Kapitan qazimizdən bir suala ETİRAZ: "Harda yaralanmısan?"

Kapitan qazimizdən bir suala ETİRAZ:

Kapitan Fərhad Əyyubov- Silahlı Qüvvələrimizin zabiti olub. Döyüş tapşırığını yerinə yetirərkən sağlamlığını itirib. 

"Sizlərdən bir QARABAĞ QAZİSİ kimi bu fikirlərimə münasibət bildirməyinizi və ən önəmlisi mümkün qədər PAYLAŞMAĞINIZI xahiş edirəm. Bu yazını yazmaq inanın mənə heç də xoş deyil, ancaq bəzi hallarda çox pis olduğumu nəzərə alıb bu mövzuya müraciət etdim. Öncəliklə vurğulamaq istəyirəm ki, haqqında söz açacağım bu problem mənim kimi bir çox QARABAĞ QAZİSİ olan qardaşlarımızın qarşısına çıxır"-deyə Miq.Az əməkdaşı ilə söhbətində qazimiz kapitan Fərhad Əyyubov danışır.

Kapitan qazimiz deyir ki, onu narahat edən məsələ müəyyən tədbirlərdə bəzi insanlarla dialoqu zamanı ona ünvanlanan bəzi suallar olur: 

"Qardaş, Qarabağ əlilisiniz?" sualına "bəli" cavabını verirəm. Daha sonra üzümə baxır və yaş etibarı ilə birinci Qarabağ müharibəsində olmadığımı müəyyən edir və ikinci sualını -
"Aprel döyüşlərində, yoxsa bu müharibədə?"-deyə müraciət edir. 

"Çox təəssüf ki, heç birində" -deyə cavab verirəm. Hiss edirsən ki, müəyyən qədər sifətindəki mimika dəyişir və əhəmiyyətsiz bir ifadə ilə üçüncü və ən nifrət etdiyim sualı verir:
"Bəs, harda olmusunuz ki? Başqa müharibə də olub?"-deyə kapitan Əyyubov bəzi insanların hərbi savadsızlığından giley edir.

Fərhad Əyyubov bildirir ki, döyüş tapşırığını yerinə yetirərkən yaralanması ilə bağlı verdiyi izahdan sonra qarşı tərəfin reaksiyasından da savadsız olduğu aydın görünür:

"Deyirəm ki, döyüş tapşırığını yerinə yetirərkən yaralanmışam və izah verirəm. Baxıram ki, bu cavab onu o qədər də təmin etmədi.  Özümdən asılı deyil, o suallardan qaça bilmirəm. İzah etsəm də, başa sala bilmirəm bəzi insanları. Bəzən əhəmiyyətsiz insan olduğunu düşünürlər və bu mənə çox pis təsir edir."- deyə Fərhad Əyyubov bildirir.

Qazi qardaşımız bu tip insanlara müraciət edərək bildirir ki, hərb elmini bilməmək günah deyil. Heç olmasa, bilmədiklərinizi soruşun və düzgün nəticə çıxarın:

 "Unutmayaq indiyə qədər bu torpaq uğrunda çox qanlar tökülüb, düşünürəm ki, bəzi insanlar vətəni müdafiə etməyin nə olduğunu bəlkə hələ də dərk etmir."-deyə bildirir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az