İslahatlar sosial-iqtisadi inkişafı daha da sürətləndirir

İslahatlar sosial-iqtisadi inkişafı daha da sürətləndirir

Dövlət başçısı İlham Əliyev ­prezidentlik fəaliyyətinə başladığı vaxtdan ötən 16 il ərzində sosial-iqtisadi sahələrin inkişafı məqsədilə qətiyyətli addımlar atılıb, genişmiqyaslı islahatlar gerçəkləşdirilib, idarəetmə fəaliyyətinn yenilənməsinə xüsusi əhəmiyyət verilib. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. Neftin ucuzlaşması və kəskin devalvasiyadan sonra isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb, bu, sosial-iqtisadi islahatların daha sürətlə aparılmasına təkan verib.

İslahatlar fəaliyyət istiqamətləri oxşar olan dövlət qurumlarının konsolidasiyasının həyata keçirilməsinə, dövlət aparatının saxlanılması xərclərinin maksimum dərəcədə optimallaşdırılmasına, büdcə yükünün azaldılması istiqamətində tədbirlərin reallaşdırılmasına müsbət təsir göstərib.Bu, eyni zamanda, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, sahibkarların fəaliyyətinə dolayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarının ləğv edilməsi ilə nəticələnib.
Prezident İlham Əliyev çıxışlarında kadr islahatlarının davamlı olacağını, təyin edilən bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulduğunu və kadrlara o vəzifələrin icrasının zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda, dövlət məmurlarının vəzifəyə gəlir mənbəyi kimi baxmamalarını, xalqa xidmət etmələrini, başlıca missiyalarının, vəzifələrinin məhz bundan ibarət olduğunu tövsiyə edib. 
Bu fikirlə bağlı bir məqamı xatırlatmaq istərdim. Prezident İlham Əliyev bir müddət əvvəl yeni icra başçılarının vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib: "Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir.Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ ­olmalıdır”.
Ölkə rəhbəri nitqində yuxarıda qeyd edilənlərlə yanaşı, Azərbaycanda işsizliklə bağlı problemlərin bütövlükdə həllini tapdığını, yeni iş yerlərinin yaradılması üçün investisiya layihələrinin icrasının zəruriliyini, bunun üçün icra başçılarının da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmağı diqqətdə saxlamalarını qeyd edib: 
 "Sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır.Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır.İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, "Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm.Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir.Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz”.
Respublikamızda dövlət idarəetmə islahatlarının diqqət mərkəzində saxlanılması iqtisadi və sosial islahatların sistemliliyini və dayanıqlılığını təmin edir, ölkənin davamlı inkişafına zəmin yaradır. Ən əsası isə islahatların sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizdə səmərəli dövlət idarəetmə sistemi qurulub. Bu, beynəlxalq hesabatlarda da öz təsdiqini tapıb. Məsələn, Dünya Bankının hesabladığı "Hökumətin səmərəliliyi” subindikatoru üzrə Azərbaycan 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. Azərbaycan "Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. "ASAN xidmət”, DOST, ABAD, "Bir pəncərə” İxraca Dəstək Mərkəzi, Şəbəkə və digər xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxınlaşıb. 
Bütün bunlar isə respublikamızın dünyada ən çox islahat aparan ölkələrdən biri kimi elan olunmasına gətirib çıxarıb. Belə ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib. 
Yeri gəlmişkən, struktur islahatları "yaxşı idarəetmə” və "açıq hökumət” prinsiplərinə uyğun şəkildə dövlət idarəetməsinin dünya standartlarına əsasən həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019” hesabatına görə, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səmərəli dövlət idarəetmə sisteminin formalaşmasını göstərir.

Prezident İlham Əliyev ölkədə kadr və struktur islahatları ilə yanaşı, sosial-iqtisadi inkişafa da daim diqqət yetirib.Son 16 ildə qarşıya qoyduğu əsas vəzifələrdən biri respublikamızı iki nəqliyyat dəhlizinin habına çevirmək olub. Bunlardan biri Avropa İttifaqı ölkələrindən Çinə tərəf uzanan Şərq-Qərb, digəri isə Rusiyanı İran və Hindistanla əlaqələndirən Şimal-Cənub dəhlizləridir. Bu baxımdan Ələt limanının yaradılması və bu ərazidə sərbəst iqtisadi zona qurulması təşəbbüsü diqqət çəkir. Yeri gəlmişkən, Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə gətirilən yükün 2017-ci ilin oktyabrında işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə qısa müddətdə Avropadakı təyinat məntəqələrinə göndərilmə imkanlarının gerçəkləşdirilməsi mühüm önəm daşıyır. 

Son 16 ildə iqtisadiyyata 250 milyard dollar məbləğində sərmayə qoyulub. Nəticədə bu gün Azərbaycan şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. Bu sahədə ciddi nailiyyətlər qazanılıb.Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunmuş onlarca yeni sənaye müəssisəsi tikilib və fəaliyyətə başlayıb."2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib.İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilir. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artmaqdadır.

İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə bağlarının sahəsi xeyli genişlənib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.

Ümumiyyətlə, kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, aqrar sahəni modernləşdirmək, bu sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq məqsədi ilə həyata keçirilən islahatlar nəticəsində hazırda müsbət göstəricilər qeydə alınır. Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı nitqində bu barədə ətraflı bəhs edib. Ölkə rəhbəri diqqəti son illərdə aqrar sektorun ayrı-ayrı sahələrində nəzərə çarpan inkişafa yönəltməklə bərabər, pambıqçılıqda da əldə olunan yüksək göstəriciləri xüsusi vurğulayıb. Dövlətimizin başçısı prezidentlik fəaliyyətinin bütün dövrlərində əsas ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan pambıqçılığın inkişafını daim diqqət mərkəzində saxladığını, pambıqçılıq ənənələrinin son illər yüksək templə inkişaf etdirildiyini xatırladıb. Prezident qeyd edib ki, cari il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib: "Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.

Bunu statistik rəqəmlər də aydın göstərir. Belə ki, 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bugünədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.
Builki yüksək nəticələr isə, ilk növbədə, ölkə rəhbərinin bu sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, 2018-ci ildə xam pambığın fermerlərdən alış qiyməti hər ton üçün 150 manat artırılaraq 650 manata çatdırılıb. Fermer satdığı hər ton xam pambığa görə dövlətdən 100 manat subsidiya alıb. İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb.

Dövlətimizin başçısının müşavirədəki nitqi bir daha göstərdi ki, kənd təsərrüfatının ənənəvi sahəsi olan pambıqçılığın inkişafı dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır, bu sahəyə xüsusi qayğı göstərilir. Elə buna görə də böyük potensiala malik pambıqçılıqda məhsul istehsalı ildən-ilə artır.

Dövlətimizin başçısının prezidentlik fəaliyyəti dövründə sosial sahədə də yüksək göstəricilər əldə edilib. Belə ki, ötən illər ərzində 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkənin ali məktəblərində, elmi mərkəzlərdə, Milli Elmlər Akademiyasının müəssisələrində də analoji işlər aparılıb. Ölkədə 16 il ərzində 15 min kilometrdən çox asfalt yol çəkilib, 443 körpü inşa edilib. Bakı Metropoliteninin 4 yeni stansiyası istifadəyə verilib. Bu müddətdə Azərbaycanda altısı beynəlxalq olmaqla, 7 aeroport tikilib.

2003-2019-cu illərdə ölkədə 31 elektrik stansiyası tikilib istifadəyə verilib. Nəticədə Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə başlayıb. Ölkənin yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi göstəricisi artaraq 51 faizdən 95 faizə çatdırılıb. Oğuz-Qəbələ-Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.

Son 16 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş aparılıb. Ölkədə bütün çadır düşərgələri və "fin evləri”ndən ibarət qəsəbələr ləğv edilib, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri xüsusi qayğı ilə əhatə olunub. Onlara dövlət hesabına 5500-dən çox mənzil, 6 mindən çox minik avtomobili verilib.
Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. Bu il sentyabrın 1-dən etibarən pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb. Dövlət qulluqçularının, hüquq- mühafizə orqanlarının işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb.
Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistem şəklində birləşdirən "ASAN xidmət” və DOST Azərbaycanın brendlərinə çevrilib.

Emil NƏSİRLİ
Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının eksperti (WOSCO, Almaniya)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az