
"Ən azı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı mövqeyində təəssüfləndiyini bildirib. Təəssüf edir ki, Məhərrəm İncə seçkilərdə iştirakdan çıxmaq niyyətini ortaya qoyub, səbəbləri də hələ məlum deyil. Ərdoğan da bilmir ki, İncə niyə belə bir addım atıb? Görünür ki, Məhərrəm İncə özü də hələ bu günə qədər bu addımının konkret motiv və səbəblərinə aydınlıq gətirməyib. Amma o, Kılıçdaroğlunu da ittiham edib söyləyir ki, trolları vasitəsilə onunla mübarizə aparır. Qeyd edir ki, 20 ildir, Ərdoğan hakimiyyətdədir, Kılıçdaroğlu hər zaman mübarizədə məğlub olub və onun prosesə qatılması Kılıçdaroğluna daha faydalı idi, amma Kılıçdaroğlu öz trolları vasitəsilə onunla mübarizə aparır. Deməli, bu reallıq bəzi qənaətlərə gəlməyə, analizlər aparmağa əsas verir. Məhərrəm İncənin mövqeyindən hasil olan həqiqət budur ki, Kılıçdaroğlu faktiki Məhərrəm İncə ilə mübarizə aparıb, onu tənqid edib və bunu trolları vasitəsilə həyata keçirib, Məhərrəm İncə də bundan çox narazıdır. Demək olar, Kılıçdaroğlu və İncə arasında bir konflikt, ixtilaf yetişib. Belə halda hadisələr necə inkişaf edə bilər? Namizədlərdən biri Məhərrəm İncə Kamal Kılıçdaroğlunu tənqid edirsə, deməli, bu iki şəxsin münasibətləri kifayət qədər gərginləşib. Gərginləşəcəyi təqdirdə Məhərrəm İncə öz tərəfdarlarını Kılıçdaroğlunamı səs verməyə çağırar? Məncə, yox. Əksinə, düşünürəm, o, öz tərəfdarlarını məhz Kılıçdaroğlunun əleyhinə səs verməyə çağıra bilər. Bu cür təhlil aparmaq daha çox mümkündür. Düşünürəm, Prezident Rəcəb Tayyib Ərdoğanın bütün bu reallıqlar fonunda məhz birinci turda - mayın 14-də qalib gəlmək şansı kifayət qədər böyükdür”, - deputat bildirib.