Kəsilən ağaclarla bağlı ziddiyət – Nazirlik ağacların quruduğunu, sakinlər isə cavan olduğunu iddia edir - FOTOLAR

Kəsilən ağaclarla bağlı ziddiyət – Nazirlik ağacların quruduğunu, sakinlər isə cavan olduğunu iddia edir - FOTOLAR
Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində, 6-8 nömrəli binaların qarşısında kəsilən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Cebhe.info-ya açıqlama verib. 

R.Mirzəyev bildirib ki, bu məsələ ilə əlaqədar olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiziya Birliyinə müraciət edib: 

"Bu müraciətlə bağlı mütəxəssis baxışı keçirilib. Müəyyən  olunub ki, 6 saylı binanın arxa tərəfində 4 süd, 2 sərv ağacı və 1 aşmış vəziyyətdə sərv ağacı var. Iki söyüd və qarağat ağacının qurumuş budaqları var. Bununla bağlı müvafiq qaydada rəy verilib ki, 2 aşmış sərv ağacı kəsilsin”.

R.Mirzəyev bildirib ki, digər qurumuş ağaclar da kəsiləcək. Qeyd olunub ki, rəy  yeni yaşıllığın salınması şərti ilə verilib.

R.Mirzəyev deyib ki, Bakı küləkli şəhərdir, bu səbəbdən bəzi ağaclarda quruma prosesi gedir: "Ağac aşıb hansısa fəsad törədəndə birinci növbədə Ekologiya Və Təbii Sərvətlər Nazirliyi yada düşür. Halbuki, mülkiyyətçi də məsuliyyət daşıyır”. 

R.Mirzəyev vurğulayıb ki, bu ağaclar kəsildikdən sonra mart ayınadək yerində yeni ağaclar əkiləcək, yaşıllıq salınacaq. Burda hər hansı obyektin tikintisindən söhbət gedə bilməz. 

Qeyd edək ki, bu gün səhər saatlarında Nəsimi rayonu, Hüseynbala Əliyev 5 küçəsində yaşayan sakinlər 6-8 nömrəli binaların qarşısında ağacların kəsilməsi ilə bağlı bizə şikayət ünvanlamışdır. Məlumatı aldıqdan dərhal sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevlə əlaqə saxladıq. R.Mirzəyev nahardan sonra suallarımızı cavablandıracağını, məsələnin araşdırılacağını dedi.

Hər iki tərəfin cavabını aldıq, ortada isə bir ziddiyyət var. Sakinlər ağacların cavan olduğunu, nazirlik rəsmisi isə quruduğunu iddia edir. Digər ziddiyət isə kəsilən ağacların sayı ilə bağlıdır. Fotolardan da aydın olur ki, hadisə yerində 4-5 ağac kəsilib. Nazirlik isə iddia edir ki, yalnız iki ağac kəsilib, digər qurumuş ağaclar isə kəsiləcək. 

Şikayətçilərin yolladığı bu fotoları yenidən yayımlayırıq:
 
 








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az