İşıqlı İmza, Müdrik və Ləyaqətli Peşəkar

İşıqlı İmza, Müdrik və Ləyaqətli Peşəkar
Bu gün, yəni dekabrın 22-si sovet dönəmi olsaydı, keçən və ondan əvvəlki əsrlərin illərinin növbəti dekabrı olsaydı, bəlkə də əlamətdarlığı ayrı hadisə olardı – olub da. Biz iki siyasi formasiya yaşamış biri olaraq, sovet mərhələsini ya unutmuşuq, ya da unutmağa çalışırıq lazımsız statistika kimi!
Haqqında yazacağım İmza isə... məhz unutmağa, laqeyd yanaşmağa, sxolastik statistikaya çevrilməyə qoymur!
Canlı olanların içində maddələrin xassəsi var, insanların xasiyyəti! Xassə və xasiyyət keyfiyyət baxımından effektivliyə köklənir, bu baxımdan İNSAN ağlı istifadəsi üçün faydalı olanı seçir! Ağacdan, meyvədən, havadan, sudan ta adama qədər!
Maddələrin faydalı iş əmsalı var, insanların faydalılıq dərəcəsi!
Azərbaycanda neftin və qazın faydalılıq tərəfi nə qədər ümumidirsə, Azərbaycan ziyalılarının (hocasının, hakiminin, həkiminin və s.) da faydalılıq dərəcəsi o qədərdir!
Fayda(lı iş əmsalı, faydalılıq dərəcəsi) var: xassə və xasiyyət, miqyas və mahiyyət imkan verir, amma və lakin... ümumi deyil, korporativ, lokal və məhdud çevrə üçündür!
Belə məhdud atmosferli cameədə bəşərilik bir yana qalsın, ümumxalq statusuna yüksəlmək çox çətindir yox e, hətta təhlükəlidir, çünki adamdan durub soruşurlar səlahiyyət sahibləri ki (məsəl üçün), "sən Aydın Canı tanıyırsan” (o mənada ki: xeyir ola, onu işə dəvət etmisən, cibinə pul qoymusan, köşə yazılarını vermisən, verilişə çıxarmısan, müsahibə alıb səndən, səndən yazı yazıb, yubiley tədbirinə dəvət etmisən, o orda və səninlə neyləyirdi ki və yaxud sən nə ağızbahəm eləmisən yol çəkdirmisən, məktəbə yardım aparıbsan, camaata bayrampayı vermisən)?
Bəli, məhz bu bir sual adamın həyatını baş-ayaq edər – bugünkü reallıq budur!
Və... nəyi necə yazmaq bir kənara qalsın e, nə üçün yazmısan hikkəsi-sualı da Domokl qılıncı kimi hər bir sanballı, oxunan imzanın başının üstündə yellənib.
Sadəcə, hər dönəmi düzgün və doğru qiymətləndirmə bəsirəti hər kəsdə qədərincə bəs olmayıb – son 40 il bunun bariz nümunəsidir!
Məhz belə reallıqların fonunda durub bir imzanın 65 yaşının tamamında təqdimat etmək həm o qədər asandır ki, quruca təbrik eləsən, adamın üzünə tüpürərlər, həm də o qədər çətindir ki, durub adama durduq yerdə sual verərlər "xeyir ola, o səndən niyə yazıb?”
ELƏ ONA GÖRƏ DƏ... 40 İL ƏVVƏL
dən başlayaq.
Nə 40 il, nə də 40 saat əvvəl bu və ya digər şəkildə Müsəllim Həsənovla heç bir ilişki, tay-tuşluq, salam-əleyk, yeyib-içmək, ictimai-siyasi əlaqə, korporativ görüşüm olmayıb! Amma və lakin... 40 il əvvəldən və 40 il əvvəl də, 40 saat əvvəl də Müsəllim Qamanoğlu qarşı-qarşıya oturduğum, dərdləşdiyim, deyib-güldüyüm, suallarıma cavab aldığım, daima təbəssümlü simasından və işıqlı fikirlərindən yana özünə rəğbət bəslədiyim əzizim, kumirim, ustadım olub – bir arzın qədər də artırıb-əskiltmədən deyirəm!
Və... özü də təkcə Müsəllim Həsənov yox!
Xudayət Həsənli, Qismət Əmənov, Müsəllim Həsənov triosu! – "Azərbaycan gəncləri” qəzetinin parlaq və işıqlı imzaları!
Hər üç imzanın CAZİBƏDARLIĞI, İLK NÖVBƏDƏ, yazıları yox, imzalarının fərqliliyi idi: Xudayət, Əmənov, Müsəllim, Qaman... mənim 17 yaşına qədər nə ədəbiyyatda, nə də kənddə-kəsəkdə, rayonda-şəhərdə eşitdiyim, rast gəldiyim ad-isim olub – bölgədə işlənməyən adlardır! Biz Xalıqverdi, Xudaverdi, Ağaverdi, Əhməd, Məmməd, Baldadaş, Xan(ım)nənə, Tükəzban, Fatmanisə adlarını eşidib böyümüş uşaqlarıq kənddə-köydə-aulda!
Atam "Azərbaycan gəncləri” qəzetinə iki nüsxə abunə olurdu o illərdə: qardaşımla bir-birimizi qırmayaq. Qəzet gələn kimi, ikimiz də birinci baxmaq, oxumaq istəyirdik bu imzaları!
Niyə?
Gopa basıb deməyəcəm ki, mən elə o vaxtdan bilirdim bu imzalar dəyərli imzalardır, yaxud da bu trio o qədər gözəl yazırdı ki, "ELƏ” (heç indi də "ELƏ” statusunda yazı yoxdur, on-iyirmi ildən bir rast gəlir) mövzularla çıxış edirdilər ki...
Yox! Belə eyforiya-ekstazı bizə sonralar yaşadacaqdı bu imzalar, xüsusən də Müsəllim Həsənli!
Sözarası qeyd edim ki, bu triodan təkcə Qismət Əmənovla epizodik görüşlərim oldu – Müsəllim Həsənliylə hətta bir gün də olsa, bir fakültəyə gəlib getmək nəsib olmadı: mən jurnalistika fakültəsinə qəbul olunanda onlar mürəxxəs olmuşdular... məzun olaraq, Qismət kursda qaldığından əyani görüşə bildik!
Qəbuldan sonra əsgərlik gəldi, Müsəllim Həsənov hansısa nəşriyyatda işlədiyindən day "Azərbaycan gəncləri”ndə görünmədi, deyəsən: onun əvəzinə də biz yazılarının ləzzətini yaşamaqdaydıq, ondan çox biz istəyirdik Müsəllim Həsənov yazsın sevimli qəzetimizdə!
Amma, deyəsən, day Müsəllim Həsənov daha sanballı işlər, daha ciddi məqsədlər naminə çalışmağa başlamışdı!
Biz yenidən, sözün məcazi və müstəqim mənasında, "Yeni Fikir” meydana çıxanda rastlaşdıq - əlbəttə ki, qəzet səhifələrində!
Hə-ə, bu dönəm üçün demək olar ki, Müsəllim Həsənov ELƏ yazılarla çıxış edirdi!
HAŞİYƏ olaraq qeyd edim ki, əvvəlki triodan elə salamat qalan təkcə Müsəllim Həsənov oldu – Xudayət Həsənli, deyəsən, vəzifəyə getdi, Qismət Əmənov... bilinməzə! Xudayət Həsənli indi də bilinmir hardadır, Qismət Əmənovun qəbri doğulduğu kənddədir!
Amma, amma, amma...
Müstəqil qəzetdə və Müstəqillik Yollarına ayaq basan Azərbaycanda SEVİMLİ, İŞIQLI İMZA olaraq, bir daha və yenidən Müsəllim Həsənovun orbitinə düşdük!
Hər zaman da sakit, təmkinli bir imza kimi cazibədar oldu: o dövrdə ki, hamı "partizan”lıq edirdi, gurultulu yazılar yazırdı, pafos-populizm, konyunktura əsas meyar idi!
Və... bu gün 65 yaşına çatan Müsəllim Həsənovun bu jurnalistikada qazandığı (istedadından, savadından, peşəkarlığından narazı qal(ın)mayan bir jurnalist kimi, hesab edirəm ki) nə fəxri adlar, nə mükafatlar, nə də ranqlar-rütbələr, vəzifələrdir!
Müsəllim Həsənov Azərbaycan Jurnalistikasında Tarixi İmzadır – Parlaq və İşıqlı! Ləyaqətli və Müdrik! Tarixə İşıq salan, Proseslərə Müdrik yanaşan, Zamanın Gərdişlərində Ləyaqətini qoruyan – bunun üçün hətta hansısa adla Amerikaya getmək lazımdırsa gedən, Təki İmzasının Parlaqlığı parıltıya çevrilməsin, İşığı Öləziməsin, Ləyaqəti kölgələnməsin! – qazancı budur, zənnindəyəm!
Mən Müsəllim Həsənovu həm də ona görə çox istəyirəm ki, o heç vaxt işsizlik girdabında bir vaxtlar "julik” dediyi qəzetlərdə gedib işləmədi: "planka”sını saxladı - həmkar dostlarından, ustadlarından fərqli olaraq!
Müsəllim Həsənov İstedadının imzasına hörmət gətirdiyi, imzasının hörmətini qoruyan çox az unikal peşəkarlardandır!
Həmişə də üzdə olan imzamızdır – ləyaqətinə kölgə salmayan!
Çox az imzalardandır ki, nə çox yaxın düşmüşəm ki, özünün konkret fikri olsun konkret təmasa görə haqqımda – kimlərdən nə eşidib, nə deyiblər, yazdıqlarımı oxuyub (əgər o da oxuyubsa, vaxtı olubsa, ya da məqbul sayıbsa) nə qənaətə gəlib, öz yerində, nə də çox uzaq qalmışam ki, qaçırmayım: dedim axı, Müsəllim Həsənov Tarix üçün yazır, Tarixdən yazır, Tarix yazır – 40 il əvvəldən 40 saat əvvələcən!
Bu fərasət, bəsirət, ağıl çox az jurnalistdə var: tam əksəriyyəti volyuntarist, karyerist, kolloboranist, gündəm qəhrəmanı!
Müsəllim Həsənov unudulmuş tarixləri canlandırır, özü də o tarixlərlə birgə yaşayacaq!
Əbədi tarixlərdir – sadəcə, ifadə forması 26 fevral, 31 mart, 28 aprel, 28 may, 10 noyabr, 20 noyabr, 12 dekabr, 31 dekabrdır!
Müsəllim Həsənov təkcə "BİLİRDİNİZMİ” ilə bir daha mesaj verdi: bütün zamanlarda milyoner olmaq mümkün olduğu kimi, bütün zamanlarda da Tarixin Jurnalisti olmaq olar!
Məmur olmaq jurnalist üçün deyil, jurnalist məmur olursa... məşhur lətifə qüvvəyə minir!
Tibb Universitetinin "tupoy” tələbələri üçün uydurulmuş və həm də həqiqəti ifadə edən lətifədir amma. Oxumayan tələbələri göstərən müəllim deyir ki, "AMİ” pediatr, cərrah, oftalmoloq hazırlayır, bir də "qlavvraç”, bax, bu "tupoy” tələbələr o "qlavvraç”lardır!
Jurnalist də həmçinin – məmur olan jurnalistlərə baxın. İki jurnalist indiyə qədər nazir olub – ikisi də faciəli şəkildə karyerasını bitirib! Hələ o biri vəzifələrdə olanları demirəm – nə qədər əskik duruma düşüblər!
Jurnalist yaradıcıdır – yaratsa, yaşayacaq! Ən azından, hadisə yaratmağı bacarmasa da, hadisəni təqdim etmə bacarığı olmalıdır, day orasını demirəm ki, lazım olan vaxtda lazım olan yerdə olmaq fəhmi və əldə olan informasiya ilə oynamaq-alver etmək məharəti nə deməkdir!
Müsəllim Həsənov lazım olan anda lazım olan yerlərdə olsa da, taleyüklü informasiyalara malik olsa da, hadisə yaratmaq bacarığı, hadisəni təqdim etmək məharəti olsa da, heç vaxt bu istedadla alver etməyib!
Bax, həm də buna görə əzizdir mənə... imza olaraq!
Müsəllim Həsənovun 65 yaşında gözümün qabağından "Azərbaycan gəncləri” qəzetindəki yazıları keçir – paradı məmnunluqla qəbul edirəm!
Müsəllim Həsənovun Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat katibi olmağı gözümün qabağından keçir – paradı məmnunluqla qəbul edirəm!
Ona qədər isə... Taleh Həmid, Aydın Kərimov (allah hər ikisinə rəhmət eləsin!), Tahir Talıblı, Qəzənfər Qasımov, Əlisəftər Hüseynov və Müsəllim Həsənov keçir gözümün qabağından – paradı məmnunluqla qəbul edirəm!
Hər dəfə Müsəllim Həsənov "BİLİRDİNİZMİ” ilə onlayn və print şəkildə keçir gözümün qabağından – paradı məmnunluqla qəbul edirəm!
Müsəllim Həsənov PARAD İMZADIR... xalq üçün!
Xalq bu PARAD İMZAdan məmnundur – içində Özü, Sözü, Tarixi var bu xalqın!
YAZININ ETİRAFI: Müsəllim Həsənova həmişə... Bloxin, Belanov, van Basten kimi baxmışam, fanat kimi.
İstəmişəm ki, həmişə aralıdan baxım, baxmayaraq ki, dost olduğum qrup yoldaşlarım, ustad dediklərim, ən yaxın həmkarlarımın hamısı ilə yaxın olub, dost olub – elə də çətin olmazdı "sostavit kampaniyu”. Niyəsi də bu ki... fanatı olduğum kumir və ustad imzaları o "Azərbaycan” nəşriyyatında yaxından tanıyandan sonra çoxunun qanadları yandı Dürat misalı – mənim qanadlarımın yanmağına kimsənin şahid olması mənə önəmli deyil: "tuluqda zeytun satan kişinin”-fəhlə Məmmədin oğluydum, əldə etdiklərimdən milyon dəfə razı və məmnunam, bu qədəri də bəsimdir!
Amma və lakin... Azərbaycan miqyasında dəyərli imzaları ilk olaraq özümüz qorumalıyıq özümüz üçün, onları xırda məişət xahişləri və iddiaları ilə sıfırlamaq olmaz!
YAZININ İDDİASI: Azərbaycan Jurnalistikasında 65 yaşına DİRİ çatan nadir imzalardan olan (Azərbaycanda yaltaq-yalaqlıq, sınma-qırılma, satılma-satma yaşı çoxdan çox cavanlaşıb!) Müsəllim Qaman oğlu Həsənovu təbrik edirəm. Buna şahid olmaq mənə zövq verir! O da ayrı bir lüksdür ki, təbrik haqqını, şükür ki, mən də hələ itirməmişəm.
Ləyaqətli və Müdrik İmzaları təbrik etmək haqqı barədə də düşünmək lazımdır – Müsəllim Həsənov Alilərin təbrikini haqq edir.
Buyursun, Zati-Aliləri...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az