
Ekspert hesab edir ki, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb: "Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb. Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb. İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib. Yeni struktur və yeni Əsasnamə qəbul edilib. Rəqabət Məcəlləsinin qəbulundan sonra bunlar gözlənilən idi. Görünür, hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir”.
Ekspert qeyd edir ki, ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb: "Xüsusən də 17 il gözləyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub, e-satınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib. Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub”.
Bununla belə O.Gündüz vurğulayıb ki, rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi. Onun sözlərinə görə, təbii inhisarçılarla vəziyyət daha dözülməz idi.
"Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların "kartel sövdələşməsi” etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər. Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıalrn hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda”, - o, qeyd edib.
Ekspert bildirir ki, bəzən, böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir:
"İndi Prezidentin Sərəncamı ilə, köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin Sədri təyin edilib. Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub. Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib. Məmməd müəllimdən fərqli olaraq, Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür”.
Osman Gündüz hesab edir ki, birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.
"Vuruşa" biləcəkmi, yaxud "vuruşmaq" istəyəcəkmi, onu da yaxınlarda görəcəyik”, - ekspert yekunlaşdırıb.