“İP-in tərkibində dağıdıcı və səthi adamlar var” - Müsahibə

“İP-in tərkibində dağıdıcı və səthi adamlar var” - Müsahibə

“Mən hökümətə olan nifrətlə, müxalifətə olan inamsızlığın balans təşkil etdiyini təsəvvür edə bilməmişdim”

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin “Vətəninfo.az”a müsahibəsi:


- Bu gün Azərbaycan siyasətində aktual bir simaya çevirilən Rəsul Quliyev Amerikadan baxanda Azərbaycanı necə görür? Ümumiyyətlə, Azərbaycana Amerikadan yoxsa Bakıdan baxmaq yaxşıdır?

- İstər Azərbaycandan,  istər Amerikadan,  istərsə də Marsdan bax,  fərq etməz, Azərbaycan elə olduğu kimi, xalqı çox problemli, torpaqları işğal olunmuş, korrupsiya və rüşvətin məngənəsində boğulan, sükanını itirmiş gəmi kimi görülür.  Bakıdan mənim Azərbaycana baxmaq fikrim yoxdur. Bakıdan Azərbaycanın problemlərini həll etmək istəyirəm.

- Tarix sizə belə bir fürsət verəcəkmi ki, Bakıya gəlib buradan Azərbaycanın problemlərini həll edəsiniz?

- Hər halda axıra qədər cəhd edəcəyəm. İnanıram ki, buna nail olacağam.

- Sizin Azərbaycanda istədiyiniz dəyişiklikləri etmək üçün konkret bir siyasi proqramınız varmı ?

- Sözsüz  var. Azərbaycanda dərin siyasi və iqtisadi reformalar proqramım var. Bu proqram geniş şəkildə ''diktatorla üz üzə'' kitabımda verilib, ancaq yeni əlavələrlə bu ilin sentyabrında yenidən xalqın müzakirəsinə çıxarmaq istəyirəm. Bu proqramın əsasında beş il müddətində Azərbaycan tamamilə fərqli ictimai formasiyaya daxil olmalıdır. İdarəçilikdə vətəndaşların rolu bu günki sıfır səviyyəsindən azı 100 dəfə artırılacaq. Sözsüz ki, konstitusiyada dəyişiklik ediləcək. Parlamentlə prezidentin hüquqları və məsuliyyəti xalq qarşısında balanslaşdırılacaq. Məhkəmə sistemi xalqın iştirakı ilə formalaşdırılacaq və nəticədə sözün əsl mənasında müstəqil olacaq.

- Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Çoxları deyir ki, bu seçkilər əvvəlkindən fərqlənəcək. Azərbaycanda böyük dəyişikliklər olacaq. Siz necə düşünürsünüz?

- Mənim məqsədim bu seçkilərin saxtalaşdırılmasının qarşısını almaqdır. Əsas məsələ hökümətin 1993-cü ildən keçirdiyi saxta seçkilərin təkrar olunmasına yol verməmək üçün real tədbirlərin həyata keçrilməsinə nail olmaqdır. Tək hökümətin yox, qaragurçu qüvvələrində xaos yaradıb hakimiyyəti zorla ələ keçrilməsinə yol vermək olmaz. Düşünürəm ki, 2013-cü il Azərbaycan üçün sınaq ili olacaq. Bu sınaqdan xalq ya üzü ağ çıxıb normal gələcəyinə nail olacaq, ya da faciələrini daha da dərinləşdirəcək. Bu seçkilərdə iştirak etmək və xalqın seçimini qazanmaq niyyətindəyəm.

- İqtidarı anladıq, bəs qaragurçu qüvvələr deyəndə kimləri nəzərdə tutursunuz, sizinlə uzlaşmayan İctimai Palatanımı? Ümumiyyətlə İP-in fəaliyyətini necə dəyərlənirirsiniz?

- Garagurçu qüvvələr İP-ya daxil olan partiyaların içərisində, ondan kənarda, hökümətin içərisində də vardır. Bir qrup aqressiv insan qrupları həmişə xalqın sakitliyindən istifadə edib boğazlarına güc verməklə nəyəsə nail olmağa cəhd edirlər. Azərbaycanın tarixində belə şirnikdirici addımları atmaq üçün kifayət qədər presedentlər olub. 1992, 93, 94, 95-ci illərdəki baş vermiş hadisələrdən ibrət dərsi götürmək əvəzinə, bu hadisələri hakimiyyəti ələ keçirməkdə model kimi qəbul edənlərin sayı hələ də kifayət qədərdir. Ayrı ayrılıqda İP-in məclisinə daxil olanların içərisində kifayət qədər müsbət keyfiyyətlərə malik, əsl demokratiyanın nə olduğunu başa düşən və qəbul edənlər az deyildir. Onlarla yanaşı dağıdıcı və səthi adamlardan da xilas ola bilməyiblər.

- Müsahibələrinizin birində qeyd etmişdiniz ki, 2013-cü ildəki prezindent seçkilərinə qatılacaqsınız və böyük fərqlə qalib gələcəksiniz. Eks-spiker 2013-də hansı imkanları ilə qələbə çalacağına ümid edir?

- Mənim qələbəmi təmin edəcək bir sıra faktorlar var. Onlara söykənib belə qənaətə gəlirəm. Birincisi keçdiyim həyat yolu, yəni işlədiyim vəzifələrdə insanlarla münasibət qurmaq qabiliyyətim, ikincisi xalqa və onun seçiminə inanmağım və xalqın idarə edəcəyi hökümətin qurulmasına səmimi şəkildə inanmağım və özümün amalım kimi qəbul etməyim, üçüncüsü isə siyasi və iqtisadi reformaların anatomiyasını və bu reformaları həyata keçirmək yollarını dərindən ,fundamental bilməyimdir.  Əlbəttə,  seçkilərdə birbaşa iştirak etməyi nəzərdə tuturam.  

- Rəsul bəy, bir neçə ay əvvəl demişdiniz ki, aprel ayında Bakıda on minlərin iştirakı ilə mitinqlər təşkil edəcəksiniz. Amma bu aksiyalar olmadı. Bunun səbəbi nədir?

- Bu suala cavab vermişəm, bir də təkrar edə bilərəm. 2011-ci ilin dekabrında məndə belə bir fikir formalaşmışdı ki, hökümətə nifrət edən, həyatından narazı olan əksəriyyət azərbaycanlıların 5 faizi belə protest mitinqinə çıxsa, bu 100 minlər deməkdir. Mən hökümətə olan nifrətlə, müxalifətə olan inamsızlığın balans təşkil etdiyini təsəvvür edə bilməmişdim. Sözsüz Azərbaycanda olmamağım mənə qarşı inamsızlığıda formalaşdıran faktordur. Ona görə əvəlki dediklərimin yerinə yetirilməyəcəyini hələ fevralın axırında elan etdim. Mitinq keçirmək istədim, bizə icazə vermədilər. Qeyri-səmimi metodlardan istifadə etmək, mitinq imitasiyası yaratmaq kimi addımlar atmaq mənim əqidəmə ziddir. Ona görə indi daha fundamental şəkildə protest mitinqləri keçirməyə hazırlaşırıq. Plan və proqrama müəyyən dəyişiklər etmişik. Təəssüf ki, onların nədən ibarət olduğunu sizinlə bölüşə bilməyəcəyəm.

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az