“Kişi üçün ehtiyat aerodrom” vacibdir

“Kişi üçün ehtiyat aerodrom” vacibdir

Mahir Qabiloğlu

Maşınımın beş təkəri var. Dördü hər gün üstündədir. Biri ehtiyatda. Mıx batsa, dəyişdirirəm. Mənzil başına, ya da ustaya çatmaq üçün. Maşınımın iki açarı var. Birdən biri itsə, ya sınsa ehtiyat açardan istifadə edirəm.
Bağda qalıram. Qazımız yaxşı gəlir. Qonşular məsləhət gördü ki, balon qazı da al. Soruşdum ki, “Niyə?”. Dedilər ki, ehtiyata. Qaz kəsilsə balondan istifadə elə. İşığımız da yaxşı yanır. Qonşular dedilər ki, generator al. Ehtiyata. Elektrik enerjisi kəsilsə, işə sal,... işığın olsun.Qonşular dedilər ki, böyük su çəni tikdir. Ehtiyata... suyun kəsilsə susuz qalmayasan. Maşınla su alasan. Sovet vaxtı Mina adlı bir iş yoldaşım vardı. Məsləhət verirdi ki, “Mahir, “ehtiyat aerodrom”un olsun. Kişi üçün ehtiyat aerodrom vacibdir”. Soruşurdum ki, “o nə deməkdir, ay Mina xanım?”. Deyirdi ki, “ Bax Mahir, mən ərimdən boşanmışam. Üzümə qırmızı-qırmızı deyir ki, mənim getməyə yerim yoxdur. Mən də məcbur oldum kirayə ev tutdum. Veş-meşimi yığışdırıb evdən çıxdım. Mən kişi oldum, o isə... İndi cavansan. Ehtiyatını da indidən gör. Birdən    arvad səni boğaza yığsa, ayrılmalı olsan    çemodanını yığışdırıb getməyə yerin olsun. Bir “aeroport”dan uçub, o birinə qonasan”.Tərbiyəsiz qadınların ehtiyat variantlarından yazmaq istəmirəm. Özünüz başa düşürsünüz də nə yazacaqdım..?
Güləşçi şagirdlərinə bütün fəndləri öyrədir. Birindən başqa. Onu ehtiyata saxlayır. Birdən şagirdi onu bassa, fəndi işlədib    qalib gəlmək üçün.TQDK-dan üzüağ çıxanlar 10 dənə ixtisas yazır. Birinə ürəyi istəyir, doqquzun isə ehtiyata yazır. “Neujeli, doqquzundan birinə balıma uyğun gəlməyəcək?”- deyərək. Sovet vaxtı nazir təyin edəndə, müavin ya rus olurdu, ya da erməni. Niyə? Ehtiyata. Birdən azərbaycanlı nazir həddini aşsa xəbər versin, “ipini dartsın”. Ata qızını  bulağa göndərir. Qız qapıdan çıxmamış şilləni qoyur qulağının dibinə. Uşaq soruşanda ki, “Ata, niyə vurdun?”. Deyir ki, “ay bala, hər ehtiyata vurdum ki, kuzəni sındırmayasan. Sındırandan sonra çifayda?!”Cavan zabitləri ordudan ehtiyata buraxırlar. Lazım olanda həmən xidmətə çağırmaq üçün.
Futbol və digər idman    növlərində ehtiyata oyunçular olur. Biri zədələnəndə, ya cəzalı olanda yerinə ehtiyat oyunçunu buraxırlar.Misallar çoxdur. Hamısını yazıb başınızı ağrıtmaq istəmirəm. Hamısında əsaslar var. Ehtiyatda olanlar ikinicidir, daha dəqiq desək ikinci dərəcəlidir.    Bir şeyi səhərdən ayırd etmək istəyirəm. Cəmil Həsənli    Milli Şuranın ehtiyat namizədidir, yoxsa real? Məncə Cəmil müəllimə  “ehtiyat namizəd” kəlməsi yaraşmır.Ali təhsil ocaqlarında iki cür təhsil növü var. Əyani və qiyabi. Cəmil müəllim  əyani namizəddir, Rüstəm İbrahimbəyovsa “Milli Şura institutunun qiyabi rektoru”. Yemək - içmək məclislərində tez-tez eşitdiyimiz, əttökən, “dejurnı” bir sağlıq növü var. Deməli təsəvvür edin. Beş-altı nəfər yeyir-içir. Dəm olandan sonra başqa    dostları yadlarına düşür. Zəng edib onunla hal-əhval tuturlar. Hətta badələri növbəylə  telefonun dəstəyinə də toqquşdururlar. Milli Şuranın iclaslarından reportajları, xarici ölkələrlə skayp əlaqələrini  oxuyanda  bu sağlıq yadıma düşür: “Qaldıraq bu badələri ürəyi burda olan, özü burda olmayanların sağlığına”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az