Asif Əsgərov, Səbail rayon İcra Hakimiyyətinin başçısı
İnkişaf etmiş aparıcı Qərb dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və yeniləşmə mərhələlərini qısa müddətdə adlayaraq iqtisadi sahədə keçid dövrünü başa vuran ölkəmiz artıq Cənubi Qafqaz regionunda mühüm rolu, siyasi çəkisi ilə seçilən dövlətə çevrilmişdir. Əlbəttə, bu, heç də yalnız respublikanın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Anoloji tərəqqi yolu keçmiş əksər ölkələrdə olduğu kimi Azərbaycanda da bu zəngin maddi-intellektual potensialın xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli inkişaf strategiyasının həyata keçirilməsi sözsüz şəxsiyyət amili ilə də bağlı olduğu sübut edilmişdir. Ümummilli lider, fenomen şəxsiyyət, türk dünyasının görkəmli simalarından olan əbədiyaşar Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil, suveren bir dövlət olaraq bölgələrdə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.
Ulu öndərimiz 34 illik hakimiyyət sükanı arxasında olduğu dövrlərdə milli maraq və mənafeləri daim uca tutmuşdur. Fərqli ictimai-siyasi formasiyalarda fəaliyyət göstərməsinə baxmayaraq Heydər Əliyev Azərbaycanın inkişaf istiqamətində titanik xidmətlər göstərmişdir. Hətta sovet dönəmində Moskvada-Kremldə yüksək vəzifədə çalışmasına baxmayaraq Azərbaycanda iqtisadi, mədəni, təhsil və səhiyyənin, sənayeinin inkişafına xüsusi diqqət yönəltmiş, bu istiqamətdə nə lazımdırsa etmişdir. Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli-xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və stateji məqsədləri
olan milli inkişaf strategiyasını irəli sürərək həyata keçirmişdir. Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu tamamilə yeniləşdirilmiş, dərinləşdirilmişdir.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ulu öndər tərəfindən təməli qoyulan iqtisadi inkişaf daha da modernləşdirilməkdədir. Dövlət başçısının fəaliyyəti ərzində Azərbaycan həm iqtisadi, həm siyasi, həm mədəni, elmi, səhiyyə, idman, həm də sivil bir hüquqi dövlət olduğunu bütün dünyada təsdiqlədə bilmişdir. Hazırda elə bir nüfuzlu beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan orada ya üzv və yaxud müşahidəçi kimi iştirak etməsin. Bu isə o deməkdir ki, ölkəmiz başqa dövlətlərin 50-100 ildə keçdiyi yolu cəmi 20 ilə yaxın bir vaxt ərzində qət edə bilmişdir.
Bölgələrin sosial-iqtisadi inkişafı dövlətin prioritet vəzifələrindən biri kimi daim bu istiqamətdə inkişaf proqramı qəbul edilir. 2004-2008-ci illəri əhatə edən proqram böyük uğurla başa çatmışdır. 2009-2013-cü illərdə nəzərdə tutulan sosial-iqtisadi inkişaf proqramının da artıq əsas hissəsi yerinə yetirilmişdir ki, bu da sənayedə, kənd təsərrüfatında sosial sahədə əldə olunan nəticələrlə şərtlənir. Periferiya bölgələrində olduğu kimi paytaxtın rayonları da qəbul edilən bu proqramdakı müddəalardan kənarda qalmayıb.
Bakının Səbail rayonu öz spesfikliyinə görə digərlərindən fərqlənir. Belə ki, Səbail intellektual potensial və mədəni irsin mərkəzi kimi daha çox diqqəti çəkir. Rayonun ərazisi 29 kvadrat kilometr, əhalisi 93500 nəfərdir. Badamdar, Bibiheybət qəsəbələri rayonun inzibati ərazisinə daxildir. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları - Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, , bir sıra nazirliklər, 13 xarici dövlətin səfirlikləri məhz Səbail rayonunda yerləşir və sözsüz bu da rayon İcra Hakimiyyəti rəhbərliyinin məsuliyyətini ikiqat artırır. Bakılıların, eləcə də paytaxtımızın qonaqlarının ən çox sevdikləri Dənizkənarı park, Qız qalası, İçərişəhər Dövlət Tarix və Memarlıq qoruğu, Dövlət Bayrağı Meydanı həqiqətən ən yaxşı gəzinti yeridir.
Siyasi, mədəni-kütləvi tədbirlərin keçirildiyi «Şəhidlər Xiyabanı», «Fəxri Xiyaban», Heydər Əliyev Fondu, Beynəlxalq Muğam mərkəzi, «Üns» yaradıcılıq mərkəzi də bu məkandadır. Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil müəssisəsi, 17 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 21 səhiyyə müəssisəsi, 1 idman kompleksi, 47 mehmanxana, 7 teatr, filormoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi fəaliyyət göstərir. Son illər rayonun siması dəyişərək daha da gözəlləşmiş, müasir dizayn və arxitektura baxımından Avropa və Qərbdə geniş tikintisi aparılan dəmir-beton-şüşə konstruksiyadan istifadə edilməklə hündür mərtəbəli binaların inşası şəhərimizə yaraşıq verən əsas elementlərdəndir.
Ölkəmizdə son illər gedən güclü iqtisadi inkişaf əhalinin sosial rifah halının daha da yaxşılaşmasına zəmin yaratmışdır. Yeni sənaye və elm müəssisələri, təhsil və səhiyyə ocaqları, modul tipli elektrik stansiyaları, regionların qazlaşdırılması kimi mühüm işlərin geniş miqyas alması, dövlət başçısının həyata keçirdiyi digər tədbirlər siyasi kursun mühüm tərkib hissəsidir. 2010 və 2011-ci illərdə bu isiqamətdə aparılan çox böyük işlər tərəqqi və inkişafdan xəbər verir.
2010-cu ilin nəticələri
Səbail rayonunda 2010-cu il ərzində görülən işlər haqqında ilin yekununa həsr olunmuş hesabatda öz əksini tapmışdır. Belə ki, sənaye üzrə 2010-cu ildə 20172,3 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 23,3 faiz çox məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun çəkisi 92,4 faiz olmuşdur.
Nəqliyyat xidmətləri sahəsində də uğurlu nəticələr əldə edilmişdir. Belə ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi 27,1 faiz çox olmuşdur.
Rabitə sahəsində də 2010-cu il ərzində genişmiqyaslı işlər görülmüş, xidmətlər göstərilmişdir. Əhaliyə 785,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çox olmuşdur.
Həmçinin tikinti sektorunda da 2010-cu il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2299,7 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,7 faiz çox olmuşdur. Yönəldilmiş investisiyaların 2244,5 milyon manatı və ya 97,6 faizi istehsal təyinatlı obyektlərə sərf edilmişdir. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 461,6 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 58 faiz çoxdur.
2010-cu ildə dövlət başçısının iştirakı ilə rayon ərazisində bir sıra obyektlərin açılışı olmuşdur. Bunlardan «Dalğa plaza» iş mərkəzi, respublika kliniki uroloji xəstəxanası, Bakı Biznes Mərkəzi, Park-Bulvar ticarət və istirahət mərkəzi binalarını, həmçinin Dövlət Bayrağı Meydanın açılışını, Fəvvarələr meydanın əsaslı təmirdən sonra istifadəyə verilməsini misal göstərmək olar.
2011-ci ilin göstəriciləri
Səbail rayonu 2010-cu ildə olduğu kimi 2011-ci ildə də bütün sahələrdə uğurlara imza atmışdır. İqtisadiyyat, mədəniyyət, idman, sosial yönümlü işlər sahəsində əldə olunan nəticələr 2011-ci ildə daha da inkişaf etdirilmiş, genişləndirilmişdir. Bunu ilin yekununa həsr olunmuş hesabatda gətirilən fakt və rəqəmlərdən də görmək olar.
Yola saldığımız 2011-ci ildə respublikamızda əldə edilən iqtisadi yüksəliş, uğurlar, müvəffəqiyyətlə həyata keçirilən nəhəng işlərin nəticələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş tərkibdə müzakirə olunaraq qeyd edilmişdir ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra olunmuşdur. Bütün sahələr, istiqamətlər üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, məhsul bolluğu yaradılmış, xalqın gün-güzəranı daha da yaxşılaşmışdır.
Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə qoyulan investisiyaların həcmi ilbəil artır. Məsələn, 2010-cu ildə 17,6 milyard dollar həcmində investisiya qoyulmuşdusa, 2011-ci ildə bu rəqəm 20 milyard dollar təşkil etmişdir. Bu onu göstərir ki, yerli və xarici investorların Azərbaycana marağı böyükdür və ölkəmiz daim inkişaf edən dövlətlər sırasında özünə möhkəm yer edib. İlk dəfə olaraq ölkəmizin strateji valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. Əhalinin sosial yardıma ehtiyacı olan, pensiya alan təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısı tərəfindən bir sıra sərəncamlar imzalanmışdır.
Respublika həyatının bütün sahələrində əldə olunan uğurlu nəticələr aparılan məqsədəyönlü siyasəti şərtləndirən əsas amildir. İqtisadiyyatla yanaşı mədəni-kütləvi istiqamətlərdə də real irəliləyişlərə nail olunmuşdur. 2011-ci ilin «Turizm ili» kimi Prezident tərəfindən elan olunması bu sahəyə marağı artırmış, yeni müasir turizm obyektləri - mehmanxanalar, istirahət mərkəzləri, restoranlar tikilib istifadəyə verilmişdir. Bu sahəyə investisiya yatırılmasında geniş perspektivlər yaranmışdır. Elektrik enerjisi, rabitə, qazlaşdırma sahəsində də 2011-ci ildə böyük işlər görülmüşdür. Telekommunikasiya sahəsində çox qlobal məsələlər artıq öz həllini tapmaqdadır. Bunlardan ən əsası Azərbaycan dövlətinin öz telekommunikasiya peykini bu il orbitə çıxarılması planlaşdırılır.
Hər il respublika ərazisində yüzlərlə bu və ya digər istiqamətli obyektlərin açılmasında cənab Prezidentin özü iştirak edir. Yanvarın 24-də Prezident cənab İlham Əliyevin iştirakı ilə «Bakı elektrikşəbəkə» ASC-nin mərkəzi dispetcer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışı olmuşdur. İstifadəyə verilən obyektlərin sırasında olan Səbail rayonu «Badamdar», «Dağüstü park», «İçərişəhər» yarımstansiyalarının işə başlaması ilə həm ərazidə, həm də şəhərin mərkəzi hissəsində elektrik enerjisi ilə təminat sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilmişdir.
Rayonun müxtəlif ərazilərində qaz xətlərinin, elektrik xətlərinin dəyişdirilməsi, yenilərinin çəkilişi istiqamətində bir sıra işlər görülmüşdür. İlk növbədə qaz təhcizatı üzrə Badamdar qəsəbəsinin 2-ci və 3-cü yaşayış massivlərinin, Bağlar küçəsinin, Bibiheybət qəsəbəsinin, Salyan 32 ünvanda və Buxta küçəsində yaşayan sakinlərin qaz təchizatının yaxşılaşdırılması üçün yeni xətlərin çəkilməsi, köhnələrin təzələnməsi, istifadəyə verilən yeni evlərin qazlaşdırılması uğurla başa çatdırılmışdır. Elektrik enerjisi təminatı üzrə rayon ərazisində 110 kv-lıq hava elektrik verilişi xətlərinin yenidən qurulması, Badamdar qəsəbəsində 35/10 kv-lıq yeni yarımstansiyanın tikintisi, Bibiheybət qəsəbəsində köhnəlmiş 5 yarımstansiya əvəzinə yeni 35/6 kv-lıq yarımstansiyanın tikintisi, 6-10 kv-lıq kabel xətlərinin və KTM-lərin quraşdırılması, transformator məntəqələrinin təmiri və yenilərinin tikintisi aparılmışdır.
Su təchizatı və kanalizasiya xətlərinin yenilənməsi, çoxdan fəaliyyət göstərən belə xətlərin dəyişdirilməsi sahəsində də mühüm işlər görülür. Səbail rayonu demək olar şəhərin mərkəzi hissəsini əhatə etdiyinə görə yağış, qar sularının axıdılması üçün magistral küçələrdə yenidənqurma işləri görülmüşdür. Həmçinin rayonun Badamdar və Bibiheybət qəsəbələrinin, 20-ci yaşayış sahəsinin sü təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, mərkəzdə yağış suları kollektorunun yeniləşdirilməsi, eləcə də istilik təchizatı üzrə rayondakı 3 uşaq bağçası, 6 səhiyyə müəssisəsi üçün yeni istilik mənbələrinin yaradılması, binadaxili istilik sistemlərinin yeniləşdirilməsi istiqamətində əsaslı şəkildə işlər aparılmışdır.
Rabitə-informasiya kommunikasiyalarının keyfiyyətcə yaxşılaşdırılması, həmçinin yeni müasir tipli elektron ATS-lərin quraşdırılması sahəsində müntəzəm olaraq yenidənqurma işləri davam etdirilmişdir. Belə ki, cari ildə Badamdar və Bibiheybət qəsəbələrində yeni ATS binalarının tikintisi, Bibiheybətdə tutumu 2000 nömrə olan ATS-in quraşdırılması, 493/498 nömrəli ATS-lərin NGN texnologiya əsasında yenidənqurulması aparılacaqdır.
Rayonun yol təsərrüfatı və nəqliyyat sahəsində də işlərin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, qəsəbədaxili yolların təmiri və tikintisi, ətraf mühitin sağlamlaşdırılması, ekoloji cəhətdən ərazilərin təmizlənməsi işləri davam etdirilmiş, yaşıllaşdırma məqsədilə suvarma sistemləri qurulmuşdur. Bu işlər Badamdar, Bayıl yamacı, 20-ci sahə ərazilərində yerinə yetirilmişdir. Dövlət Bayrağı Meydanı ətrafında, Dənizkənarı parkda, eləcə də Bayıl qəsəbəsinin neftlə çirklənmiş ərazilərində əsaslı təmizlik və səliqə-sahman işləri aparılmışdır.
Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılması, Avropa təhsil məkanına inteqrasiya kimi qlobal məsələlər dövlətimizin daim diqqət mərkəzindədir. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü mühüm işləri xüsusi qeyd etmək olar. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı haqlı olaraq təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin qayğıkeşi, hamisi adlandırırlar. Ötən illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın bölgələrində yüzlərlə yeni məktəb binaları tikilib istifadəyə verilib, xeyli sayda köhnə binalar əsaslı təmir edilib. Səbail rayonunda da təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu sahədə görülən işlərin miqyası genişdir. Belə ki, son 1 il ərzində 8 orta məktəbin, 1 peşə məktəbinin, 2 uşaq bağçasının, 1 uşaq yaradıcılıq mərkəzinin, texniki yaradıcılıq birliyi binalarının təmiri aparılmış, 1 orta məktəb üçün yeni akt və idman zallarının, Badamdar qəsəbəsində 880 yerlik yeni orta məktəbin və 120 yerlik uşaq bağçasının tikintisi davam edir. Əhalinin sağlamlığı keşiyində duran səhiyyə sahəsində də təmir nəzərdə tutulmuş, 2012-ci ildə 3 poliklinikanın və 1 dispanserin əsaslı təmiri və Badamdar qəsəbəsində yeni xəstəxana binasının tikintisi aparılacaqdır.
Səbail rayonunda aparılan və başa çatdırılan obyektlərin, park və mədəniyyət strukturlarının yenidən qurulmasından sonra açılışında cənab Prezident iştirak etmiş və öz tövsiyələrini vermişdir. Bakı şəhərinin mərkəzi, eləcə də Bakıətrafı qəsəbələrin abadlaşdırılmasına, qəsəbədaxili yolların asfaltlaşdırılmasına dair cənab Prezidentin verdiyi göstəriş və tapşırıqları yerlərdə uğurla həyata keçirilmiş, qəsəbələrin sosial-iqtisadi inkişafı istiqamətində işlər davam etdirilmişdir.
Rayonun iqtisadiyyatının mühüm sahələrindən biri də sənayedir. Bu istiqamətdə 2011-ci ildə nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. Belə ki, 2011-ci ilin yekunlarına görə sənaye müəssisələri üzrə 24 milyard 338,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 199 çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2011-ci ilin yanvar-dekabr ayları ərzində istehlakçılara 24328,8 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 24327,1 milyon manatlıq məhsul göndərilmiş və xidmət göstərilmişdir.
Nəqliyat və rabitə sahəsində də 2011-ci ildə uğurlu nəticələrə imza atan Səbail rayonu ölkəmizin inkişafına öz töhfəsini vermişdir. Məsələn, 2011-ci ilin yanvar-dekabr aylarında nəqliyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və göstərilən xidmətlərin həcmi 639,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34 faiz çox olmuşdur. 2011-ci ilin yanvar-dekabr ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 768 milyon manatlıq və ya ötən ildəkindən 1,1 faiz çox xidmət göstərilmişdir. Tikinti sahəsində də 2011-ci ildə 2325,4 milyon manatlıq əsaslı kapital qoyuluş olmuşdur. İl ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Səbail rayonunda istifadəyə verilən, yenidən qurulan bir sıra obyektlərin, mədəniyyət, təhsil müəssisələrinin açılışında iştirak etmişdir. Rayon ərazisində mühüm əhəmiyyət kəsb edən memarlıq-tarixi abidələrin qorunması, onların əsaslı təmir olunması ilə bağlı Prezident sərəncam imzalamışdır. Azərbaycanın memarlıq incisi, tariximizin keçmiş yaddaşını özündə əks etdirən məşhur Qız qalası kompleksində indi böyük və əsaslı təmir işləri aparılır. Keçmişini yaşatmayan xalq gələcəyini qura bilməz. Bu zərb-məsəl bu gün öz aktuallığını saxlamaqdadır. Ona görə də dövlət başçısı tərəfindən tariximizin müxtəlif mərhələlərini əks etdirən memarlıq abidələrinə xüsusi qayğı göstərilir. Məlum olduğu kimi Səbail rayonunda belə abidələr çoxdur. Ona görə də rayon rəhbərliyi tərəfindən bu işlərə müntəzəm olaraq diqqət yönəldilmişdir. Hazırda «Avroviziya -2012»-yə hazırlıqla bağlı Dövlət Bayrağı Meydanı yaxınlığında bu məqsədlə möhtəşəm İdman-Konsert Kompleksi ucaldılır.
Rayonda əhalinin aztəminatlı təbəqəsinə sosial yardımların, pensiyaçı insanların, kimsəsizlərin, ahıl və yaşlı sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Mərkəzində qeydiyyatda olan 2525 nəfər sosial müavinət alır. Mərkəzin xidmət şöbəsində 372 tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər işçi xidmət göstərir.
Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində qeydiyyatda olan 13694 nəfər təqaüdçü vardır və 2011-ci il ərzində onlara 29. 246. 217,34 manat təqaüd və müavinətlərin vaxtında və bankomatlar tərəfindən ödənilməsi təmin edilmiş, bu iş rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Yaşayış sahələrinin, məhəllələrin təmizliyinə, daim səliqə-sahmanlı olmasına nəzarət edən Mənzil-kommunal təsərrüfatı birliyi tərəfindən abadlıq işləri ilboyu davam etdirilir. Onun balansında olan 537 evin 67-si istilik sisteminə qoşulmuşdur. Payız-qış mövsümündə binalar istiliklə təmin edilmişdir. 2011-ci il ərzində Birlik tərəfindən rayon ərazisində bir sıra evlərin dam örtükləri təmir edilmiş, giriş hissələrində sahmanlama işləri aparılmışdır. Su, qaz xətlərinin köhnəlmiş hissələri, eləcə də elektrik təsərrüfatında yarasız xətlər dəyişdirilmişdir. Beləliklə rayonumuzun sakinlərinin rahatlığı istiqamətində rayon rəhbərliyi mütəmadi tədbirlər həyata keçirir.
2011-ci ildə Səbail rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına rayonda bir sıra genişmiqyaslı təmir-abadlıq işləri aparılmışdır ki, bu işlərin də əksəriyyəti sosial yönümlü olmuş, vətəndaşlarımızın rifahının, həyat şəraitinin yüksəldilməsinə yönəldilmişdir. Belə ki rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən «Abad həyət» layihəsi çərçivəsində əsaslı təmir işləri görülmüş, idman meydançası, söhbətkahlar, oturacaqlar, uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılmış, yeni skamyalar qurulmuş, blok qapıları dəyişdirilmiş, binaların giriş hissəsi və pilləkanlar təmir olunmuş, aqlay üzlüklə üzvlənmiş, həyətlərə asfalt salınmışdır.
Respublikamızın hər yerində olduğu kimi Səbail rayonunda da Böyük Vətən müharibəsində qələbənin 66-cı ildönümü geniş qeyd olunmuş, Qələbə bayramı ərəfəsində Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə müharibə veteranları, arxa cəbhə iştirakçılarının görüşü keçirilmiş, tədbirdən sonra veteranlara maddi yardım və hdiyyələr təqdim olunmuşdur. Bibiheybətdəki 1941-1945-ci il Böyük Vətən Müharibəsi abidə kompleksində yenidənqurma və bərpa işləri aparılmış, ətraf səliqə-sahmana salınmışdır.
Bundan əlavə rayon İcra Hakimiyyətinin imkanları hesabına Badamdar qəsəbəsində Mədəniyyət evinin əsaslı təmiri aparılmış, burada müxtəlif tədbirlərin keçirilməsi üçün şərait yaradılmışdır. Həmçinin rayon İcra Hakimiyyəti tərfindən «Xeyir-şər» evi tikilərək sakinlərin mərasimlər keçirməlri üçün hər cür avadanlıqla təmin edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda bir sıra humanitar aksiyalar, tədbirlər keçirilir, imkansız insanlara, şəhid və əlil ailələrinə yardımlar göstərilir. Həmçinin tarixi hadisələrin, əlamətdar günlərin qeyd olunması mütəmadi hal alıb. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri rayonun hamilik etdiyi, cəbhənin ön xəttində xidmət edən Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşü keçirilmiş, hərbi hissənin əsgərlərinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatları çatdırılırmışdır. Rayon nümayəndələrinin iştirakı ilə həmçinin Daxili Qoşunların Bakı, Zaqatala və Bərdə şəhərlərində yerləşən hərbi hissələrində də görüş və konsertlər təşkil edilmişdir.
Xalqımızın əsrlərin sınağından çıxıb bugünümüzə qədər gəlib çıxan Milli bayramımız-Novruzun gəlişi ilə əlaqədar rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların, o cümlədən Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, 20 Yanvar və Çernobıl cəmiyyətinin, əlillər, korlar, rayonda məskunlaşan məcburi köçkünlərin, rus icmasının iştirakı ilə rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmiş, onlara ərzaq yardımları edilmişdir.
2011-ci il bütövlükdə respublikamız üçün bir sıra yadda qalan hadisələrlə zəngin olmuşdur. O cümlədən Səbail rayonu da ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verməklə Azərbaycan dövlətinin qüdrətli, güclü olması işində fəal iştirak etmişdir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik strategiyası Prezidentimiz cənab İlham Əliyevin böyük təcrübəsi sayəsində uğurla davam etdirilir, xalqımızı xoş gələcəyə aparır.