İnsanlıq təntənəsi üçün simfoniya
Aydın Canıyev
Bunu yazdıran şərəfli müəllim ömrü yaşayan Qabil Əmənullayevdir
İqbal Əmənullayev özünü görməmişdən tanıdığım, rəğbət bəslədiyim bir soyun təmsilçisidi. Yəni ki, bu soyad bu regionda elə bir qapı yoxdu ki, ora sevinc bəxş etməsin. Keçmişini doktor İqbalın "Təhsil fədaisi” kitabından öyrənmək olar, indisinə isə gənc və yaşlı nəsil özü şahid durar.
Dediyimin üstünə qayıdım və bu sanballı suala cavab verim: necə olur ki, bu soyad bu regionda elə bir qapı yoxdu ki, ora sevinc bəxş etməsin?
Şahid dalınca İsfahana getməyəcəyəm. 1988-ci ildə işə düzəldiyim "Kommunist” (indiki "Xalq”) qəzetində elə ilk günlərdəncə üstümdə İsaq müəllimin qayğısını hiss etdim. Demək artıq olar ki, onun familiyası Əmənullayev idi. Və İsaq müəllim savadlı olmağın üstündən hələ bir təcrübədə sınaqdan çıxmış, praktikada illərlə rast gəlinmiş ən incə və ağlagəlməz nüansları belə səmimi-qəlbdən izah etməkdən, öyrətməkdən yorulmazdı. Halbuki ölkənin ən ali qəzetində "əjdahaların cəngində ağzından süd iyi gələn yeniyetmənin” pərvəriş edəcəyinə az adam inanar, üstəlik də imkan verərdi. Fəqət... İsaq müəllim paylaşardı – bir tikə çörəyindən tutmuş bildiyi hər şeyəcən. Bu günə baxmayın, indi hamı "dahi jurnalistdi”, amma o vaxtlar bir hərf səhvi üstündə özünü nəşriyyatın doqquzuncu mərtəbəsindən atan vardı ki... ağır cəzadan qurtulsun...
Deməyim odur ki, bu soyad ən müxtəlif formalarda və sahələrdə, ən müxtəlif zamanlarda xeyirxahlıq simvolu kimi hər bir övladının timsalında təcəssüm edib.
Sonra Lənkəranda bölgə müxbiri kimi çalışanda İqbal Əmənullayevin gənc və istedadlı, dərin yanıqlar üzrə mütəxəssis, bacarıqlı cərrah-həkim kimi sorağını aldım – təbii ki, bölgədəki neçə-neçə qapıya-ocağa da bu isimdən xeyirxahlıq nuru paylanıb, paylanır və paylanacaq. Amma mənim üçün bir nüans var – bütün tayfa yığıla hamılıqla bir yerə, Qabil müəllimin tək canına etdiyini əlli ilə də edə bilməz.
Tibb elmləri namizədi İqbal Əmənullayevin "Təhsil fədaisi” kitabı ən etibarlı şahiddir.
Ömrünün əlli ilini təhsilə sərf etmiş Qabil müəllim istər orta məktəblərdə, istər orta ixtisas təhsili məktəblərində, istərsə də universitetdə tam bir pleyada ustadı olub. Minlərlə şagirdi-tələbəsi olan Qabil müəllimin həyat və yaradıcılıq yolunu qələmə aldığına görə, İqbal Əmənullayevə Qabil müəllimin oğlundan çox, bu torpağın oğlu kimi "sağ ol” düşür.
İqbal Əmənullayevə həm də "sağ ol” ona görə düşür ki, bizlərin etməli olduğu işi həyata keçirib və Cabir Novruzun heç vaxt Qabil müəllimə təəssüflə şamil oluna bilməyəcək misrasına – "sağlığında qiymət verin insanlara” fikrinə son qoyub!
Qabil müəllim pedaqoq-alim kimi var olub, var, var olacaq – artıq "Təhsil fədaisi” kitabı bu missiyanı yerinə yetirir.
Kitabda məni çəkən incə məqamı çatdırıram – Qabil müəllim 21 xalqın, filosofun, alimin dahiyanə deyimlərinin fövqündə duracaq qədər... MÖHTƏŞƏM ATADIR!!!
Həyatda yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən çox az şəxsiyyət var – Qabil müəllim onlardan birincisidir.
"Təhsil fədaisi” kitabının janr və üslub məziyyətlərini çözməzdən öncə, xüsusi vurğulamaq istəyirəm ki, qayəsi cazibərardır: əsrlərdən əsrlərə adlayacaq örnək həyatı çatdırmaq üçün müəllif pafosa, qan qohumluğuna, şəxsi fikirlərə və qərəzə meydan tanımayıb – adətən bu janrda daha çox qan düşmənçiliyindən qalib çıxmaq incə eyhamlarla nəzərə çatdırılır. Sevindirici odur ki, Qabil müəllimin insan və pedaqoq kimi bu həyatda qələbəsi tutarlı faktlarla, əsaslı dəlillərlə təqdim olunur. Əslində də hər bir insanın həyatda şər qüvvələrə - nəfsə, düşmənə, ehtiyaca və ehtirasa - qələbəsi zəka ilə mümkündü. Belə həyatı yaşaya bilən Qabil müəllim epopeyasını İqbal Əmənullayev zərgər dəqiqliyi ilə qələmə ala bilib.
Oxucu kimi məni, ziyalı kimi də başqalarını inanıram ki, ən ali məqam cəlb edəcək: əlli illik pedaqoji fəaliyyətində Qabil müəllim bir insan olaraq yarım əsrlik pedaqoji fəaliyyətindən, şərəfli müəllim sənətinin ucalığından qürur hissi keçirib, zövq alıb.
Qabil müəllimi sevdirən də, görkəmli pedaqoq rütbəsinə yüksəldən də, əvəzolunmaz müdrik ata obrazıyla şərəfləndirən də məhz bu amillərdir ki, müəllif aydın və səlis, məntiqi izahla çatdıra bilib.
Diqqət yetirdiyim daha bir məqam isə... "bu kitabın heç kimə tabe olmayan, heç kim və heç nə ilə hesablaşmayan tale adlı bir müəllifi” var – İqbal Əmənullayev ŞAHİDLİK BORCUndan çıxıb sadəcə!
Kitabda təqdim və təsvir olunan coğrafi ərazi, üstəlik də buralardan pərvazlanan insanların həm şəcərələrinin təmsilçiləriylə, həm də bu təmsilçilərin yaydığı işıqla-nurla əhatə etdikləri areal möhtəşəmdir.
Pedaqogikanın ən üstün məziyyətlərindən birincisidir psixoloji nüfuzetmə. Çoxdan tanıdğım İqbal Əmənullayevin müəllif kimi psixoloji amilləri peşəkarcasına, xaltura etmədən və eyni zamanda məlhəm kimi oxucunun canına-qanına yeritməsi məndə ən məhrəm hissləri oyatdı. Ehtizaz oyadan nüanslar var: oxuduqca görürsən ki, 70 illik ömrün dolaylarında, proseslərin gedişində və zamanın fövqündə durmaq üçün Qabil müəllimin iradə nümayişi minlərlə insan üçün nümunə ola bilər.
Eymənmədən demək olar ki, İqbal Əmənullayev insanlıq təntənəsinin simfoniyasına imza atıb. Ən azından ona görə ki, indiki demokratik şəraitdə yaşanan xırda-para ehtiyacların müqabilində əriyən insanlıqla müqayisədə o dövrün – müharibə və aclıq illərinin, repressiya və amansız rejimin sərt qanunları altında inləyən köməksiz insanların içindən bu qədər mərdliklə-mübarizliklə "yıkılmadım, ayakdayım” demək cəsarəti hər kişidə olmayıb!
Ən böyük kişilik isə insanlığın təntənəsini gələcək nəsillərə nümayiş etdirməkdi ki, bunu da Qabil müəllim yaşaya bilib, İqbal müəllim yaza!!!
Etiraf edirəm: nadir hallarda rast gəlmişəm bir ziyalı ailənin təqdimatının qənirsiz nümayişinə. İqbal Əmənullayevin öz yazdığıyla bu möhtəşəmliyi qeyd eək istəyirəm: "Onu gözəl anlatamaz düşündüyüm satırlar...”
Amma İqbal bacarıb!
Sağ ol, doktor!
Yazdığın kitab atalar üçün də, oğullar üçün də, elə müəllimlər üçün də ən gözəl müalicə reseptidir.
Bacaran olsa... oxuyub nəticə çıxaran olsa... bu, çox vaxtında yazılmış kitabdan.
SON SÖZ ƏVƏZİ: Moskvadan sifariş almışdım bugünlərdə. Bir çoban atanın vəfatının ildönümündə xüsusi buraxılış hazırlamalıydım. Övladları məktəb də tikib kənddə, məscid də! Fəqət...
Sağ ol ki, belə əzabı nə özün yaşadın, nə də bizə yaşatdın, doktor!
Sağlığında qiymət verdiyin Qabil Əmənullayevi bir daha və yenidən bizə tanıtdığın üçün sağ ol – BİZİM TANIDIĞIMIZ VƏ SEVDİYİMİZ QABİL MÜƏLLİMİ!!!