyirəm və dediyimin də arxasındayam!
- Bəzən qazanılır ki, itirilsin, bəzən də itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
-Bilirsən, ümumiyyətlə düşünürəm ki, həyat 50/50 prinsipi üzərində qurulub. Qazandığının çəkisi qədərində həyatının digər alanında nəyisə mütləqdir ki, itirirsən. Bu prinsip pozulsa dünyanın fırlanma ayarı pozular.
- Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?
- Mən həndəsədi, riyaziyyatı bunları yaxşı oxumamışam. Yəqin elə ona görədir ki, həyatda qarşıma çıxan bütün dörd yol ayrıclarında düz əməlli hesablamalar apara bilmədiyim üçün seçim edə bilməyib axırda yorulub elə o ayrıcdaca oturmuşam...
- Od, su, torpaq, hava. Bu ünsürlərdən hansına çevrilmək istərdiniz?
- İndi burda məsələn, deyəsən ki, mən torpağam, nə əkərsən onuda biçərsən...Amma yox, cavab: Suyun buz halı. Məndən nə od olmaz, nə də heç kimə hava!
- Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
- Mən ərincək adamam...Özümü o qədər də əziyyətə salan deyiləm. Sözüm olanda elə yavaşcana əyilib öz qulağıma deyə bilirəm.
- Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?
- Sonuncu dəfə nə vaxt qızıl almışam ya taxmışam xatırlamıram. Ümumiyyətlə qızı ortalıq nədir ki? Yoxsa kəmərdi ?
- Sizin üçün "Özü bilər" cümləsi müsbət enerjidi ya mənfi ?
- Məncə həmişə, bütün hallarda doğrunu yalnız o özü bilər.
- Kitab oxumaq üçündür, bəs insan?
- Yaşamaq üçün, yaşlanmaq üçün, sevmək üçün, düşmənçilik etmək üçün, yemək üçün, gəzmək üçün, gülmək üçün, kəşv edilmək üçün, oxunmaq üçün olan o kitabları yazmaq üçün, sonra da o kitabdakiları yaşamaq üçün...!
SÖHBƏTƏŞDİ: Günel EMİNZADƏ
Miq.az