Korrupsiyaya İdarəsinin sahibkarın başına açdığı oyunlar

Korrupsiyaya İdarəsinin sahibkarın başına açdığı oyunlar

"Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Hər bir ölkənin iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu çox böyükdür. Bu baxımdan dövlət sahibkarlığın inkişafı üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Lakin Azərbaycanda iş adamlarının normal fəaliyyət göstərməsi üçün böyük problemlər var. Bu problemlər sırasında ön sırada iş adamlarının şikayət və müraciətlərinə baxılmaması gəlir. Bu da dövlət başçısının apardığı iqtisadi və sosial siyasətin effektliyini aşağı salır.

İş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfovun başına gətirilənləri qəbildən saymaq olar. Sahibkarın dövlət başçısına ünvanladığı müraciətdən görmək olur ki, mütəşəkkil cinayətkar qrup Adil Nəcəfovun 1.5 milyon manat vəsaitini mənimsəyib. Amma həmin şəxslər hələ də azadlıqda gəzir. İş adamının hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərə baxmayaraq, həmin şəxslər barəsində heç bir tədbir görülməyib.

İş adamının Prezident İlham Əliyevə ünvanladığı müraciətdə üzləşdiyi özbaşınalıqlar əksini tapıb:

"Mən uzun müddətdir ki, kiçik sahibkar kimi Bakı şəhərində sərnişin daşıma sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir əngəllərə rast gəlməmişik, həmişə vaxtı-vaxtında dövlətin vergisini ödəyib sərnişin daşıma fəaliyyəti göstərmişik. Lakin bizi Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra problemlərimiz başladı.

"Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri, müqavilə şöbəsinin rəisi Yunis Abdullayev, şöbənin işçiləri Elxan Hüseynov və Mais Usubov marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim külü miqdarda kredit borclarımız yaranmışdır, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb Yunus Abdullayevə, Elxan Hüseynova, Mais Usubova dediyi pulu ödəyək. Çünki avtobusları biz evlərimizi girov qoyaraq almışdıq. Bir neçə marşrutu, o cümlədən 71 nömrəli marşurutu Yunus Abdullayev, 166 və 186 nömrəli marşurutu Mais Usubov və 132 24, 148 və 198 nömrəli marşururtları Elxan Hüseynov ələ keçirərək idarə edirdilər.

"Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri Yunus Abdullayev, Elxan Hüseynov, Mais Usubov qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda maddi ziyan dəymişdir.

Nəticədə mənə vurulan ziyan 1.500.000 manatı keçmişdir. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Onlar mənə evimi də satdırdılar. Bu gün mən ailəmlə kirayədə yaşayıram”.

İş adamı dövlət başçısına etdiyi müraciətdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən şikayətlənir:

"Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə "baxdılar” və heç bir nəticə olmadı. Belə ki, dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək işin bağlanmasını istədi. Əlbətdə mən razı olmadım. Bunlarla "danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə "iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər?

2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum.

Elə həmin İdarəy ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, işin araşdırılması mənə həvalə olunmuşdu. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm”.

İş adamının özünün yazdığı kimi insan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur:
"Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?

Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlardan öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susmuşdur. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maneə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcüd deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir…

Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev o qədər səlahiyyət sahibidir ki, özündən yuxarı Baş Prokuroru saymaya bilir. 30 dəfə məktubla, 6 dəfə teleqramla rəsmi müraciət etməyimə baxmayaraq nəticə yoxdur. İl yarım ərzində 20 dəqiqə qəbul üçün vətəndaşa vaxt ayırmamışdır”.

İş adamının müraciətində bu cümlələr qırmızı xəttlə keçməli və dövlətiin beyin mərkəzləri həyəcan siqnalı olmalıdır:

Əgər Sizdən mənim məsələmin həlli üçün ümidverici bir cavab almasam, o halda mən ölkə daxilindəki ədalət axtarışım puça çıxar. Bundan sonra mənim tək bir yolum qalır. Ya beynəlxalq təşkilatlara və nüfuzlu dövlətlərə müraciət etməklə onlardan ədalətin və insan hüquqlarının necə qorunması və ona necə nail olmasının dərsini onlardan öyrənəm, ya da Sizin həmin güc idarələrinizdən bir silah alıb məsələmi dədə-baba qaydası üsulu ilə həll edəm”.

Göründüyü kimi iş adamı üzləşdiyi özbaşınalığa görə fəryad edir. Təəssüf ki, iş adamının şikayətlərinə hələki müsbət cavab verilmir. Halbuki Adil Nəcəfov başına gətirilən cinayət hadisəsi ilə bağlı bütün dəlil-sübutları da hüquq-mühafizə orqanlarına təqdim edib…

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az